Arqun xan () — Hülakülər sülaləsindən dördüncü elxan, Abaqa xan və onun xristian xanımı Haymaş xatunun oğlu. Atası kimi inanclı buddist olsa da, xristianpərəst olmuşdur. O, Avropaya bir neçə də elçilər göndərmiş və Müqəddəs Torpaqlardakı müsəlman hakimiyyətinə qarşı Franko-Monqol ittifaqı təşkil etməyə çalışmışdır. O, arvadı Buluğan Xatun öldükdən sonra Xubilay xandan eyni tayfadan olmaqla yeni bir arvad göndərməsini istəmiş, buna cavab olaraq da, Xubilay xan Kököçini Marko Polonun müşayiəti ilə göndərmişdir. Çinin cənubundan yola çıxan Kököçin Sumatra adasına, oradan Şri-Lankaya, Hindistana gedərək nəhayət Elxanilər dövlətinə gəlib çatmışdır. Lakin bu zaman Arqun xan artıq vəfat etmişdi. Buna görə də o, Arqunun oğlu Qazan xanla evlənmişdir.
Həyatının erkən dövrü Bəzi mənbələrə görə 1250, bəzi mənbələrə görə isə 1259-cu ildə Beyləqan yaxınlığında doğulmuşdur. Atası Abaqa xan, anası isə Onqut tayfasından olan Qayıtmış Egeçi olmuşdur. Anasının xristian olması ehtimal edilir. Gəncliyində əmir Sartaq Cəlair qəyyumluğunda Xorasan valisi təyin olunmuş və burada böyümüşdür. Barqut tayfasından olan Joçiqan Noyon onun atabəyi olmuşdur. Daha sonra o, Mazandaranın nominal valisi olmuş və ona atabəyliyi Sartaq Noyon Cəlair etmişdir. O, ilk dəfə tək başına orduya 20 yaşında ikən komandanlıq etmiş və Negüderiler üzərinə yürüş etmişdir. O, 14 iyul 1279-cu ildə atasının düşərgəsini tərk emiş, Sistana getmiş və Mübarək Şahın oğlu Ölcay Buğanı əsir etmişir. 1282-ci ildə Abaqa xanın ölümündən sonra qurultayda əmisi Əhməd Təkudara qarşı çıxması barədə məlumatlar vardır. Lakin bu nəticəsiz oldu və Təkudar hökmdar seçildi.
Hakimiyyət uğrunda mübarizəsi
Təkudarın hökmdar seçilməsi ilə Cuveynilər yenidən hakimiyyətdə təmsil olunmağa başladılar. Onlar bundan əvvəl dövlət əmlakını mənimsəməkdə ittiham edilmişdilər. Həmçinin Arqun Cuveynilərin atasını zəhərləyib öldürmələrinə inanmaqda idi. O, 1282-1283-cü ilin qışını keçirmək üçün Bağdada gəldi və 5 mart 1283-cü ildə Ata Məlikin insultuna səbəb ola biləcək mənimsəmə ittihamını yenidən araşdırmağa başladı. Onun Cuveynilərə qarşı olan nifrəti Şəmsəddin Cüveyninin onu zəhərləmək üçün adam göndərməsini eşitdikdən sonra daha da artdı. Digər bir gərginlik isə Arqunun Reyə hakim təyin etdiyi Məlik Fəxrəddinin Təkudarın əmri ilə həbs edilməsindən sonra oldu.
Eyni zamanda Təkudar özünün ögey qardaşı Qonqurtay ilə Arqunun ittifaqa girə biləcəklərindən şübhələnməyə başlamışdı.O, Şahzadə Cuşkab, Uruq və Qurumuşinin başçılıq etdiyi hərbi dəstələr göndərərək Diyarbəkirdə yerləşdirdi. Onun məqsədi Qonqurtay ilə Arqunun birləşməsinin qarşısını almaq idi. Qonqurtay sui-qəsd təşkil etməkdə ittiham edilərək Təkudarın kürəkəni, eyni zamanda da Gürcüstan valisi Alınaq tərəfindən ələ keçiridildi və 18 yanvar 1284-cü ildə öldürüldü. Bir digər ordu isə Cəzirəyə göndərildi və Keyxatu ilə Baydu Xorasana qaçdı. Arquna yaxınlığı ilə seçilən Tağaçar, Doladay kimi sərkərdələr də həbs edildi.
Arqun Bağdaddan Xorasana geri döndükdən sonra 1283-cü ildə açıq üsyana başladı. Üsyan zamanı onun əsas dəstəkçiləri kiçik əsilzadələr və əmirlər idi. Buna cavab olaraq, Təkudar Alınaqı 15 minlik ordu ilə onun üzərinə göndərdi. Onun ardınca isə Muğanda yerləşən Biləsuvardakı döyüşçüləri də daxil olmaqla, əsas ordusunu toplayaraq Arqunun üzərinə yürüşə başladı. Arqun Alınaqa 4 mayda Qəzvinin cənubunda baş vermiş döyüşdə üstün gəlsə də, Xorasana geri çəkildi. Gələcəkdə Kübravilik təriqətinin qurucusu olacaq sufi Şeyx Əlaüddövlə Simnani də bu zaman Arqunun ordusunda savaşmaqda idi. Arqun yolu yarıladıqdan sonra barışmağa çalışsa da, əkudar köməkçilərinin məsləhəti ilə bundan imtina etdi. 31 mayda Arqun oğlu Qazan tərəfindən rəhbərlik edilən yeni bir elçiliyini göndərdi və bu elçilik Semnanda Təkudarın düşərgəsinə gəldi. Elçilik uğurlu keçdi və sülh əldə edildi. Təkudarın şərtinə görə, sülh bir şərtlə qüvvəyə minərdi ki, Arqun öz qardaşı Keyxatunu girov olaraq onun düşərgəsinə göndərərdi. Arqun şərtlərlə razılaşdı və qardaşını iki əmirin, o cümlədən Novruzun müşayiəti ilə iyunun 13-də və ya 28-də. Təkudarın komandirlərinin ən böyüklərindən olan Buğanın nəzarətinə göndərdi. Öz növbəsində Buğa da onu Təkudara təslim etdi və o, Töday Xatunun düşərgəsinə göndərildi. Buna baxmayaraq, Təkudar düşmənliyi ortadan qaldırmadı və Arqunun üzərinə doğru yürüşünü davam etdirdi. Bu Buöanı Təkudardan uzaqlaşmağa və Arquna rəğbət bəsləməyə təhrik etdi. Bir digər tərəfdən, o, Təkudarın yanındakı mövqeyini itirmişdi və öz vəzifəsini bir digər Cəlairi genralı olan Ağ Buğa qapdırmışdı.
Hadisələri görən Arqun iyulun 7-də 100 nəfərlik qüvvə ilə Kalat-e Naderi qalasına sığındı. Lakin dörd gün keçdikdən sonra o, Alınağa təslim olmağa məcbur oldu. Zəfər qazanan Təkudar Arqunu Alınağın düşərgəsində tərk edərək Kalpuşa yola düşdü. Burada onun əsas ordusu gözləməkdə idi. Bunu fürsət kimi dəyərləndirən Buğa düşərgəyə hücum edərək Alınağı öldürdü və Arqunu azad etdi. Buna cavab olaraq, Təkudar qərbə yola düşdü və Buğadan qısas almaq üçün onun Sultaniyyədəki tayfa mülklərini yağmalatdırdı. Təxt-i Süleymana doğru irəliləyən Təkudar 17 iyulda Dərbəndə getmək və oradan Qızıl Ordaya sığınmaq qərarına gəldi. Lakin Buğanın göndərdiyi Qaraunas onu ələ keçirdi və həbs etdi. O, 26 iyulda Marağa yaxınlığında yerləşən Ab-i Şur yaylaqlarında Arquna təhvil verildi.
Hakimiyyəti Arqun rəsmi olaraq 11 avqust 1284-cü ildə taxta çıxdı. Bundan qısa zaman əvvəl Təkudar edam edilmişdi. Taxta çıxdıqdan sonra yeni hökmdarın rəsmi təyinatları qüvvəyə minməyə başladı. O, qohumu olan Cumğurun oğlu Cuşkab və Baydunu Bağdad canişinliyinə, Buğanın qardaşı Aruğu onların əmiri, qardaşı Keyxatu və əmisi Hulaçunu Anadolu canişinliyinə, oğlu Qazanı və qohumu Kingçunu Xorasan canişinliyinə, Əmir Novruzu isə onların əmirliyinə təyin etdi. Hakimiyyətə gəlməyi borclu olduğu Buğa iki qat mükafatlandırıldı. Ona sahib-i divan və əmir-ül üməra rütbəsi verildi və bu həm hərbi, həm də mülki administrasiyanın onun əlində cəmləşməsi demək idi. Atasının zəhərlənərək öldürülməsi iddiası əsasında Şəmsəddin Cüveyni edam edildi. Onun xanlığının ali monqol xaqanı tərəfindən rəsmən tanınması 23 fevral 1286-cı ildə Xubilay xaqanın yarlığı ilə tanındı. Xubilay xaqan təkcə Arqunu yeni hökmdar kimi tanımır, eyni zaman da Buğaya yeni titul — chingsang — da verirdi. Belə olduqdan sonra, Arqun ikinci dəfə, lakin bu dəfə rəsmi tacqoyma mərasimi təşkil etdi və bu mərasim 7 aprel 1286-cı ildə oldu.
Buğanın ortadan qaldırılması Arqun hakimiyyəti yalnız özünün olmalı olan bir şey kimi görürdü və buna görə də, Buğanın və ya onun qardaşı Aruğun gücünü qəbul etmək istəmirdi. Eləbuna görə də, hakimiyyətə gəlməsindən qısa müddət sonra artıq onları özünün düşməni kimi qəbul etməyə başladı. Aruq faktiki olaraq Bağdadı özünün ata mülkü kimi idarə etməkdə idi. O, mərkəzi hakimiyyətə yığılmış vergiləri göndərmir, onu tənqid edənləri qətlə yetirirdi. 30 dekabr 1284-cü ildə Seyid İmaməddin Ələvinin öldürülməsi Buğanın qəzəblənməsinə səbəb olmuşdu və Abiş Xatun saraya çağırılmışdı. Qətlin təfərrüatlarını ilk açan onun xidmətçilərindən biri olan Cəlaləddin Ərqan idi, bundan sonra o, 2 yerə parçalandı. Abiş Xatuna qanpulu olaraq Seyidin oğlanlarına 700 min dinar vermək əmr edildi. Bundan sonra Tuladayın, Tağaçarın və Toğanın da daxil olduğu əmirlər Arqunla Buğanı devirməyin yollarını düşünməyə başladılar. İlk addım olaraq xənizəyə ödənilməyən Salquri vergilərinin araşdırılması oldu. Araşdırma zamanı bəlli olmuşdur ki, o, Fars vilayətindən 1.5 milyon dinar qazanmışdır. Növbəti addım 1287-ci ildə atıldı. Bu zaman Buğa xəstələnmişdi. Bağdadın vergi gəlirlərini araşdırmağa başlayan Arqun nəticədə Aruğu vəzifəsindən kənarlaşdırdı və onun yerinə Ordo Qiyanı təyin etdi. Bir digər əmr ilə Buğanın müttəfiqi olan Əmir Əli Tamğaçı Təbriz canişinliyindən uzaqlaşdırıldı.
Artıq Arqunun onu ortadan qaldırmaq istədiyini anlayann Buğa Şahzadə Cuşkab və Gürcüstan çarı II Demetre ilə (Onun oğlu II Demetrenin qızı Rusudan ilə evli idi.) birlikdə sui-qəsd hazırlamağa başladı. Buqa, uğur qazandıqdan sonra imperiyanın naibi təyin olunmaq şərti ilə Cuşkaba taxt vəd etdi. Lakin Cuşkab hazırlanan sui-qəsd barədə Arqun xana xəbər göndərdi. Buna cavab olaraq, Arqun xanın yeni əmiri Qoncuqbal Buğanı həbs etmək üçün göndərildi. II Demetrenin Arqun xanın cəza qırğınlarından necə qurtulması bəlli deyil, lakin II Demetrenin paytaxta çağırıldığı və həbs edildiyi bəllidir. Buğa 16 yanvar 1289-cu ildə ölüm hökmünə məhkum edildi. Onun yerinə yəhudi həkim olan Səəd əl-Dövlə Əbhəri təyin edildi. Səəd əl-Dövlə Əbhəri monqol dövlət xadimlərinin dövlət əmlakını yağmalamasını və sui-istifadə hallarını pisləməklə, onlara qarşı mübarizə aparmaqla dövlətin mərkəzi hakimiyyətinin güclənməsində qismən uğurlu oldu. Sədəddövlənin dövründə iqtisadiyyat və mərkəzi hakimiyyət gücləndi, illik vergi 10 milyon dinara çatdı.
Təmizləmələr Buğanın məsələsini həll etdikdən sonra Arqun Hülakü şahzadələri ilə məşğul olmağa başladı. Onun hədəfində sadəqatə şübhəli olan şahzadələr idi. Cuşkab ordunu qiyama qaldırmaq istəməkdə ittiham edilərək həbs edildi və 21 sentyabr 1289-cu ildə edam edildi. Hulaçı və Yoşmutun oğlu Qara Noqay Novruzun Xorasanda başlatdığı üsyanla əlaqədar olaraq 30 may 1289-cu ildə həbs edildilər. Keçirilən məhkəmədən sonra onların ikisi də Damğanagöndərildilər və 7 oktyabr 1290-cı ildə orada edam edildilər. Qohumların edamı bitdikdən sonra Arqun Səəd əl-Dövləni Şəmsəddin Cüveyninin uşaqlarının və ona yaxın olan adamların edamını əmr etdi.
Hakimiyyətin sonu Rəşidəddina görə, Arqun 1289-cu ilin 21 sentyabrında Marağa rəsədxanasını ziyarət etdikdən sonra tiryək istehlak etməyə başlamışdır. 18 may 1290-cı ildə ikinci oğlu olan Yesü Teymurun vəfat etməsindən sonra o, hökumətin gündəlik işlərindən bir qədər uzaqlaşdı. O, 1290-cı ildə Təbrizin yaxınlığında Arquniyyə adlandırılan şəhər saldırdı və orada buddist məbədi tikdirərək özünə oxşayan heykəllər ucaltdırdı. Onun tərəfindən əsası qoyulan bir digər şəhər Şaruyaz idi. Lakin bu şəhərin tikintisi Olcaytu dönəmində sonlandırılmışdır.
Xarici əlaqələr
Qızıl Orda ilə münasibətlər Özünün sələfi kimi Arqun tez-tez Qızıl Orda ilə toqquşurdu. O, hücum edən Qızıl Orda ordusunu 5 may 1288-ci ildə Şamaxı yaxınlığında məğlub edərək geri göndərmişdi. Dərbəndə yönəldilən bir digər hücum 26 mart 1289-cu ildə oldu. Tağaçar və digər komandanlar tərəfindən bu yürüş də məğlub edildi. Müharibə rəsmi olaraq Arqunun 2 may 1290-cı ildə Biləsuvara dönməsindən sonra sonlandı.
Məmlüklərlə münasibətlər Arqunun hakimiyyəti dövründə Misir Məmlükləri durmadan Suriyadakı qüvvələrini artırmaqda idilər. Məmlük sultanı Qalavun səlibçilərin əlində saxladıqları bölgələri ələ keçirmişdi. Bu bölgələrdən bəziləri Elxanilərin vassalı idi. Buna misal olaraq, Tripoli qraflığını göstərmək olar. Məmlüklər həmçinin, şimal qalası olan Marqatı 1285-ci ildə, Əl-Laziqiyyəni 1287-ci ildə, Tripolinin tamamnı 1289-cu ildə ələ keçirdilər.
Xristianlarla münasibətlər Arqun xan Çingiz xanın soyundan gələnlər arasında Avropa qüvvələri ilə ortaq düşmən olan Misir məmlüklərinə qarşı ittifaq qurmağa ən çox çalışan şəxsdir. O, özünün potensial müttəfiqlərinə söz vermişdi ki, Qüdsün ələ keçiriləcəyi halda o, özü vəftiz olunacaqdır. Lakin artıq XIII əsrin sonlarında Avropa qüvvələri yeni bir səlib yürüşünə maraq göstərmirdilər və buna görə də, Arqunun cəhdləri nəticəsiz qaldı.
Papalığa göndərilən ilk elçilik 1285-ci ildə Arqun elçilik ilə Papa IV Honoriusa məktub göndərdi. Bu məktubun latın dilinə tərcümə edilmiş versiyasi indi də Vatikanda saxlanmaqdadır. Arqunun məktubunda Arqunun ailəsinin Xristianlıqla əlaqəsi qeyd edilir və müsəlman torpaqlarının birgə hərbi fəth edilməsi təklif edilirdi:
Papalığa göndərilən ikinci elçilik thumb|Arqun xanın elçisi olan Rabban Bar Sauma hətta Marko Polonun Asiyadan Qərbə geri dönməsindən əvvəl Pekinə yollanmış, buradan Romaya, Parisə, Bordoya getmiş, o dövrün ən görkəmli dövlət xadimləri ilə görüşmüşdür.