220px|thumb|Şimali Amerika xəritəsi thumbnail|250px|Dünya xəritəsındə Şimali Amerika thumb|300px|Şimali Amerikada yad olan millətlərin və yaxud da, gəlmələrin 1750-ci ildən 2008-ci ilə qədər olan tarixi thumb|250px|Şimali Amerikanın kosmosdan görünüşü thumb|thumb|Şimali Amerika xalqlarının danışdığı dillər

Amerika mədəniyyəti haqqında ilkin təsəvvürlər adətən müasir mədəni nailiyyətlərlə əlaqədar olsa da, bu ölkənin qədim və orta əsrlərini əhatə edən bir sivilizasiya mövcud olmuşdur. 28–30 min il əvvəl ilk dəfə olaraq müasir tipli insanlar Alyaska və Çukotka arasındakı Berinqiya adlanan quru körpüdə məskunlaşmışdırlar. Məhz bu dövrdən Amerika mədəniyyətinin tarixi başlayır. Müasir elm hesab edir ki, bu qitənin ilk sakinləri genetik cəhətlərinə görə protomonqoloid, yaxud protoasiya qrupuna mənsub olmuş Altay, fin-uqor, Tibet xalqlarına daha yaxındırlar. Özünün təsdiqini tapmış bu fikirlər linqvistik və antropoloji əlamətlərə əsaslandırılmaqdadır. Avropalılar tərəfindən Amerika qitəsinin kəşfi və işğalı digər çoxsaylı xalqların həmin ərazidə məskunlaşması ilə nəticələndi. Bunların ümumi sayı təxminən 15–20 milyona bərabər idi. İlk dəniz səyyahlarının səhvən Hindistan torpağı kimi başa düşdükləri bu qitənin sakinləri XVI əsrdən "hindular" adlandırılmağa başlandı. Bu dövrdə qitənin müxtəlif hissələrində məskunlaşmış sakinlərin inkişaf səviyyəsi bir-birindən fərqli idi. Avropalılar amerikanı yeni dünya olaraq adlandırırdılar.

Amerika hinduları Qitənin şimal hissəsində məskunlaşmış tayfa və xalqlar ibtidai yaşayış səviyyəsində idi. Texas, Nevada, Kaliforniyada (Lyüisvill, Tyul-Sprinqs, Santa-Ros adası), Sandia rayonunda (b.e.ə. 25–15-ci minillik) od və daş silahları ilə davranmağı bacaran yığıcılıq və ovçuluqla məşğul olanların düşərgələri tapılmışdır. Arizona və Nyu-Meksikada tapılmış ilk kənd təsərrüfatı qəsəbələrinin tarixinin b.e.ə. VII–VI minilliyə aid olması sübuta yetirilir. XVI əsrdə Şimali Amerika xalqlarının inkişaf səviyyəsi yekcins deyildi: ibtidai icma cəmiyyətinin ayrı-ayrı inkişaf səviyyələrində yaşayan bu xalqları məskunlaşdıqları yerlərə, ərazilərə görə bir neçə qrupa bölmək olar: birinciyə Arktika zonasına aid ovçu və balıqçılar – aleut və eskimoslar (hinduca: çiy ət yeyən) daxil idi. Bu ərazidə yaşayanların başlıca məqsədi yaşamaq üçün mübarizə aparmaq idi. Bu məqsədin reallaşdırılmasına yönəldilmiş özünəməxsus təsərrüfat-mədəni tip formalaşmışdı. Bu tip mürəkkəb iqlim şəraitinə uyğun təşəkkül taparaq dəniz heyvanlarının, maral, sığın, quşların ovlanması, balıqçılıq, meyvə və müxtəlif ot bitkilərinin yığılması kimi peşələrdə təzahür edirdi. Dəri və ya qabıqla örtülmüş yaşayış yerləri yayda, iqlular (buz komalar) isə qışda sakinləri soyuqdan və pis havadan qoruyurdu. İki laydan ibarət dəri geyim (geyimin içi və səthi dəridən ibarət olur). Dəridən tikilmiş uzunboğaz çəkmələr, balıq dərisindən plaşlar, tozağacından şlyapalar arktika adamının geyimi idi. Bu ərazinin sakinləri bədii yaradıcılığa da biganə deyildilər. Bu yaradıcılıq mahnı, rəqs, ağac üzərindəki oyma, geyim ornamentlərində və s. təzahür tapırdı. Arktika qrupuna Kanadanın şimali meşəlik hissələrinin və Sakit okean sakillərinin şimali-qərb hissəsindəki sakinləri (tlinkit, xayda və s.) də aid edilirdi. Burada məskunlaşmışların həyat tərzi ilə əvvəlkilərin müəyyən yaxınlığı da var idi: məşğuliyyət növü, istifadə edilən əmək alətləri (yay-kaman, ox, harpun, tələ, balıq tutmaq üçün xüsusi çəngəl aləti), yaşayış məskənlər və s. Alqonkinlərin karkası ağacdan, üzəri tozağacı qabığı və ya dərilə örtülən konus formalı tikililəri də (viqvamlar) mühüm yer tuturdu.

