Kamran Qurbanəli oğlu Kazımov () — Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı Kamran Qurbanəli oğlu Kazımov 1990-cı il, dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayəti anadan olub.

1997–2008-ci illərdə Xətai rayonu S. Həsənov adına 63 nömrəli tam orta məktəbdə təhsil alıb.

2010-cu ildə Xətai Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2010–2011-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib.

2012-ci ildə sənədlərini Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə verib və 2012–2014-cü illərdə burada təhsil alıb.

2014-cü ildən qoşunların sıralarında taqım komandiri, qrup komandiri vəzifələrində xidmət edib.

Müxtəlif illərdə daxili işlər nazirinin əmrləri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 5-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığının icrası zamanı şəhid olub. 2 saylı Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Evli idi. Aydan və Kamrana adında 2 qızı var.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar