Loğaz — əsasən xalq satirası ilə bağlı termin. Satirik ruhlu əsərlərdə müəyyən bir hadisənin, yaxud şəxsin bilavasitə onun öz dili ilə lağa qoyulması loğaz adlanır.Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, səh.435-436

"Azərbaycan dilinin izahlı lüğəti"ndə loğaz həm də "istehza", "rişxənd", "masqara", "ələ salma" və "ağzına gələni danışma", "boş-boş danışma", "uydurma, yalan söyləmə" kimi qeyd edilir. "Loğaza qoyulmaq" isə "ələ salınmaq", "masqaraya qoyulmaq" kimi verilir. Məsələn: Moldayı, salmadı el dil boğaza, Eybi yox, gərçi qoyulduq loğaza. (M.Ə.Sabir)

Loğazdan XX əsrin əvvəllərində — satirik şairlərimizin yaradıcılığında xüsusən geniş istifadə edilmişdir. Məsələn, Sabir xalqı geriyə sürükləyənləri, hər vasitə ilə milli intibaha mane olanları onların öz dili ilə ifşa edərək satiralarında loğazın klassik nümunələrini yaratmışdır: Fikr tədris edən əşxası kənar etməliyiz, Hər nasıl olsa, bu bidinləri zar etməliyiz, Ölkədən bunları məcburi-fərar etməliyiz, Tez zamanda vətəni, milləti xar etməliyiz, Böyləcə naili-məqsudü məram olmalıyız, Yaşamaq istər isək sırf əvam olmalıyız.

İstinadlar

Mənbə Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.

Kateqoriya:Ədəbiyyat nəzəriyyəsi