Hindular qış mövsümü üçün dəridən, yay üçün isə zamşdan (yumşaq maral dərisi) geyimlər hazırlayırdılar. Əsas geyim köynək (kişilər üçün dizdən aşağı, qadınlar üçün topuğa qədər) və tuman hesab edilirdi. Bu geyimlər mokasina adlanan çəkmələrlə geyinilirdi. Başı və əlləri qışda soyuqdan, yayda isə, həşəratlardan qorumaq üçün kapyuşon adlı üst geyim ilə örtürdülər. Şimal-qərb rayonlarının sakinləri dəridən hazırlanmış geyimlərə dağ keçilərinin yunundan istehsal olunmuş parçalar da əlavə edirdi. Tlinkitlərin parçadan xüsusi naxışlarla bəzədilmiş çiyinlikləri fəxr hesab edilirdi. Geyimlər saçaqlarla, maral tükləri, dəniz balıqqulaqlarından hazırlanmış rəngarəng naxışlarla bəzədilirdi. Meşə hinduları nadir balıq sümüklərindən düzəldilmiş boyunbağıları, molyuskadan çıxarılmış çəhrayı və yaşıl incilərdən ibarət sırğaları, sidr ağacının təmizlənmiş köklərinin hörüklərindən, tülkü quyruğu və qartal lələklərindən hazırlanmış baş örtüklərini istifadə edirdilər. Onlar öz sifət və bədənlərini tatuirovka ilə bəzəyirdilər. Zəngin qadınlar alt dodaqlarından ziynət əşyası taxırdılar ki, bu qeyri-adi şəkildə zərif və incə görünürdü. Qeyd etmək lazımdır ki, bu xalq ağac üzərində işləmə sahəsində şöhrət tapmışdır. Belə ki, onlar ağacdan müxtəlif məişət ləvazimatları (qaşıq, qablar, boşqab), rituallar üçün əşyalar – qalxan, döyüşlər üçün dəbilqə maska, şamanlar üçün əsa, totem maska və dirəklər hazırlayırdılar. Bunlar sehrə malik olan müqəddəs əşyalar kimi dərk olunurdu. Dəbilqə insanın daxili, mənəvi gücü, şəxsi ləyaqətinin təzahürü kimi başa düşülürdü. Qalxan öz sahibinə xoşbəxtlik və müvəffəqiyyət gətirən qüvvə kimi dərk edilirdisə, şamanın əsası ona ruhi aləmə daxil olmaq üçün qüvvə gətirir və bu əşya vasitəsilə ruhları çağırmaq mümkün idi. Maska əcdad və ya fövqəltəbii qüvvələrin təzahürü kimi dərk edilirdi. Müxtəlif heyvanların rəmzi fiqurları tayfanın totemləri hesab edilirdi. Çox zaman bu fiqurların incə və zərif işlənməsi, bəzədilməsi yüksək bədii səviyyə ilə izah edilir. Qumdaşından hazırlanmış yonucu alət və akula dərisinin hissələrindən polirovka zamanı istifadə olunurdu. Tlinkitlər qurğuşundan müxtəlif bəzək və ziynət əşyalarının hazırlanmasında məşhur idilər. Soyuq döymə üslubunu tətbiq edərək ustalar sırğa, üzük, qolbaq, boyunbağı kimi əşyalar düzəldirdilər. Şimali Kanada, Sakit okean sahillərinin şimalında məskunlaşmış sakinlər qəbilə inkişafı səviyyəsində olduğu halda şimal-qərb hinduları artıq quldarlıq çağında idilər. Kaliforniya hindularına şoşon, penut, xoka, yeukilər və d. aid idi. Bu tayfalar ya rütubətli və yumşaq, ya da isti və quru iqlimi olan meşə rayonlarında məskunlaşmışlar. Onların başlıca məşğuliyyəti – qoz, meyvə, yabanı bitkilərin toxum və köklərinin yığımı idi. Ovçuluq və balıqçılıq bu yığıcılıq işini tamamlayırdı. Qida axtarışı ailələrin köçəri həyat sürməsinə əsas səbəb idi. Ağac budaqları və otlardan hörülmüş örtüklər bu insanları günəş şüalarından, qazma komalar isə qış küləyindən qoruyurdu. Hər bir düşərgənin əsas tərkib hissələrini hamam, buxarxana təşkil edirdi. Dulusçuluq sənətinə yiyələnmədən, kaliforniyalılar spiralvari toxumanın qədim texnikasını tətbiq edərək çox gözəl səbətlər hörürdülər. Söyüd ağacının köklərindən sındırılmış çubuqlarını və ya qırmızı ağacın budaqlarını təmizləyərək hörmə formasına salınaraq sümük və ya taxta iynələr ilə tikilirdi. Bunları qəhvəyi-qırmızı və ağ rənglərin vəhdətilə ikirəngli ornamentlərlə bəzəyirdilər. Toxunma o qədər sıx və möhkəm idi ki, hətta suyu belə özünə buraxmırdı. Bu cür səbətlərdə hətta qida hazırlanırdı. Od üzərində möhkəm qızdırılmış daşlar içi su ilə dolu səbətlərə xüsusi maqqaşlarla qoyulurdu. Soyumuş daşları yeniləri ilə əvəz edirdilər. Məhz, bu cəhətə görə kaliforniyalıları "daşbişirənlər" də adlandırırdılar. Kaliforniyalı hindular tikişi bacarmadıqlarına görə çox yüngül geyinirdilər: kişilər maral dərisindən hazırlanmış yan sarğılardan, qadınlar isə ağac qabığı, lifindən qısa yubkalar geyinirdilər. Yalnız ağsaqqallar, xüsusi hallarda quş lələklərindən hazırlanmış plaşlar geyinmək hüququna malik idilər. Kaliforniyalı hindular Şimali Amerikanın qədim sakinlərinin daha primitiv qrupuna məxsus idilər.

