Qüds Mühacir (, “İmmiqrant”) Qüds Aviasiya Sənayesi Şirkəti tərəfindən 1980-ci illərdən dörd əsas variantda istehsal olunan taktiki PUA-dır. Mühacir ailəsi əsasən kəşfiyyat üçün istifadə olunur və ən yetkin və tanınmış İran PUA-ları arasındadır.
“Mohajer-1”
İran və İraq arasındakı qarşıdurmanın pik vəziyyətində İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən İraqdakı mövqeləri izləmək məqsədilə ”Mohajer-1” PUA-larının yaradılmasına başlanıb. Dörd prototip 1981-ci ildə quruldu və əvvəlcə Şalamçekdəki rəqib xətlərinə nəzarət etmək üçün istifadə edildi.
Sonradan “Mohajer-1” adlandırılan bu pilotsuz təyyarə İranın PUA istehsalına atdığı ilk addım idi. “Mohajer-1” müharibənin sonuna qədər İraq qüvvələrinin fotoşəkillərini çəkməyə davam etdi və 619 dəfə havaya qalxdı və 53772 şəkil çəkmişdir. “Mohajer-1” düşmən mövqelərinə hücum etmək üçün 6 ədəd RPQ-7 ilə silahlanaraq həm də İranın ilk zərbə PUA-sı oldu.
Sənədlərin olmaması M1 pilotsuz vasitəsinin qiymətləndirilməsinə ciddi mane olur. M1 dronları ilə bağlı video və foto materialların əksəriyyəti 1990-cı ildə yayımlanan “Mohajer” filmindən əldə edilib. İran hökumətinin müharibə filmləri çəkməsinə münasibətini nəzərə alsaq, PUA-nın xüsusiyyətlərinin kifayət qədər dəqiq olduğunu düşünmək ağlabatan ola bilər.
Onun ölçüsü ABŞ-nin RQ-7 PUA-sına bənzəyir. 3 dayaqlı şassi uçuş və enmə üçün istifadə olunur. Qayıtmaq üçün bir ədəd paraşüt nəzərdə tutulur. Müşahidə üçün, M1 PUA-sının burun hissəsi bir ədəd perspektiv kamera ilə təchiz edilir. Kameranın o dövrün digər İran PUA-larına əsaslandığını nəzərə alsaq, çox güman ki, bu sadə bir kamera idi, yəni M1 qayıtdıqdan sonra onun çəkdiyi fotolenta laboratoriyada emal edilirdi. Bəzi mənbələr bu fotoların real vaxtda ötürülə biləcəyini iddia edir, lakin bu olduqca mübahisəli məsələdir. M 100 MHz-ə qədər tezlikdə çalışan həvəskar radio sistemi ilə idarə olunur.
Tətbiqi thumb|Mohajer-1 PUA-sının paraşütlə endirilməsi İran-İraq müharibəsi zamanı İİKK-nın cənub cəbhəsindəki “Raad” briqadası naməlum sayda dronlarla silahlandı. İran PUA-ları ilk dəfə “Xeybər” (fevral-mart 1984) və “Bədr” (mart 1985) əməliyyatları zamanı istifadə olunsa da, “Mohajer” pilotsuz vasitəsinın ilk dəfə tətbiqi “Valfajr-8” (fevral 1986) və “Kərbəla-5” (yanvar-fevral 1987) əməliyyatları ilə əlaqələndirilir. Bu PUA-lar hücum əməliyyatlarının hazırlamasında və İraq mövqelərinin fotoşəkillərinin çəkilməsində istifadə edildi. Onlardan artilleriya atəşini tənzimləmək üçün də istifadə edildiyi bildirilirdi, lakin bunun real vaxtda baş verib-vermədiyi və ya atəşin təsirini necə qiymətləndirdikləri məlum deyil.
1990-cı ildə çəkilən filmdə iki qrup göstərildi:
Arxa buraxılış heyəti; Ön idarəetmə heyəti.
Ön müşahidəçilərin yerləşdirilməsinə ehtiyac, məhdud siqnal gücü olan və məlumat ötürülməsini istisna edən radioidarəetmənin nəticəsi idi. Bu isə öz növbəsində M1 pilotsuz vasitəsinin yalnız cəbhə xətti üzərində uçuşlar üçün istifadə oluna biləcəyini və cəbhə xəttinin arxasında dərinlikdə kəşfiyyat apara bilməyəcəyini ifadə edirdi.
