Arəstə Kərim qızı Baxışova () — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi.
Həyatı 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Onun 2 qardaşı olub. Atası — baş leytenant Kərim Baxışov Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin 4 yaşı olanda vəfat edib.
1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı var.
Hərbi xidməti 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində xidmət edirdi.
2020-ci il oktyabrın 23-də həlak olub. Biləcəri Şəhidlər Xiyabanında dəfn olunub.
Xatirəsi
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin 12.05.2021-ci il tarixli Qərarına əsasən, ölümündən sonra ingiltərəli tibb bacısı Florens Naytingelin şərəfinə təsis edilən "Florens Naytingel" medalı ilə təltif edildi.
Xatirəsinə hörmətsizliklə əlaqədar məhkəmə 2022-ci ildə hüquq müdafiəçisi, “AzerFreedom” kanalının rəhbəri, Qurban Məmmədov Azərbaycanda yüzlərlə, hətta minlərlə saxta şəhid olduğunu deyib. Nümunə olaraq isə şəhid Arəstə Baxışovanı göstərib: "Arəstə xanımı əgər dövlət və Azərbaycan xalqı şəhid kimi tanıyırsa, mənim qardaşım mayor Rasim Məmmədovu da şəhid kimi tanıyırsa bildirim ki, o bü cür şəhid deyil. Ola bilməz ki, erməninin minasından parça-tikə olan da şəhid olsun, xidmət yerində otaqda ya qısqanclıq zəminində, ya da tüsadüfən tapançanı təmizləyəkən ölən adam da şəhid olsun. Belə şəhidlik olmaz... Sən gedib orada kimləsə zarafatlaşacaqsan... Bu ifadəni işlətmək istəmirəm".
Arəstə Baxışovanın anası Məktubə Baxışova deyilənlərə belə reaksiya verib: "Qələt edir, getsin öz dərdini çəksin. Sadəcə xaricdə oturan bloqerlər dövlətimizin əleyhinə işləyirlər. Həmin Qurban da onlardandır, dövlətimizi, şəhidlərimizi istəməyən adamdır. Şəhid xanımın olmasını bəzilərinin gözü götürmür. Qızım Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mais Bərxudarovla bir yerdə işləyib. 44 günlük Vətən müharibəsində iştirak etməyə də özü könüllü gedib".
Yenə 2022-ci ildə Instagram-da Arəstə Baxışovanın fotosu paylaşılıb. Hüseyn Hüseynzadə adlı şəxs həmin paylaşıma şərh yazaraq A. Baxışovanın şəhid olmadığını bildirib: “Onun hərbi hissənin qarşısında vurulduğu deyilirdi. Bu barədə Füzuli Hərbi Məhkəməsində cinayət işi olmuşdu. Bu səbəbdən öz fikrimi yazmışdım. Mənim şəhidlərə böyük hörmətim var. Şəhidlərə hörmətsizlik etməmişəm”.
Bu hadisədən 3 il sonra — 2025-ci ildə Arəstə Baxışovanın xatirəsinə hörmətsizlik iddiası ilə onun bacısı məhkəməyə müraciət edib. O, sosial şəbəkələrdə bacısı ilə bağlı təhqir və böhtan xarakterli ifadələr yayılması ilə əlaqədar əvvəl hüquq-mühafizə orqanlarına ərizə yazıb, daha sonra xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb. Baxışovanın bacısı “Instagram”da onun haqqında yazılan fikirlərə görə H. Hüseynzadənin Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148.-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib. Bu tələblə də məhkəmədə iddia qaldırıb. O, bildirib ki, bacısı haqqında sosial şəbəkələrdə və bir sıra saytlarda həqiqətə uyğun olmayan məlumatlar paylaşılır, onun şəhid olmadığı iddia edilir. Onun şərəf və ləyaqətini ləkələyən fikirlər yayılır.
H. Hüseynzadə özünü təqsirli bilməyib. Məhkəmə Hüseynzadənin yazdıqlarını araşdıraraq belə nəticəyə gəlib ki, orada həm təhqir, həm də böhtan elementləri var. Lakin bu hadisə 2022-ci ildə baş verib və bu əmələ görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib. Bu səbəbdən də məhkəmə onu həm Cinayət Məcəlləsinin 147.1 (böhtan), həm də 148-ci (təhqir) maddələri ilə təqsirli bilsə də, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, həmin maddələrlə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi, xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqda hökm çıxarıb.
Təltifləri (15.12.2020) — "Vətən uğrunda" medalı 50px (ölümündən sonra) (12.05.2021) — "Florens Naytingel" medalı (ölümündən sonra)
İstinadlar
Kateqoriya:Qadınlar müharibədə Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar