"Ox" teleserialının beşinci mövsümünün premyerası The CW telekanalında 5 oktyabr 2016-cı ildə təqdim edilmiş və 24 may 2017-ci ilə kimi davam etməklə 23 seriyanı ehtiva etmişdir. Mort Veyzinger və Corc Papp tərəfindən yaradılmış, cinayətkarlıqla mübarizə aparan kostyumlu DC Comics qəhrəmanı Yaşıl Oxun macəralarından bəhs edən teleserial digər Ox Kainatı serialları ilə eyni dünyanı paylaşır. Beşinci mövsümün şourannerləri Mark Quqqenhaym və Vendi Merikl olmuşlar. Əsas personaj Oliver Kuinni canlandıran Stiven Amellə yanaşı serialın əsas aktyor heyətinə Con Diql rolu ilə Devid Ramsi, Teya Kuinn rolu ilə Uilla Holland, Felisiti Smok rolu ilə Emili Bett Rikards və Kventin Lens rolu ilə Pol Blektorn daxildir. Yeni mövsümdə daha əvvəlki seriyalarda formalaşmış əsas aktyor heyətinə Körtis Holt rolu ilə Exo Kellum və Prometey rolu ilə Coş Segarra qoşulmuşlar.
Milyonçu-pleyboy Oliver Kuinn (Stiven Amell) gəmi qəzası nəticəsində Şimali Çin dənizindəki sirli Lian Yu adasına düşüb beş il orda vaxt keçirdikdən sonra vətəri Starlin-sitiyə (sonradan Star-sitiyə dəyişdirilir) qayıdaraq cinayətkarlığa qarşı mübarizəyə başlayır. Beşinci mövsümdə Oliver yeni qisasçılar dəstəsini yetişdirir. Dəstəyə Vəhşi köpək ləqəbli Rene Ramirez (Rik Qonzales), Cənab Terrifik ləqəbli Körtis Holt, Artemida ləqəbli Evelin Şarp (Medison MakLaflin) və Reqmen ləqəbli Rori Reqan (Co Dinikol) daxildir. Oliver yeni mövsümdə həm də yeni Qara bülbül olan polis xəfiyyəsi Dayna Dreykin (Culianna Harkavi) təlimi ilə məşğul olur. Oliver qiasasçılıq və yeni vəzifəsi olan şəhər meri səlahiyyətlərini tənzimləməyə çalışır. Beşinci mövsümdə Oliverin əsas düşməni kimi onun keçmişi ilə əlaqəsi olan təhlükəli cinayətkar Prometey təqdim edilir. Oliver eyni zamanda Dünya-2-dən Lorelin bənzəri olan cani Qara sirena (Keti Kessidi) ilə mübarizə aparmalı olur. Fleşbeklərdə Oliverin ölmüş hesab edildiyi beş il ərzində Rusiyanın cinayətkar dəstələrindən olan Bratvaya qoşularaq cani Konstantin Kovarla (Dolf Landqrin) əlaqə yaratması göstərilir. Burada o, Taliya əl-Qul (Leksa Doiq) ilə tanış olur və məşq etdirilir.
11 mart 2016-cı ildə serial beşinci mövsüm üçün yenilənmiş və 5 iyul 2016-cı ildə Vankuver, Britaniya Kolumbiyası, Kanada ərazisində yeni mövsümün çəkilişlərinə başlanılmışdır. 2017-ci ilin aprelində mövsümün çəkilişləri tamamilə bitirilmişdir. Beşinci mövsüm tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Bu mövsümdə Ox Kainatı üçün ənənəvi olan üçüncü krossover hadisəsi baş tutmuşdur. Hadisədə Ox Kainatının "Fleş", "Sabahın əfsanələri" və "Supergörl" serialları da iştirak etmişlər. Beşinci mövsüm 18 sentyabr 2017-ci ildə DVD və Blu-ray formatlarında satışa çıxarılmışdır. 8 yanvar 2017-ci ildə serialın altıncı mövsüm üçün uzadıldığı elan edilmişdir.
Məzmunu
"Ox" serialının V mövsümü Oliver Kuinin (Yaşıl Ox) Star-sitini qorumaq üçün apardığı mübarizənin daha qaranlıq və şəxsi bir mərhələsini təqdim edir. Mövsümün əsas mövzusu qəhrəmanlıq, günah və keçmişin nəticələri üzərində qurulub.
Oliver artıq rəsmi olaraq şəhərin meri kimi fəaliyyət göstərir və eyni zamanda yeni bir komanda qurmağa çalışır. Komandaya Vəhşi Köpək (Rene Ramirez), Cənab Terrifik (Körtis Holt) və Artemida (Evelin Şarp) qoşulur. Lakin bu yeni komandanın təcrübəsizliyi və daxili gərginliklər Oliver üçün əlavə çətinliklər yaradır.
Mövsümün əsas düşməni Prometeydir (Edrian Çeyz). O, Oliverin keçmişdə "Kapüşon" olduğu dövrdə öldürdüyü insanların qohumlarından biridir və əsas məqsədi Oliveri fiziki yox, psixoloji cəhətdən sındırmaqdır. Prometey Oliverin gizli kimliyini ifşa edir və onun yaxınlarına qarşı sistemli hücumlar təşkil edir.
Bu mövsümdə Oliver öz keçmiş qərarları ilə üzləşir və qəhrəman olub-olmaması ilə bağlı ciddi daxili mübarizə yaşayır. Xüsusilə Prometey tərəfindən əsir götürüldüyü zaman o, öz qaranlıq tərəfini qəbul etməyə məcbur qalır və etiraf edir ki, keçmişdə yalnız şəhəri qorumaq üçün deyil, həm də öldürməkdən zövq aldığı üçün cinayətlər törədib.
Mövsümün finalında hadisələr dramatik zirvəyə çatır: Prometey, Oliveri dostlarını xilas etmək üçün çətin seçim qarşısında qoyur. Nəticədə, Lian Yu adasında böyük partlayış baş verir və Oliverin komandası ciddi təhlükə ilə üz-üzə qalır.
Rollarda
Əsas heyət Stiven Amell — Oliver Kuin / Kapüşon Devid Ramsi — Con Diql Villa Holland — Teya Kuin Emili Bett Rikards — Felisiti Smok Exo Kellum — Körtis Holt / Cənab Terrifik Coş Seqarra — Prometey / Edrian Çeyz Pol Blektron — Kventin Lens
İkinci heyət Keti Kasidi — Lorel Lens Rik Qonzales — Rene Ramirez / Vəhşi Köpək Çad Koulman — Tobias Çörç Edrian Holms — leytenant Frenk Pike Mayk Dopud — Viktor Devid Naykl — Anatoli Knyazev Tayler Ritter — Billi Malon Medison MakLaflin — Evelin Şarp/ Artemida Co Dinikol — Rori Reqan / Reqmen Odri Mari Anderson — Layla Maykls Karli Poup — Syuzan Uilyams Dolf Lundqren — Konstantin Kovar Devid Münye — İşmael Qreqor Con Barroumen — Malkolm Merlin Culiana Harkavi — Dayna Dreyk/ Qara bülbül Leksa Doyq — Taliya əl-Qul Keysi Rol — Alena Uitlok
Qonaq ulduzlar
Seriyalar
İstehsalı
İnkişaf 2016-cı il 11 mart tarixində The CW telekanalı "Ox" serialının beşinci mövsümünün çəkiləcəyini elan etmişdi. Mark Quqqenhaym və Vendi Merikl isə bu mövsümün şourannerləri kimi fəaliyyət göstərmişdilər.
Yazılması "Ox" teleserialı əvvəlcə realizmə əsaslanan, "yerə bağlı və sərt" üslubda qurulmuş bir serial idi. Lakin eyni kainatda "Fleş" serialının təqdim edilməsindən sonra, kainat, daha fantastik elementləri də mənimsəməyə başladı. Stiven Amell bildirmişdi ki, beşinci mövsümün əsas antaqonisti fövqəlgüclərə malik olmayacaq və bu mövsüm, ilk iki mövsümün daha realist yanaşmasına qayıdacaq. Bununla belə, o sonradan təsdiqlədi ki, "Fleş" serialının II mövsümünün finalında baş verən hadisələr — Barri Allen / Fleşin anasını xilas etmək üçün keçmişə qayıtması — "Ox" teleserialının beşinci mövsümünə təsir göstərəcək. Mark Quqqenhaym əlavə edərək qeyd etmişdi ki, bu dəyişikliklərdən ən çox təsirlənən personaj Con Diql olacaq. "Fleş" serialının III mövsümünün ikinci epizodunda açıqlanır ki, Barrinin zamana müdaxiləsi nəticəsində Diqqlın qızı Sara mövcudluqdan silinmiş və onun yerinə Con Diql Kiçik adlı oğlu yaranmışdır.
Mark Quqqenhaym beşinci mövsümün əsas mövzusunu "miras" kimi təsvir edirdi: Oliver, Qara bülbülün (Keti Kessidi tərəfindən canlandırılan) ölümündən sonra onun mirasına sadiq qalmağa çalışır. Bu kontekstdə, Lorel Lensin itkisi Oliverin inkişaf etmək, irəli getmək və dəyişmək istəyinə baxmayaraq, onu daim keçmişinə qaytaran bir faktor kimi təqdim olunur. Quqqenhaym həmçinin qeyd edirdi ki, Oliver müəyyən mənada mövsümün əsas düşməni olan Prometeyin yaranmasına dolayı şəkildə səbəbkar olacaq. İlkin olaraq Quqqenhaym bu Prometey obrazının Qrant Morrison tərəfindən yaradılmış eyniadlı komiks personajına əsaslanmadığını bildirmişdi. Lakin sonradan onun mülki kimliyinin Adrian Çeyz olduğu açıqlanır. Komikslərdə bu personaj əslində viqilant kimi tanınır. Lakin Vendi Merikl izah edirdi ki, serial üçün onun Prometey kimi təqdim olunması məqsədli idi — çünki tamaşaçılar onun viqilant olacağını gözləyəcəkdilər. Bu dəyişikliklə yaradıcı heyət komiks mifologiyasını "alt-üst edərək" gözlənilməz və maraqlı süjet qurmaq istəyirdi.
V mövsümün fleşbek səhnələri Oliver Kuinin Rusiyadakı dövrünə fokuslanır və onun rus dilini necə öyrəndiyini, eləcə də Bratva ilə əlaqəsini simvolizə edən döyməni necə aldığını izah edir. Bu mövsüm həm də Oliverin adada keçirdiyi beşillik dövrü əks etdirən fleşbeklərə fokuslanan son mövsüm hesab olunur. Mark Quqqenhaym qeyd etmişdir ki, əvvəlki mövsümlərdən fərqli olaraq, beşinci mövsümün finalında Star-siti təhlükə altında olmayacaq və hadisələr ümumiyyətlə bu şəhərdə baş verməyəcək. Bunun əvəzinə, "Lian Yu" adlı final epizodu Lian Yu adasında cərəyan edir.
Aktyor seçimi Beşinci mövsümdə əsas aktyor heyəti əvvəlki mövsümlərdən geri qayıdır: Stiven Amell (Oliver Kuin/ Yaşıl Ox), Devid Ramsi (Con Diql / Spartalı), Villa Holland (Teya Kuin), Emili Bett-Rikards (Felisiti Smok) və Pol Blektorn (Kventin Lens). Dördüncü mövsümdə Körtis Holt rolunda təkrar çıxış edən Exo Kellum beşinci mövsümdə əsas heyətə daxil edilmişdir. Coş Seqarra isə mövsümə Edrian Çeyz rolunda qoşulmuşdur. Prometey maskası altında olan obrazı Maykl Dorn səsləndirmişdir.
İlk dörd mövsümdə Lorel Lens rolunu canlandıran Keti Kessidi bu mövsümdə qonaq aktrisa kimi geri dönmüş, eyni zamanda obrazın Dünya-2 versiyası olan Qara Siren rolunda da təkrar çıxış etmişdir (bu obraz ilk dəfə "Fleş" serialının ikinci mövsümündə təqdim olunmuşdur).
Malkolm Merlin rolunu canlandıran Con Barroumen, ikinci və üçüncü mövsümlərdə əsas heyətdə yer aldıqdan sonra Warner Bros. Television ilə müqavilə imzalamış və bu müqavilə ona "Ox" teleserialı ilə yanaşı digər Ox Kainatı layihələrində, o cümlədən "Fleş" və "Sabahın əfsanələri" seriallarında müntəzəm çıxış etməyə imkan vermişdir. Keçmiş əsas heyət üzvləri Süzanna Tompson (Moyra Kuin) və Manu Bennett (Sleyd Uilson) bu mövsümdə qonaq rollarla geri qayıtmışdır. Teya Kuin obrazı mövsüm ərzində nəzərəçarpacaq dərəcədə az görünür; Mark Quqqenyahm bunu Villa Hollandın müqaviləyə əsasən 23 seriyadan yalnız 14-də iştirak etməsi ilə izah etmişdir.
Beşinci mövsümün ilk epizodlarında Çad Koulman cinayət aləminin lideri Tobias Çörç rolunda çıxış edir. Bu obraz DC Comics nəşrlərində mövcud olan personajlara əsaslanmır; Koulman onu "Jay-Z, Dr. Dre və Şuq Naytın birləşmiş obrazı" kimi təsvir etmişdir.
Rik Qonzalez isə DC Comics obrazına əsaslanan Vəhşi Köpək rolunda çıxış edir. Lakin serialda onun mülki adı Rene Ramirez olaraq dəyişdirilmişdir (komikslərdə isə bu ad Cek Uilerdir). Qonzalez bildirmişdir ki, kastinqə qatılarkən hansı rolu oynayacağını bilmirdi və yalnız kostyum dizayneri Maya Mani ona Vəhşi Köpək obrazını canlandıracağını dedikdə bunu öyrənmişdir. Bu seçim onu təəccübləndirmişdi, çünki o, daha çox adi (maskasız) bir rol gözləyirdi.
Medison MakLaflin, əvvəlcə dördüncü mövsümün "Canary Cry" epizodunda Evelin Şarp rolunda çıxış etdikdən sonra, beşinci mövsümdə həmin rol ilə təkrarən seriala qayıdır. Onun obrazı artıq Artemida (komikslərdəki Artemida Krok obrazına əsasən) adı ilə tanınır.
2016-cı ilin noyabr ayında Culiana Harkavinin Tina Boland rolunda çıxış edəcəyi açıqlanmışdır. Daha sonra bu obrazın əslində Dayna Dreyk olduğu müəyyən edilmişdir; bu ad komikslərdəki ilk Qara bülbül obrazından götürülmüşdür.
Dizayn Beşinci mövsümdə kostyum dizayneri kimi Maya Mani yenidən layihəyə qayıtmışdır. Oliver Kuinin Yaşıl Ox kostyumu əvvəlki mövsümdə istifadə olunan versiyaya çox bənzər şəkildə hazırlanmışdır. Əsas fərqlərdən biri isə əvvəlki mövsümdə çıxarılan qolçaqların yenidən kostyuma əlavə edilməsidir.
Mövsüm ərzində Con Diql Spartalı dəbilqəsini yenisi ilə əvəz edir. Devid Ramsi qeyd etmişdir ki, yeni dəbilqə yalnız gizlənmək üçün deyil, həm də "fövqəladə funksiyalara" malikdir. Konsept rəssamı Endi Pun isə əlavə etmişdir ki, bu dəbilqə Diqla tam qorunma təmin edir və onun "Spartalı" kod adına uyğun olaraq real spartalı dəbilqəsinə daha çox bənzədilmişdir. Əvvəlki dəbilqə Marvel Comics personajı Maqnetonun dəbilqəsinə bənzədiyi üçün tənqid olunurdu; yeni dizayn isə bu bənzərliyi aradan qaldırmaq məqsədi daşıyırdı.
Vəhşi Köpək kostyumu komikslərdəki görünüşünə maksimum yaxın saxlanılmışdır; personajın kostyumu sadə sviter və hokkey qoruyucu elementlərindən ibarətdir. Rik Qonzalez bu dizaynın, obrazın xarakterini düzgün əks etdirdiyini təsdiqləmişdir. Dayna Dreykin viqilant kostyumu isə komikslərdəki Qara bülbül maskasına bənzər maska və dəri gödəkçə ilə tamamlanmışdır.
Çəkilişlər Beşinci mövsümün çəkilişləri 5 iyul 2016-cı ildə Vankuver şəhərində başlamış və 2017-ci ilin aprel ayında başa çatmışdır.
Ox Kainatı ilə əlaqələri