Ehsan xan Kəlbəli xan oğlu Naxçıvanski () — Rusiya imperiyası ordusnun polkovniki. Ehsan xan Kəngərlinin nəvəsi, Kəlbəli xan Naxçıvanskinin oğlu, Hüseyn xan Naxçıvanski və Cəfərqulu xan Naxçıvanskinin qardaşı.
Fəaliyyəti II Ehsan xan 14 iyul 1855-ci ildə Naxçıvan şəhərində general-mayor II Kalbalı xan Naxçıvanskinin ailəsində anadan olmuşdur. Ailədə üçüncü övlad olsa da, oğlanların ən böyüyü olan II Ehsan xan 12 yaşınadək Naxçıvanda təhsil almış, 1867-ci il iyulun 31-də Sankt-Peterburqdakı Paj korpusunda oxumağa getmişdir. 3 sentyabr 1868-ci ildən 31 may 1873-cü ilədək Paj korpusunda təhsil almışdır. O, Paj korpusunu əla qiymətlərlə bitirmiş və birinci dərəcə almışdır.
10 sentyabr 1873-cü ildə II Ehsan xan Əlahəzrət çarın Sankt-Peterburqdakı Ulan (nizəli süvari əsgər) polkunun saray qvardiyasının korneti (süvari hissədə kiçik zabit) olmuşdur. II Ehsan xana 4 aprel 1876-cı ildən poruçik (zabit) rütbəsi verilmişdir. 1877–1878-ci illərdə Rusiya-Türkiyə müharibəsi başlayanda onu Qafqaza ezam edirlər. 16 may 1877-ci ildə Sameba yüksəkliyinə hücum vaxtı Kintrişi çayının ətrafinda gedən şiddətli döyüşlərdə II Ehsan xan sol çiynindən yaralanır. Bu döyüşdə göstərdiyi hünərə görə 22 yaşlı zabit IV dərəcəli "Müqəddəs Vladimir ordeni" ilə (bantla və qılınclarla birlikdə) təltif olunur. 16 aprel 1878-ci ildə ştabs-rotmistr (süvari zabiti) hərbi rütbəsi alır.
O, 1879-cu ilin 11 oktyabrında süvari ordunun mayoru kimi hərbi xidmətini davam etdirir. Həmin ilin 12 oktyabrında o, Baş qərargahın nəzdində fəaliyyət göstərən Nikolayevski Akademiyasına daxil olur. Amma 1880-ci ilin 28 noyabrında öz arzusu ilə general M. D. Skobelevin Axal-təkəyə yürüşə hazırlaşan ekspedisiyasına ezamiyyətə göndərilir və ağır kontuziya almışdır.
II Ehsan xan 15 fevral 1884-cü ildən 1 iyun 1887-ci ilədək Gürcüstanda 16-cı qrenader (seçmə əsgərlər) minqrel polkunda hərbi xidmətini davam etdirir. 6 may 1884-cü ildə ona podpolkovnik rütbəsi verilir. Çarın əmri ilə 1887-ci il 1 iyulda xəstəliyinə görə polkovnik rütbəsində ordudan tərxis olunur və ona yüksək təqaüd təyin edilir.
O, təxminən, 1894-cü ildə vəfat etmişdir. Qardaşları Cəfərqulu xan, Rəhim xan və Hüseyn xan, əmiləri və ağsaqqalları süvari generalı İsmayıl xanın rəhbərliyi ilə onun cənazəsini gətirib Naxçıvandakı İmamzadə kompleksindəki Xan sərdabəsində dəfn etmişlər.
Təltifləri 3 iyul 1878-ci ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni (bantla və qılınclarla birlikdə), 9 iyul 1878-ci ildə üzərində "İgidliyə görə" yazılan 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni, 11 iyun 1879-cu ildə "Rumıniyanın Dəmir Xaçı" ilə təltif edilmişdir.
Naxçıvanskilər
Həmçinin bax Naxçıvanskilər Ehsan xan Naxçıvanski Kəlbəli xan Naxçıvanski Hüseyn xan Naxçıvanski Cəmşid Naxçıvanski
İstinadlar
Kateqoriya:Naxçıvanskilər Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Azərbaycanlı polkovniklər