thumb|Yalançı çobanın nağılı Azərbaycan folkloru — kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan ədəbiyyatdır. Qədimlikdən, tarixdən xəbər verməklə yanaşı Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətdir.

Zəngin Azərbaycan şifahi xalq ədəbiyyati dünyanın digər xalqlarının folkloru arasında özünəməxsus yer tutur. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq Azərbaycan ədəbiyyatının da əsasını qoyub.

Azərbaycanlıların zəngin bir şifahi ədəbiyyatı var. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin — folk -xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır.

Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan ağıza keçərək yaşamış və zənginləşmişdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücün parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.

Bu hislərin ilk nümunələri isə əmək nəğmələridir. Folklorun digər formaları – nağıllar, dastanlar, hikmətli sözləri və s. nümunələrdir. Şifahi xalq ədəbiyyatı kollektiv yaradıcılıq olduğu üçün xalqın çox hissəsinin arzu və istəklərini, müxtəlif hadisələrə münasibətini, tərbiyəvi görüşlərini özündə əks etdirir.

Şifahi xalq ədəbiyyatının qələmə alınması – təkcə Azərbaycan ədəbiyyatı üçün yox, bir çox başqa elmlərin tarix, coğrafiya, etnoqrafiya və s. inkişafı üçün də böyük rol oynayıb. Məlumdur ki, Azərbaycan xalqının dili türk dillərindən biridir və təbidir ki, qədim türk xalqlarının yaratdığı dastanların süjetləri, motivləri Azərbaycan şifahi xalq ədəbiyyatında da geniş şəkildə öz əksini tapıb

Azərbaycan mifologiyası Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Mifoloji-bədii dünyagörüşün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir. Azərbaycan mifologiyası qədim hind, qədim yunan mifologiyası qədər sistemli və bütöv xarakter daşımır. Ancaq Azərbaycan folklorunqda Azərbaycan mifologiyasının izlərini aşkar etmək mümkündür. Bunlar daha çox kosmoqonik və mövsümi, eləcə də etnoqonik miflərin müəyyən detallarını özündə daşımaqdadır. İnsan cəmiyyətinin ilkin formalaşma dövrünün bədii təfəkkür məhsulları olan bu mifik ünsürlərdə kosmosla xaos, yəni dünya düzəni ilə qarmaqarışıqlıq, nizamsızlıq, dünya düzəninin bu nizamsızlıqdan yaranması və eyni münasibətlərin insan cəmiyyətində əks olunması özünə yer tapmışdır. Mifik dünyagörüşündə insan cəmiyyətində kosmos, yəni əksər insanlar tərəfindən qəbul edilmiş qayda-qanunlar toplusu əsas etibarilə cəmiyyətin aparıcı nizamını – ailə, məişət, insanla təbiət arasında qarşılıqlı anlaşma proseslərini əhatə edir. Mifoloji dünyagörüşünün ayrı-ayrı ünsürləri indiyə qədər folklorun ovsun, alqış, qarğış, rəvayət, qodu və sayaçı mərasimi ilə ilgili mətnlərdə qorunub saxlanmışdır. Azərbaycan mifoloji mətnlərinin əksəriyyətində qədim türk mifoloji düşüncəsi aparıcı motiv kimi çıxış edir. Bunu istər dünyanın yaranması ilə bağlı olan kosmoqonik miflərdə, istər etnosun mənşəyi ilə bağlı olan etnoqonik miflərdə, istərsə də mövsümi proseslərlə əlaqədar olan təqvim miflərində görmək mümkündür. Mifoloji mətnlərin yaranması və onların folklor mətnlərində ünsürlər şəklində qorunub saxlanması ibtidai insanın təbiətə və təbiət qüvvələrinə baxışı ilə sıx əlaqədardır. Söz, hərəkət və oyun vasitəsilə təbiət qüvvələrinə təsir göstərmək arzusu ibtidai insanda mifoloi mətnləri yaratmaq və ifa etmək ehtiyacı doğurmuşdur. Bunların sırasında "Kosa-Kosa", "Qodu-Qodu", "Novruz", "Xıdır Nəbi" və b. mərasim nəğmələrini və bunları müşayiət edən rəqsləri göstərmək olar.

