Soyadların azərbaycan dilinə uyğunlaşdırılması və ya soyadların milliləşdirilməsi — Azərbaycan müstəqil olduqdan sonra irəli sürülən siyasət. 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qərara görə "-ov" "-yev", sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Hazırda ata adı da soyadla birlikdə rəsmi sənədlərdə verilir. Məsələn, Məmməd Bağırovun tam adı "Məmməd Səməd oğlu Bağırov" olur.
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində yaradılmış Xüsusi Komissiya soyadlarla bağlı xüsusi konsepsiya hazırlayaraq Prezident Adminstrasiyasına təqdim edib. Azərbaycan Milli Elmlər Akademiyasının komissiyası dörd variant üzərində dayanıb. Bunlar "-lı", "-li", "-lu", "-lü", "-oğlu" və ikisi bir yerdə "-soy" və "-gil" formasını təklif edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərova görə, 2010-cu ildə Azərbaycanda mövcud olan soyadlar sonluğu 80 faizə qədəri "-ov", "-yev", 10 faizə qədəri "-li", "-lu", "-lü", 10 faizə qədəri isə "-zadə" ilə qurtarır. Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarələri (VVAQİ) keçmiş qanuna əsaslanaraq "-ov", "-yev" yazılmasını məqbul hesab edirlər. Bəzən isə çətinliklər yaratmaqla olsa belə vətəndaşa "-li", "-lu", "-lü" soyadının yazdırmasına imkan verirlər.
Azərbaycanın müstəqilliyindən 1 mart 2022-ci il tarixinə qədər 1 milyon 200 minə yaxın şəxsin soyad sonluğu dəyişdirilib. 2022-ci ilin ilk 2 ayında isə 8 minə yaxın şəxsin soyad sonluğu milliləşdirilib.
Gürcüstanın azərbaycanlı aktivistləri də rus soyadlarından imtina etmək üçün kampaniya başlatmışdır.
Həmçinin bax Ruslaşdırmadan imtina Azərbaycanlılaşdırma
İstinadlar
Kateqoriya:Azərbaycan soyadları Kateqoriya:Azərbaycan milliyyətçiliyi Kateqoriya:Rusofobiya