Abdulla Faizi əd-Dağıstani (Şeyx Abdulla adı ilə tanınır, ) — Şimali Qafqaz əsilli nəqşibəndi təriqətindən olan sufi şeyxi.

Həyatı Dağıstanın Qunib dairəsinin Kikuni kəndində həkim ailəsində dünyaya gəlmişdir. Atası həkim, qardaşı isə Rusiya ordusunda ümumi cərrah idi.

1900-cü illərdə kənd əhalisi Osmanlı dövlətinə köç etdilər. Bursada bir ilə yaxın qaldıqdan sonra, dağıstanlı qaçqınlar ilə birlikdə Güneyköy, Yalovaya köçüb orada özlərinə yeni bir kənd saldılar.

Mənəvi yolda bir nəqşibəndi mürşidi olan dayısı Şərafəddin Dağıstaninin şagirdi olmuşdur. 1910-cu ildə Həlimə xanımla evləndi. 1915-ci ildə Çanaqqalada Osmanlı ordusunda vuruşdu və ağır yaralandı.

1936-cı ildə Şərafəddin Dağıstaninin vəfatından sonra Misirdən başsağlığı istəmək niyyəti ilə Rəşadiyə kəndinə bir heyət gəldi. Heyətdəki şəxslərdən biri Abdulla Dağıstaninin qızı ilə evləndi və Abdulla əfəndi ailəsi ilə birlikdə Misirə köçdü.

Cəmi 6 ay sonra Şeyx Abdulla qızı boşandığı üçün ailəsi ilə birlikdə Suriyaya köçdü. Bir müddət Hələbdə qaldıqdan sonra Xümsə, buradan isə Dəməşqə, Sədiyyə sufi təriqətinin banisi Sadəddin Cibavinin məzarının yaxınlığına köçdü. Nəhayət 1943-cü ildə Dəməşqin yaxınlığındakı Qasiyun dağındakı evdə məskunlaşdı və ömrünün sonunadək burada yaşadı. Bu evi onun ilk suriyalı müridi şeyx Hüseyn İfrini almışdı. Hal-hazırda həmin evdə Şeyx Abdullanın məzarı yerləşir və evin yanında məscid tikilmişdir.

Şeyx Abdulla 30 sentyabr 1973-cü ildə Dəməşqdə vəfat etdi və Qasiyundakı evinin yerində yaradılmış türbədə dəfn edildi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Övliyalar Kateqoriya:Nəqşibəndilik Kateqoriya:Rusiya müsəlmanları Kateqoriya:Türkiyə sufiləri