Ortaq türk folkloru

Azərbaycan folklorunun özəlliklərindən birini – onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini və o cümlədən türk xalqlarının vahid bir kökə bağlılığını göstərir. Qədim türk ədəbiyyatına aid olan dastanlar arasında "Oğuznamə"lər xüsusi bir silsilə təşkil edir. "Köç", "Ergenekon", "Şu", "Qayıdış" kimi dastanlarda isə bütöv şəkildə prototürklərin mühüm problemləri öz bədii-mifoloji əksini tapmışdır. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Kaşğarlı Mahmudun "Divanü Lüğat-it-Türk" ("Türk dilinin divanı") əsərində öz əksini tapmışdır. Bu dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü özündə saxlamaqdadır.

Azərbaycan folkloru janr zənginliyi Azərbaycan folkloru janr zənginliyinə malikdir. Həyatı əks etdirmə baxımından lirik, epik və drammatik növləri vardır. Bu ədəbi növlərin hər birinə məxsus janrlar yaranmış, zaman-zaman zənginləşmişdir. Lirik və epik folklor nümunələri daha geniş yayılmışdır. Müxtəlif ədəbi növlərin janrlarında folklora xas olan ortaq cəhətlərlə yanaşı, məzmun və forma baxımından fərqli xüsusiyyətlər də vardır. Epik folklor janrlarından nağıl, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir. Lirik janrlardan bayatılarda xalq həyatının və məişətinin müxtəlif tərəfləri bədii-emosional şəkildə əks olunmuşdur. Qədim türk xalqlarının özünəməxsus poeziyası olmuş və bu poeziya türklərin milli vəzni olan heca və ya "barmaq" vəznində yaradılmışdır. Müxtəlif şeir şəkillərində heacaların sayı müxtəlif olsa da, epik süjetli uzun şeirlər və dastanlar əsas etibarilə yeddihecalıq formada yaradılmışdır. Bu cür şeirlər insanın yaddaşında daha yaxşı qorunub saxlanır. Azərbaycan folklorunun ən zəngin janrlarından olan bayatıların da hər misrası yeddi hecadan ibarət olur.

Folklor janrları arxaik və çağdaş janrlar kimi iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer tutur. Ancaq bu bölgü şərtidir; belə ki, folklor yaranma prosesi bütün tarix boyu getdiyindən, bu janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə olunur.

Lirik növdə bağlı olduğu hadisə və ya proses baxımından ən qədim janr olan nəğmələr müxtəlif növlərə bölünür. Əmək prosesi ilə bağlı olan holavar və sayaçı sözlər, mövsümi proseslərlə bağlı mövsüm nəğmələri, müxtəlif mərasimlərlə bağlı olan toy və yas nəğmələri, qəhrəmanlarla bağlılıq təşkil edən qəhrəmanlıq nəğmələri və son olaraq fərqli məişət münasibətləri zəmnində yaranmış layla və oxşamalar.. Azərbaycan folklorunun ən zəngin janlarından birini də bayatılar təşkil edir. Bayatılar əsasən insanın lirik-fəlsəfi duyğularını yığcam poetik şəkildə ifadə etməyə xidmət göstərir. Bu poetik formanın janr xüsusiyyətlərini qeyd olunan janrlar da əsasən daşıyır — layla, nazlama, ağı, sayaçı sözü, holavar, vəsfi-hal və s. örnəklər. Bundan başqa, bayatı-bağlama, bayatı-deyişmə, bayatı-tapmaca kimi örnəklər də bu poetik formanın daxilində özünə yer tutur. Bayatılar dörd misradan, hər misra yeddi hecadan ibarət olur. Qafiyələnmə sistemi əsasən a-a-b-a şəklindədir. Tarixən türkdilli poeziyada cinasa çox fikir verildiyindən, qafiyələri cinas təşkil edən bayatı örnəkləri də çoxdur. Bayatının forma növlərindən biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda adətən birinci və ikinci misralar əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır.

Geniş yayılmış lirik folklor janrlarından birini də xalq mahnıları təşkil edir. Bunlar konkret musiqi motivinə bağlı olan müxtəlif formalı poetik mətnlərdir. "Aman nənə", "Ay lolo", "Sona bülbüllər", "Süsən sünbül" və s. xalq mahnıları indi də müğənnilərin repertuarında qalmaqdadır. İfa tərzinə görə xalq mahnıları arasında solo, xor və deyişmə-mahnılar seçilir.