Şimali Amerikanın Şərq vilayətlərində yaşayanlar Şimali Amerikanın şərq vilayətlərində yaşayan irokez, delavarlar, magikan, mosgen tayfaları Missisipidən başlamış Atlantik okeanına qədərki meşəliklərdə məskunlaşmışlar. Onlar oturaq həyat tərzi keçirirdilər. Bu tayfalar ovçuluq, balıqçılıq, yığıcılıq məşğuliyyəti ilə yanaşı, kərkiçiliklə də (bostançılıq) məşğul olurdular. Qitədə torpaq təsərrüfatının təşəkkülü hələ b.e.ə. 6500–1500-cü illərdə baş vermişdir. Təsərrüfatçılar lobya, yunan qabağı, qarğıdalı, günəşəbaxan, balqabağ, qarpız yetişdirməklə məşğul olurdular. Onların qidasına yırtıcılar istisna olmaqla digər vəhşi heyvanların əti, meşənin yeməli bitkiləri və s. daxil idi. Sevimli şirniyyat növləri ağcaqayın şirəsindəki patka (tam şəkərləşməmiş nişastadan ibarət qəliz maddə) və şəkər idi. Bunlardan kefləndirici içkilər hazırlanırdı. Qoz və ayı yağı kimi məhsullardan da istifadə olunurdu. Şərq vilayətlərinin sakinləri sənətkarlıqları ilə şöhrət tapmışdılar: lələklər, hörmə, dulusçuluq, toxuculuqla məşğul olan sənətkarlar başlıca yer tuturdu. Parçaları sənətkarlar gicitkən, oduncaq qabığı, hind toyuğunun lələkləri və ya tükündən hazırlayırdılar. Ən maraqlısı isə bu sənətkarların tozağacının qabığı ilə işləmək ustalığı idi. Bundan səbət, maye məhsullarını saxlamaq üçün xüsusi qablar, mücrülər hazırlamaqla yanaşı, kanoe (yüngül idman qayığı) və kağız da istehsal olunurdu. Məhsullar üzərinə həkk olunmuş piktoqrafik yazılar yazının təşəkkülündən xəbər verir. Bu cür yazı xronikasına "gerçək rəngkarlıq" mənasını verən "Valam olum" yazısı aiddir. Mürəkkəb informasiya verən əşyalardan biri də vampum adlanan bel toqqaları idi. Bu toqqalar qiymətli, dəyərli mal sayılırdı. Toqqanın xüsusi məsamələrində rəsmi sənədlər qeydə alınırdı. Belə sənədlərdən biri 1682-ci ildə hindular ilə Şimali Amerikada ingilis müstəmləkəsinin əsasını qoyan Vilyam Pennon ilə torpaq haqqındakı saziş idi ki, bu indiyə qədər saxlanılmaqdadır. Ərazinin qonaqpərvər və əliaçıq əkinçiləri yeri gələndə irokezlər liqasına uyğun intizam və nizamlı, məğlubedilməz əsgərlərdən ibarət bir ordu yarada bilərdilər. Onlar özlərini "uzun evin adamları" adlandırırdılar. Çünki irokezlər 100 adamı tutan və çox otaqdan ibarət qabıqdan tikilmiş evlərdə yaşayırdılar. Amerikalılar irokezlərlə fəxr edirdilər.