İraq hərbçilərinin eyni tezliklərdə işləyə biləcək VHF radiostansiyalarının köməyi ilə İran PUA-larını basdırması barədə məlumatlara da rast gəlinir. M1 pilotsuz vasitəsinin silahlanmasının nə qədər effektiv olduğuna dair heç bir dəlilə rast gəlinmir.
Görünüş sahəsində əl ilə idarəetmə sistemini nəzərə alsaq, bu PUA-nın dəqiq zərbə imkanı ehtimalı aşağıdır. Filmin bir yerində kameradan real vaxtda hədəf göstərmək üçün istifadə olunur. Bundan əlavə, bəzi məlumatlara görə, bu PUA Fars körfəzində gəmi əleyhinə silah kimi sınaqdan keçirilib.
“Mohajer-2” (M2)
“Mohajer-2”, ötən əsrin 90-cı illərində inkişaf etdirilən İran dronlarının ara nəslinin tipik nümayəndəsidir. Bu baxımdan, nəsil və xüsusiyyətlərinə görə (məsələn, maksimal uçuş kütləsi, uçuş müddəti) “Ababil-2” PUA-sına çox yaxındır. Lakin “Ababil”dən fərqli olaraq, M2 hələ də mütəmadi olaraq kəşfiyyat məqsədləri üçün istifadə olunur. Mövcud dron nəsilləri ilə müqayisədə onun imkanları çox təvazökar olsa da, modernləşdirmə M2-ni xidmətdə saxlayır.
İnkişafı
“Mohajer-2” PUA-sı 1996-cı ilə qədər hazırlanıb, çünki həmin il Tehrandakı paradda təqdim edilib. Daha sonra 1999-cu ildə “Qods” şirkəti “Mohajer 3” və “Mohajer 4” aparatlarının nümayiş uçuşu (bu uçuşun görüntüləri yoxdur) təşkil edəcəyini elan etdi. M2 növbəti dəfə 2005-ci ildə Kişdəki aviaşou zamanı lentə alınıb. O vaxtdan bəri M2 PUA-sı və onun variantları müntəzəm olaraq kamera obyektivinə tuş gəlir. 2000-ci illərin ortalarında 253 ədəd “Mohajer” dronu istehsal edildi. Bunların neçəsinin M2 olduğunu söyləmək mümkün olmasa da, bu miqdarın əsas hissəni təşkil etdiyini güman etmək ağlabatandır.
2014-cü ilin noyabr ayında Kirş aviaşousunda əhəmiyyətli dərəcədə yaxşılaşdırılan xüsusiyyətlərə malik yeni nəsil M2 pilotsuz vasitəsi nümayiş olundu.
Texniki qiymətləndirmələr
“Mohajer-2” dizaynı “Mohajer-1” layihəsinin inkişafıdır. Onlar eyni silindrik füzelyaj, ikiqat qola malik quyruq və düz qanadları ilə xarakterizə olunur. Yenidən işlənən mühərrik örtüyü kimi M2 variantındakı kiçik dəyişikliklər bəzi dizayn yeniliklərini göstərir. M1 dronunun üç təkərli şassisi əvəzinə xizək tipli enmə qurğusundan istifadə etməsi, M2 variantının pnevmatik və ya reaktiv sürətləndiricidən (yəqin ki, birincidən) asılı olduğunu göstərir. Paraşütlə və ya ənənəvi enişlə geri qayıdır.
“Mohajer-2” PUA-sı İranın AB2 və “Saeqeh” aparatlarında istifadə edilən, bir itələyici pərə və 26 at gücünə malik cüt silindrli və porşenli WAE-342 mühərriki ilə təchiz edilir. Az sayda model tipik olmayan səsboğucu sistemlərə malikdir, bu isə bəlkə də M2 broşuralarında ardıcıl şəkildə irəli sürülən WAE-342 mühərrikinin 25 at gücündə olması barədə uyğunsuzluğu izah edir. Rəsmi reklamda PUA-nın 50 km fəaliyyət radiusuna (100 km uçuş məsafəsinə) və 1.5 saat uçuş müddətinə malik olduğu bildirilir.
M2-nin hər qanadında bir anten mövcuddur. Onlar real vaxt rejimində izləmə üçün daha yüksək tezlikli rabitə kanallarını (10 GHz-ə qədər) təmin edirlər. “Ababil” ailəsində olduğu kimi, bu cihazların kiçik diapazonunu nəzərə alaraq uzun məsafəli idarəetmənin olmaması böyük ehtimalla problem hesab edilmir. Dəqiq məlumatların çox az olmasına baxmayaraq, ixrac broşuralarında, “Mohajer”in əl, yarımavtomatik və avtomatik kimi üç rejimdən birində uçmasına imkan verən inteqrasiya edilən idarəetmə proqramının olduğu deyilir.
Əl rejimi: Operator bort kameralarından real vaxt məlumatlarından istifadə edərək pilotsuz uçuşun bütün parametrlərinə nəzarət edir. Bu rejim pilotsuz vasitə ilə yerüstü idarəetmə stansiyası arasında geniş və aşağı diapazon genişliyinə malik rabitə kanalları tələb edir. Yarımavtomatik: Operator PUA uçuşunun marşrutunu müəyyənləşdirir, lakin uçuşa özü nəzarət etmir. Bu rejim, drondan görüntülərin ötürülməsi üçün istifadə olunan daha yüksək tezlikli diapazon genişliyinə malik rabitə əlaqəsinə və telemetriya bağlantısına əsaslanır. Avtomatik: PUA əvvəlcədən təyin edilən uçuş trayektoriyasını izləyərək peyk və ətalətli naviqasiya sistemlərinin koordinat nöqtələrindən istifadə edərək əmrləri yerinə yetirir. Bu rejim PUA və idarəetmə stansiyası arasında heç bir əlaqə kanalına ehtiyac duymur.
“Mohajer-2” pilotsuz uçuş aparatı üç fərqli optik müşahidə sistemi ilə təchiz oluna bilər:
a) universal şarnir üzərindəki hərtərəfli optik-elektron tədqiqat sistemi; b) hava müşahidəsi üçün aşağıya doğru sabit yönəldilən kamera; c) uçuş üçün burun daxilində sabitlənən ön kamera.
Universal birgə sistem real vaxtda müşahidə üçün istifadə olunur, lakin M2 variantı nisbətən aşağı yükdaşıma qabiliyyətinə görə yalnız yüngül kütləyə malik modellərə quraşdırıla bilir. Təcrübədə yalnız gündüz kameraları quraşdırılırdı. M2 dronlarının ilk dəstəsində ön kameralar mövcud deyildi.
M2 pilotsuz təyyarəsini təsvir edən reklam çarxları onun geniş ərazilərin fotoşəkillərini əldə etməsi üçün xətti skanerə malik lazer qurğularından və müəyyən edilməyən REM vasitələrindən istifadəsini də təbliğ edir. Lakin bu iddiaların heç biri sənədləşdirilməyib.
M1 variantına bənzər olan M2 pilotsuz versiyası da silahlandırıla bilər. Sənədli görüntülərdə iki altı lüləli qumbaraatan ilə eksperimental modellər nümayiş etdirilib. Lakin onların faktiki istifadəsinə dair heç bir dəlil yoxdur.
M2 versiyasının Taktiki-Texniki Xüsusiyyətləri
center|thumb|300px|Mühacir
Uzunluğu: 2.91 m; Qanad uzunluğu: 3.8 m; Boş çəkisi: 70 kq; Faydalı yükün kütləsi: 15 kq; Maksimum uçuş çəkisi: 85 kq; Maksimum sürəti: 200 km/saat; Maksimum uçuş hündürlüyü: 3350 m; Uçuş radiusu: 50 km; Uçuş müddəti: 90 dəqiqə; Mühərrik: 26 a.g-yə malik WAE-342.
“Raad-85”
Bəzi az etibar ediləcək məlumatlara görə, “Raad-85” PUA-sı M2 pilotsuz vasitəsinin “kamikadze” variantdır; onu da “Ababil-2”-nin oxşar təchizata malik versiyası ilə müqayisə etmək olar. “Raad-85”-in təyinatı isə bu PUA-nı İran ordusunun quru qoşunları ilə əlaqələndirməyə imkan verir.
“Raad” PUA-sının zərbə tipli olması barədə ilk məlumatı 2011-ci ilin fevralında, o vaxt Müdafiə naziri olan Vahidi verdi. Daha sonra 2011-ci ilin oktyabr ayında “Mashregh News” nəşri “Raad” PUA-sını “Qods” şirkəti tərəfindən istehsal olunan “Saeqeh” pilotsuz hədəfinin bir variantı olaraq təsvir etdi. Belə bir açıqlamanın heç bir səbəbi olmadığı və ilk baxışdan xəbər agentliyinin öz tədqiqatının nəticəsi olduğu ortaya çıxsa da, bu məlumatı nəzərdən çıxarmaq olmaz. “Raad” PUA-sının M2 pilotsuz vasitəsinə bağlanmasının ən parlaq dəlili, onun 2013-cü ilin fevral ayında İİKK tərəfindən keçirilən “Great Prophet 8” (Böyük Peyğəmbər 8) təlimində kamikadze rolunda göstərilməsi oldu.
Nəhayət, 2013-cü ilin sentyabrında təhvil vermə mərasimi zamanı Ordunun “Qods” şirkəti ilə birlikdə “Raad-85” istehsal etdiyi açıqlandı. Mərasimdə M2 və “Saeqeh” pilotsuz vasitələri heç bir izah verilmədən təqdim edildi.
“Raad” pilotsuz vasitəsinin xüsusiyyətləri tamamilə aydın və etibarlı deyil. 2013-cü ilin sentyabrında quru qüvvələrinin komandiri “Raad”-ın 100 km uçuş məsafəsinə (M2 ilə eyni) malik olduğunu açıqladı. Sonra, 2014-cü ilin dekabr ayında bir məşq əsnasında, başqa bir komandir, “Raad”-ın daha qısa məsafəyə sahib olan M2 və ya “Saeqeh”-dən daha çox M2N-ə daha yaxın olduğuna işarə edərək 250 km məsafəyə malik olduğunu bildirdi.
“Mohajer-2N”
M2N (N - yeni deməkdir) 2014-cü ildə Kiş aviasərgisində nümayiş olunub. Görünüşünə görə M2 pilotsuz vasitəsi ilə eynidır, lakin daha yüksək performansa sahib olduğu bildirilir. Bunlara uçuş məsafəsinin 200% (50 km-dən 150 km-ə qədər) artımı və uçuş müddətində 300% (1.5 saatdan 6 saata qədər) artımı daxildir. PUA-nın raket atıcı qurğularını qanadları altında daşımağa qadir olduğu da bildirilir. Bu imkanlar hələ sənədləşdirilməsə də, M2N versiyasının M2 və M4 PUA-larının qəbul edə biləcəyi hər hansı bir silahı daşıya biləcəyi ehtimal olunur.
M2N variantının məsafə və müddət göstəricilərində belə bir artımın niyə baş verdiyi tamamilə aydın deyil. Ən çox ehtimal olunan izahat, yanacaq çənlərinin qanadlara əlavə edilməsidir, lakin bu da kütlə məhdudiyyətləri ilə bağlı mənfi nəticələrə səbəb olmalıdır. Kirş aviaşousundakı plakatda M2N pilotsuz vasitəsi təkərli şassi ilə göstərilirdi, lakin sərgi modeli ənənəvi xizək şassisi ilə nümayiş olundu.
M2N versiyasının Taktiki-Texniki Xüsusiyyətləri
Uzunluğu: 2.90 m; Qanad uzunluğu: 3.82 m; Maksimum uçuş çəkisi: 90 kq; Maksimum sürəti: 180 km/saat; Uçuş məsafəsi: 150 km; Uçuş müddəti: 6 saat;
Tətbiqi
İranda “Mohajer-2” ordu və İİKK-nın silahlanmasında mövcuddur. Ondan kəşfiyyat və hücum məqsədilə istifadə olunur. Onun İİKK tərəfindən istifadə edilməsinə dair sənədli sübutlar yalnız təlim və ya paradlarda nümayişdən ibarətdir, bu isə onların əsasən orduda istifadə edildiyini düşünməyə imkan verir. M2 ordu dronlarının çoxu yerüstü bölmələrdə lentə alınıb.