Xronoloji baxımdan epik folklor janrlarından əfsanələr ilk öncə nəzərdən keçirilir. Əfsanələri başqa epik janrlardan fərqləndirən başlıca əlamət – onda fantastik element və hadisələrin iştirak etməsidir. Eyni əlamətin daşıyıcısı olan sehrli nağıllardan fərqli olaraq, əfsanələrdə süjet bitkin xarakter daşımayıb, yalnız bir fraqment şəklində olur. Təsvir etdiyi obyekt və hadisənin məzmununa görə Azərbaycan folklorunda əfsanələrin kosmoqonik, zoonimik, toponimik və etnonimik növləri vardır. Ən qədim əfsanələr kainat, dünya və səma cisimlərinin yaranması ilə bağlı olan örnəklərdir. Azərbaycan folklorunun janrları arasında əfsanə və rəvayətlərdən sonra nağıllar epik növün ən geniş yayılmış örnəklərini təşkil edir.

Atalar sözü və məsəllər də Azərbaycan folklorunun epik janrları arasında geniş yayılmışdır. Xalqın uzun əsrlər boyu əldə etdiyi təcrübələrin ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü və məsəllər türk xalqları arasında geniş yayılmış, bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz etmişdir. Bu janrın ilk örnəkləri Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk", "Kitabi-Dədə Qorqud" kimi klassik yazılı abidələrdə özünə yer tapmışdır. Oğuz tayfalarının müdrikliyini ifadə edən xüsusi atalar sözü topluları – "Oğuznamə"lər də Azərbaycan folklorunun qiymətli abidələrindəndir.

Azərbaycan folklorunun dramatik janrları xalq oyunları və meydan tamaşaları ilə təmsil edilmişdir. Bunların ən səciyyəvi örnəyi kimi "Kosa-Kosa" dramını göstərmək olar. İslamın qəbulundan sonra peyğəmbər ailəsinə məxsus müqəddəslərin faciəsi mövzusunda xalq arasında geniş yayılmış şəbihlər də xalq dramlarına daxildir.

Azərbaycan folkloru orta əsrlərdə

Azərbaycan folklorunun inkişaf mərhələləri arasında orta əsrlərin xüsusi yeri vardır. Bu dövrdə – XVI–XVIII yüzilliklərdə dastan janrı xüsusilə geniş inkişaf etmiş, Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi qüdrətli sənətkarlar ərsəyə gəlmişdi. Əsasən irfanla bağlı olan orta əsr məhəbbət dastanları – "Qurbani", "Aşıq Qərib-Şahsənəm", "Əsli-Kərəm", "Abbas-Gülgəz", "Şah İsmayıl-Gülzar", "Tahir-Zöhrə", "Alıxan-Pəri", "Arzu-Qəmbər", qəhrəmanlıq dastanı "Koroğlu" bu dövrün məhsuludur. Məhəbbət dastanlarından fərqli olaraq, "Koroğlu" müxtəlif qolların toplusu olmaqla "Dədə Qorqud" dastanlarının ənənəsini davam etdirir və buna görə də epos adlanır. "Koroğlu" eposunun süjetində konkret tarixi hadisə – XVI–XVII yüzilliklərdə Türkiyə və Azərbaycanda baş vermiş Cəlalilər üsyanı dursa da, formalaşma prosesində abidəyə bir sıra əlavə süjetlər artırılmış, bəzi hallarda mifik motivlərdən də istifadə edilmişdir.

Folklor örnəkləri əsas etibarilə anonim – müəllifsiz olduğundan, konkret müəllifi olan aşıq ədəbiyyatının Azərbaycan folklorunda xüsusi yeri vardır. XVI yüzillikdə əsası qoyulan və dövrümüzə qədər davam edən aşıq sənətinin ən böyük nümyaəndələri "ustad aşıqlar" termini ilə ifadə edilir. Azərbaycan folklorunda ilk ustad aşıq kimi Qurbaninin adı çəkilir. Qurbani Şah İsmayıl Xətaidən (1487–1524) yaşca bir qədər böyük olmuş və onunla müəyyən münasibətləri olmuşdur. Səfəvilərin tarixindən və "Qurbani" dastanından bu xalq sənətkarı haqqında müəyyən məlumatlar almaq mümkündür.

Aşıq sənəti

Aşıq yaradıcılığı xalq ədəbiyyatının mühüm, həm də zəngin hissəsi olub, tarixin çox qədim zamanlarından baş alıb gəlir. Aşıq şeirinin müəllifinin məlum olması onu fərqləndirən əsas cəhətlərdəndir. Qədim dövrlərdə dədə, bəzən də ozan, varsaq adlandırılan aşıqlar yaşadıqları zəmanənin mühüm hadisələrinə yaratdıqları əsərlərdə münasibət bildirmiş, elin-obanın dərdinin, arzu-istəyinin ifadəçisi olmuşdur. Qoşma, gəraylı, bayatı aşıqların daha çox müraciət etdikləri janrlardır.