Bu tayfalarda qadının cəmiyyətdəki rolu və statusuna yüksək qiymət verilirdi, xüsusilə, qadının ana olması ən şərəfli hadisə kimi dəyərləndirilirdi. Qadını təhqir və ya töhmət etmək, təbiətin, həyatın özünə qarşı çıxış etmək kimi qarşılanırdı. Ona görə də ailədə əsas icraçı sima qadın hesab edilirdi. Məhz icraçı qadın və analar şurası qəbilənin hərbi ağsaqqalını seçirdi. Birlikdə onlar tayfanın şurasını təşkil edirdilər.

Böyük Düzənlik hinduları Şimali Amerikada məskunlaşmış Böyük Düzənlik (preriya, yəni çöl, düz) hinduları – appaçilər, navaxo, komançe və digərlər avropalıların yaddaşına canilər kimi həkk olunmuşdur. Xüsusilə onların döyüş zamanı sifətlərinin rənglənməsi, əllərində saçı ilə birgə insanın baş dərisinin çıxarılması onların qəddar olması təsəvvürünü yaradırdı. Preriya sakinlərinin piylə qarışdırılmış boyalardan hazırlanmış qarışığın dəriyə çəkilməsi adətən çox geniş yayılmışdı. Bu təkcə insanın bəzədilməsini deyil, həm də qoruyuculuq funksiyasını yerinə yetirirdi. Rənglərə boyanmış bədən guya müvəffəqiyyət qazana biləcəyi inamı təlqin edir, digər tərəfdən isə, bədən zəhərli təsirlərdən qorunurdu. Bu həm də hindunun qəbiləsi, tayfası, sosial mənsubiyyəti, habelə şəxsi keyfiyyətləri haqqında da məlumat verirdi. Hərbi rənglənmə döyüş zamanı həm düşməni, həm də bəd, şər ruhları qorxutmaq məqsədinə qulluq edirdi. Qırmızı rəngə daha çox üstünlük verildiyindən hindular "qırmızıdərilər" kimi də adlandırılır.

Döyüş zamanı bu hinduların düşmənin saçı ilə baş dərisinin soyulub ələ götürülməsi hərbi vuruşun əsas məqamlarından hesab edilirdi. Hinduların təsəvvürünə görə düşmənin saçı ilə birgə baş dərisinin soyulması malik qüvvəyə, sehrə malik idi. Bununla guya onlar özlərinə sağlamlıq, mənəvi ruh və güc qazanırdılar. Qətlə yetirilmiş düşmən nə qədər güclü, qiymətli olarsa, magik, sehrli qüvvə də bir o qədər dəyərli, güclü hesab edilirdi.