Qarabağ döyüşlərinin xronologiyası — 27 sentyabr 2020-ci ildə başlayan Qarabağ döyüşlərinin günlük hadisələri.
Xronologiya
27 sentyabr
Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Alxanlı, Şükürbəyli və Horadiz şəhəri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Eyni gündə Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası, o cümlədən 12 ədəd "OSA" zenit-raket kompleksi aşkar edilərək məhv edilmişdir. Bundan əlavə Azərbaycan Hərbi Hava Qüvvələri cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurmuş, ekipaj üzvləri isə sağ qalmışdır.
Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmiş, o cümlədən qarşı tərəfin Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər (Gamışdağ və Ömər aşırımı) nəzarətə götürülmüşdür. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi işğaldan azad edilmişdir.
Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla açılmış atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşdur. Azərbaycan mediasının axşam saatlarında verdiyi məlumata görə Azərbaycan Ordusuna məxsus kamikadze tipli uçan pilotsuz aparatlar Ermənistanın işğal etdiyi ərazilərdə yerləşdirdiyi S-300 zenit-raket sistemini məhv etmişdir. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatlarına görə, Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilmiş və bölgədə güclü partlayış baş vermişdir.
Elə həmin gün İran rəsmiləri, qarşıdurmalar nəticəsində bir top mərmisinin Xudafərin şəhristanının Aşağı Xələfbəyli kəndinə tuş gəldiyini, lakin maddi ziyanın dəymədiyini və heç kimsənin xəsarət almadığını bildirmişdir.
28 sentyabr
Bakı vaxtı ilə saat 11:00 radələrində Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib. Bir qədər sonra Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdluların da olduğunu açıqlamışdır.
Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından atəşə tutması nəticəsində Ağdam rayonu, Evoğlu kənd sakini 1979-cu il təvəllüdlü Paşayev Coşqun Ənvər oğlu həlak olmuşdur. Saat 11 radələrində düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon Məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olmuş, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanmışdır. Təxminən saat 13:10-da Azərbaycan Müdafiə Nazirliyi iki erməni tankının Azərbaycan PUA-ları tərəfindən məhv edildiyi görüntülərini yayımlamışdır.
Saat 18 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd sakini, 2006-cı il təvəllüdlü Həziyev Hilal İlqar oğlu kənd ərazisində qoyun otararkən erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində baş nahiyəsindən qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdir. Saat 19 radələrində isə Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olmuş, 1984-cü il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər. Bununla yanaşı, saat 20 radələrində düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb. Mərmi qəlpələri inzibati binanın dəhlizlərinə qədər daxil olmuş, insan tələfatı, xəsarət alan olmasa da, binaya ciddi maddi ziyan dəymişdir.
İşğal altındakı Azərbaycan torpaqlarına gedən mühüm strateji yollardan biri, Azərbaycan Ordusu nəzarəti altında olan Vardenis-Ağdərə yolu da daxil olmaqla bütün döyüş ərazilərində Azersky peyki vasitəsilə monitorinqlər aparılmağa başlamışdır. Təxminən saat 20:40 radələrində, Ermənistan Respublikası Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Universitetinin Komandanlıq və Kadrlar Fakültəsinin rəhbəri Arçrun Ovannisyan "Azərbaycan qüvvələrinin Madagiz-Talış istiqamətində Araz vadisində yeni genişmiqyaslı hücum əməliyyatı başlatdığını" bildirmişdir. Bir müddət sonra, Mihran Poqosyan, Xocavənd yaxınlığında Azərbaycan Ordusuna məxsus təyyarənin düşürülməsi haqqında məlumat vermiş, lakin Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bu fikirləri yalan məlumat və dezinformasiya adlandırmışdır. Saat 21 radələrində təmas xəttində baş tutan bombardman nəticəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan, həmçinin Ermənistan ordusunun daha iki yüksəkrütbəli zabiti, Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və polkovnik Nikolay Mikaeloviç Aykyan ölmüşdür.
Həmin gün İran rəsmiləri, qarşıdurmalar nəticəsində daha iki top mərmisinin ölkənin şimal-qərbində yerləşən Xudafərin şəhristanının Aşağı Xələfbəyli kəndində təsərrüfat sahəsinə tuş gəldiyini, lakin heç kimsənin xəsarət almadığını bildirib.
29 sentyabr Sentyabrın 28-dən 29-na keçən gecə intensiv toqquşmalar bütün cəbhə boyu davam etmiş, erməni qüvvələri dəfələrlə əks-hücuma cəhd göstərsə də Azərbaycan Ordusu tərəfindən müvəffəqiyyətlə dəf edilmişdir. Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulmuş, Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülmüşdür.
Həmin gün 28 sentyabr axşam saatlarında Ermənistan ordusunun cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan Azərbaycanın mülki vətəndaşı, 1981-ci il təvəllüdlü Əsədov Sabit Usub oğlu xəstəxanada vəfat etmişdir.
Səhər saat 07:00–08:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankının məhv edildiyi məlumatını yayımlamışdır. Təxminən yarım saat sonra Vaqif Dərgahlı Azərbaycan Ordusunun azad etdiyi ərazilərinin bir qisminin Ermənistan ordusu tərəfindən guya geri qaytarılması barədə erməni tərəfinin yaydığı xəbərin dezinformasiya olduğunu açıqlamışdır.
Təxminən saat 10:15-də Azərbaycan Müdafiə Nazirliyi iki erməni tankının Azərbaycan PUA-ları tərəfindən məhv edildiyi görüntülərini yayımlayıb. Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü "Martuni" motoatıcı alayı darmadağın edilmişdir. Həmçinin Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edilmişdir. Təxminən saat 11-ə olan məlumata əsasən, Azərbaycan Ordusu Xocavənd rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin "Uraqan" yaylım atəş sistemini sıradan çıxartmışdır.
Vaqif Dərgahlı bildirib ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir. Təxminən saat 12 radələrinə olan məlumata görə Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin zabiti Spartak Köçəryan öldürülmüşdür. Bir qədər sonra keçmiş Ağdərə rayonunun işğal altında olan Köyarx kəndi yaxınlığındakı yüksəklik ətrafında gedən döyüşlərdə Ermənistan ordusunun daha bir tankının məhv edildiyi bildirilmişdir. Həmçinin Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilmişdir. Vaqif Dərgahlı Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən Azərbaycan Ordusunun üzbəüz mövqelərinə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısının alındığını və düşmənin geri çəkilməyə məcbur edildiyini bildirib. Bundan əlavə geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalmışdır. Saat 13 radələrinə olan məlumata görə Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanmışdır.
Saat 12 radələrindən başlayaraq ermənilər kütləvi şəkildə Xankəndi şəhərini tərk etməyə başlayıb. Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, "Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər." Saat 15:30 radələrində Vaqif Dərgahlı açıqlama vermişdir ki, döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-300 zenit raket kompleksi işğal olunmuş ərazilərə daxil olduğu anda məhv ediləcək.
Saat 13 radələrində Ermənistan ordusunun dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdam rayonu, Qaradağlı kəndində tibb məntəqəsinə düşmüş top mərmisinin qəlpələrindən kənd sakini 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu həlak olmuş, məntəqənin binası dağılmış, ərazidəki sakinlər təxliyə edilmişdir.
Saat 16:00 radələrində Azərbaycan Ordusu tərəfindən Ermənistanın daha bir yüksəkrütbəli zabiti olan R. Atabekyan məhv edilmişdir. Saat 16:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun artilleriya bölmələrinin düşmənə sarsıdıcı zərbələr endirdiyini əks etdirən video yayımlamışdır. Bundan 1 saat sonra, Qarabağda yerləşən Ermənistan Silahlı Qüvvələrinin 18-ci motoatıcı diviziyasının 9-cu mexanikləşdirilən piyada alayının artilleriya rəisi polkovnik Artem Poqosyan məhv edilmişdir.