Məbud İbrahim oğlu İsmayılzadə () – Tanınmış mədəniyyət işçisi, teatr təşkilatçısı, teatr rejissoru, ssenarist. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979).

Həyatı Məbud İsmayılzadə 1927-ci ilin mart ayının 24-də Zərdab rayonunda dünyaya gəlib.

Məbud İsmayılzadə ilk əmək fəaliyyətinə 1942-ci ildə, on altı yaşında həmin vaxtlar Zərdabda fəaliyyət göstərən Dövlət Dram Teatrında başlayıb. Teatr sənətinə böyük maraq, onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib. 1951-ci ildə institutun rejissorluq fakültəsini bitirib, elə həmin il Respublika Xalq Yaradıcılığı Evinin direktoru təyin olunub. Bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud müəllim "Çinar", "Şur" kimi məşhur kollektivlərin, 30-dan çox Xalq teatrının yaranmasının, respublika miqyaslı bayram şənliklərinin, festivalların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından biri olub. 1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış "Xalq yaradıcılığı bayramı"nın, 1955-ci ildə keçirilən Respublika bədii özfəaliyyət baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən "Azərbaycan mədəniyyəti ongünlüyü" çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz M. İsmayılzadə olmuşdu. Bu tədbirlər özünün rəngarəngliyinə, rejissor yozumuna görə də böyük tamaşaçı marağı qazanmışdı. 1972–1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Abidələrin və muzeylərin qorunması idarəsinin rəis müavini vəzifəsində çalışıb.

1973-cü ildən 1981-ci ilə qədər Lənkəranda Dövlət Dram Teatrın direktor və baş rejissor vəzifələrində çalışıb. M. İsmayılzadənin Lənkəran Dövlət Dram Teatrına rəhbərliyi dövründə kollektiv bir çox uğurlara imza atır, respublikanın qabaqcıl teatrlarından birinə çevrilir.

Lənkəran Dövlət Dram Teatrındakı uğurlu fəaliyyətindən sonra o, Azərbaycan Konsert Birliyinin bədii rəhbəri təyin edilib. Uzun illər buranın həm bədii rəhbəri və həm də rejissoru kimi bir-birindən uğurlu işlərə imza atıb.

Gördüyü bu uğurlu işlərə görə M. İsmayılzadə dəfələrlə Lənkəran şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib. O, mədəniyyət sahəsində xidmətlərinə görə respublika Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmiş, 1979-cu ildə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib.

2004-cü il sentyabrın 17-də Bakı şəhərində vəfat edib.

Qurluş verdiyi tamaşalar Lənkəran Dövlət Dram Teatrı

1974 "Bayramın birinci günü" (Nazim Hikmət) "Komediyalar" 1977 "Dağılan tifaq" (Əbdürrəhim bəy Haqverdiyev) 1979 "Abidə" (Hüseyn Nəcəfov) "Əliqulu evlənir"(Sabit Rəhman)

Şuşa Dövlət Musiqili Dram Teatrı

2002 "Bayramın birinci günü" (Nazim Hikmət)

Mükafatları Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub— 2 aprel 1979N. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 aprel 1979-cu il tarixli Fərmanı — anl.az saytı

Filmoqrafiya Xalq istedadları (film, 1967) (Ssenari müəllifi)

İstinadlar

Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Zərdab rayonunda doğulanlar Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri