Emil Balaqardaş oğlu Əsədov () — Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının leytenantı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüş əməliyyatlarına zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı Emil Balaqardaş oğlu Əsədov 1998-ci il, yanvarın 11-də Salyan rayonunun Çuxanlı kəndində anadan olub.
2004–2012-ci illərdə Z. Həmidov adına Çuxanlı kənd orta məktəbində təhsil alıb. 2012-ci ildə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib və 2015-ci ildə oradan məzun olub.
2015–2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunları fakültəsində təhsil alıb, həmçinin Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.
Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 22 iyun 2019-cu il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.
2019-cu ildə Quru Qoşunlarının 651 nömrəli hərbi hissəsində xidmət edib. 2019–2020-ci illər ərzində motoatıcı bölüyün (SandCat) motoatıcı taqımının komandiri, mexanikləşdirilmiş taborun (SandCat) mexanikləşdirilmiş taqımının komandiri və mexanikləşdirilmiş taborun (SandCat) tank əleyhinə taqımının komandiri vəzifələrimdə xidmət edib.
2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Noyabrın 7-də Xocavənd rayonu ərazisində, Qırmızı Bazar istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. Doğulduğu Salyan rayonunun Çuxanlı kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Subay idi.
İstinadlar
Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar