İbrahim Habil oğlu Abdullayev () — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı İbrahim Habil oğlu Abdullayev 1994-cü il, iyulun 20-də Bakı şəhərində anadan olub.

K. Kərimov adına 8 nömrəli tam orta məktəbdən məzun olub. 2011–2015-ci illərdə Xarkov Politexnik İnstitutunda təhsil alıb.

2016-cı ildə Nəsimi Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2016–2017-ci illərdə N saylı hərbi hissədə xidmət edib.

2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Ehtiyat zabit ixtisas kursu"nu bitirib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 30 may 2017-ci il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 30 may 2020-ci il tarixli əmri ilə "baş leytenant" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 3 il ərzində dağ-atıcı taqımın komandiri, motoatıcı bölüyün (BMP-3) atəş dəstək taqımının komandiri, xüsusi təyinatlı taqım komandirinin müavini, xüsusi təyinatlı taqım komandiri vəzifələrində xidmət edib.

Müxtəlif illərdə müdafiə nazirinin əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ zirvələri istiqamətində gedən xüsusi əməliyyata, həmçinin Cəbrayılın və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 4-də Füzuli rayonu ərazisində xidməti vəzifəsinin icrası zamanı şəhid olub. 2 saylı Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Şücaətə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Subay idi.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar