Zeynalov Eldar Bahadır oğlu () — kimya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2017). Azərbaycan kimyaçısı, Azərbaycanda və bir sıra xarici ölkələrdə kimyəvi kinetika və kataliz, yüksək molekullu birləşmələr və neft kimyası sahəsində mütəxəssis və ekspert, tanınmış kimyaçı-alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor, AMEA-nın akademik M. F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə" laboratoriyasının müdiri, eyni zamanda, "Neft mənşəli kaustobiolitlərdən nanokarbon materialları əsasında katalizatorların sintezi və tətbiqi üzrə fundamental tədqiqatlar (İNTERLABCAT)" beynəlxalq laboratoriyasının rəhbəri. 2009-cu ildən Amerika Kimya Cəmiyyətinin üzvüdür.
Həyatı Eldar Zeynalov 8 oktyabr 1948-ci ildə Bakı şəhərində ziyalı və alim, neft kimya sahəsində Azərbaycanın görkəmli alimlərindən biri, Azərbaycanın əməkdar elm xadimi, akademik Bahadır Zeynalovun ailəsində anadan olmuşdur. Həyat yoldaşı Zeynalova Səadət Məmməd qızı – təvəllüdü 1954, dil nəzəriyyəsi və german dilləri üzrə mütəxəssis, professor, filologiya elmləri doktoru, AFR-in Aleksandr-fon-Humboldt Fondunun laureatı, Ümumdünya Germanistlər Birliyinin üzvüdür.
Fəaliyyəti 1971-ci ildə E. B. Zeynalov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Eldar Zeynalovun elmi fəaliyyəti 1971-ci ildə başlanmış. O, Azərbaycan Dövlət Universitetinin Elmi Şurasının tövsiyəsi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının aspiranturasına daxil olub və sonra SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunun aspiranturasına göndərildi. 1976-cı ildə Moskva vilayəti, Çernoqolovka şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutun Bölməsində "Poliorqanosiloksanların oksidləşdirici destruksiyası və stabilləşməsi sahəsində tədqiqatlar" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və SSRİ Nazirlər Sovetinin nəzdində Ali Attestasiya Komissiyasının qərarı ilə "Fiziki kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görulmüşdür.
1989-cu ildə E. B. Zeynalov Azərbaycan Respublikası Elmlər Akademiyasının Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun İxtisaslaşmış Şurasında "Neft mənşəli təbii strukturların anti-radikal fəallığı" mövzusunda "Kimyəvi kinetika və kataliz" və "Neft kimyası" ixtisasları üzrə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və ona SSRİ Nazirlər Sovetinin Ali Attestasiya Komissiyasının qərarı ilə kimya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisası üzrə professor elmi adına layiq görülüb. 2017-ci ildə isə E. B. Zeynalov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi seçilib.
1999–2001-ci illər ərzində E. B. Zeynalov kontrakt əsasında Almaniyada Federal Materialların Tədqiqi və Testləşdirilməsi İnstitutunun tədqiqat layihəsinin iştirakçıları tərkibində işləyib. Professor E. B. Zeynalovun elmi araşdırmaları beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. O, 1981-ci ildə SSRİ XTÜN-nın Əsas Komitəsi tərəfindən SSRİ xalq təsərrüfatının inkişafı sahəsindəki nailiyyətlərinə görə bürünc medalla təltif olunmuşdur. Eldar Zeynalov Azərbaycanda təbii neft antioksidantlarına və fullerenlər, karbon nanoborular, nanoliflər və onların funksionallaşdırılmış analoqlarının karbohidrogenlərin aerob və peroksidlə oksidləşmə reaksiyalarında, polimer materialların termooksidativ destruksiyası və stabilləşdirilməsinə həsr olunmuş yeni elmi istiqamətlərin inkişafının köklərində duran Azərbaycanın ilk alimlərindən biridir.
Pedaqoji fəaliyyəti E. B. Zeynalov elmi yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olur. O, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Yüksəkmolekullu birləşmələr" kafedrasında və Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-kimya texnologiya fakültəsinin "Fiziki kimya" kafedrasında mühazirələr oxuyub.
Elmi fəaliyyətinin əsas istiqamətləri Fullerenlərin, metal saxlayan karbon nanoboruların, nanoliflərin və funksionallaşdırılmış karbon nanostrukturların iştirakında karbohidgenlərin və polimerlərin maye fazada katalitik aerob və peroksid oksidləşmə proseslərinin kinetik qanunauyğunluqlarının öyrənilməsi, sintetik neft- və oksiturşuların müasir tələblərə cavab verən alınma proseslərinin işlənib təkmilləşdirməsidir. Eyni zamanda nanoölçülü titan dioksidlərin katalitik iştirakında efirləşmə proseslərinin tədqiqi, fərdi və mürəkkəb üzvi və neft kompozisiyaların tərkibində olan antioksidantlarının fəallığına dair kinetik araşdırmaların aparılması və polimer materialllarının termiki və termooksidləşdirici stabilliyi məsələlərinin öyrənilməsidir.
Professor E. B. Zeynalovun pedaqoji fəaliyyətində elmi kadrların hazırlığı böyük yer tutur. Onun elmi rəhbərliyi altında 11 kimya elmləri üzrə fəlsəfə doktoru və 1 kimya üzrə elmlər doktoru yetişdirilib. Hal-hazırda o, 2 doktorantın elmi rəhbəri və 4 elmlər doktoru elmi dərəcəsi iddiaçısının elmi məsləhətçisidir.
Eldar Zeynalov özlərinin gələcək elmi fəaliyyətini kimya elminə həsr etməyini arzulayan gənclərin tərbiyəsində də fəal iştirak edir. O, 2011-ci ildən bu günə kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının buraxılış diplom işlərinin əvəzsiz elmi rəhbəridir.
Beynəlxalq konfranslarda iştirakı 2000–2017-ci illərdə E. B. Zeynalov Avropada nüfuzlu beynəlxalq konfransların iştirakçısı olub. Addcon-2000, the 6th International Plastics Additives and Modifiers Conference. 2000. Bazel, İsveçrə. Addcon-2001, the 7th International Plastics Additives and Modifiers Conference. 2001. Berlin, Almaniya. EDANA, Nonwovens Symposium. 2001. Kopenhagen, Danimarka. KGEO International Conference on Geosynthetics. 2001. Münhen, Almaniya. The 7th International Conference on Geosynthetics. 2002. Nice-French Riviera. Nitsa, Fransa. "Ekoanalitika-2003", Ətraf mühit obyektlərinin təhlili üzrə V Rusiya konfransı. 2003. Sankt-Peterburq. Rusiya. VI Beynəlxalq "Neft və qaz kimya" konfransı. 2006. Tomsk. Rusiya . Second International Caucasian Symposium on Polymers and Advanced Materials. 2010. Tbilisi. Gürcüstan. I Rusiya Neft Konqresi. 2011. Moskva. Rusiya. 19th International Symposium on Low Pressure Plasma. 2011. Dresden. Almaniya. "Functional Materials and Nanotechnologies-2011", International Conference. 2011. Riqa. Latviya. "Rosskataliz". Kataliz üzrə Rusiya konqresi. 2011. Moskva. Rusiya. Ümumi və Tətbiqi Kimya üzrə XIX Mendeleev qurultayı. 2011. Volqoqrad. Rusiya. Third International Caucasian Symposium on Polymers and Advanced Materials. 2013. Tbilisi. Gürcüstan. "Neftkimya və neft emalı problemlərinin həllində kataliz", II Rusiya-Azərbaycan beynəlxalq simpoziumu. 2013. Sankt-Peterburq. Rusiya. "Neft-qaz sənayesinin və neftkimyanın inkişafı" VII Beynəlxalq Elmi-Texniki Konfrans. 2014. Lvov. Ukrayna. NANO-2014, XII International Conference on Nanostructured Materials. 2014. Moskva. Rusiya. 4th International Caucasian Symposium on Polymers and Advanced Materials. 2015. Batumi. Gürcüstan. "Elmin XXI əsrdə aktual problemləri" VI Beynəlxalq multidistiplinar konfrans. 2016. Moskva. Rusiya ICNT-2016, 4th International Congress on Nanoscience and Nanotechnology. 2016. Kuala-Lumpur. Malayziya. "Advance in Petroleum and Gaz Industry and Petrochemistry", VIIIth International Scientific-Technical Conference. 2016. Lvov. Ukrayna. ICEPOM-10. The Jubilee 10th International Conference "Electronic Processesin Organic and Inorganic Materials". 2016. Ternopol. Ukrayna. Ümumi və Tətbiqi Kimya üzrə XX Mendeleev qurultayı. 2016. Ekaterinburg. Rusiya. "Katalitik reaksiyaların mexanizmləri" 10-cu Beynəlxalq Konfrans. 2016. Svetogorsk. Rusiya. 5th International Caucasian Symposium on Polymers and Advanced Materials. 2017. Tbilisi. Gürcüstan.
Beynəlxalq elmi cəmiyyətlərdə üzvlüyü 1990-cı ildə Beynəlxalq Yaradıcılıq Akademiyasınin müxbir üzvü 2009-cu ildə isə Amerika Kimya Cəmiyyətinin üzvü 2018-ci ildə "Qazaxıstan Kimya Jurnalı" redaksiya heyətinin tərkibinə daxil edilmişdir 2019-cu ildə "Condensed Matter Physics Report" jurnalının redaksiya heyətinin tərkibinə daxil edilib.
Elmi nailiyyətləri İlk dəfə Azərbaycan nefti və neft fraksiyalarının tərkibində təbii neft antioksidantların aktivliyi kinetik üsullarla tədqiq edilmiş və alınan nəticələrə görə Azərbaycan ərazisi üzrə neftlərin inhibitor aktivliyinə dair məlumat bankı yaradılmışdır. Təbii neft antioksidantların əsasında bir sıra effektiv stabilizator-antioksidant sistemləri yaradılmış və polimer kompozisiyalarda tətbiq edilmişdir. Təbii neft antioksidantlarının konsentratları tökmə şinlər və dam örtüyü materialları sənayesində tətbiq olunan poliuretan, polivinilxlorid və xlorpolietilen əsasında effektiv stabilizator-antioksidant kimi istifadə olunur. Neft karbohidrogenlərinin dizel fraksiyasının və bəzi poliolefinlərin oksidləşməsi proseslərinin kinetik qanunauyğunluqları tədqiq olunmuşdur. Azərbaycanda ilk dəfə olaraq neft karbohidrogenlərin və polimerlərin aerob oksidləşməsi proseslərində antioksidant və katalizator kimi nanokarbon quruluşları: C60 və C70 fullerenləri, bir- və çoxdivarlı metal tərkibli nano-karbon boruları və nanoliflər, funksionallaşmış karbon nanobirləşmələri -(OH)n- və (-NH)n-C60, hidroksil, Br- və TEMPO-tərkibli nanokarbon boruları tətbiq və tədqiq olunmuş və bu sahənin fundamental və praktiki elmi əsasları işlənib hazırlanmışdır. Nanokarbon katalizatorları iştirakında sintetik və oksi-neft turşularının alınma prosesləri işlənib hazırlanmışdır. Nano-titan dioksidin iştirakı ilə mürəkkəb efirlərin alınması prosesi hərtərəfli öyrənilmiş və onun əsasında müasir, ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli proses təklif olunmuşdur. Son illər professor E. B. Zeynalov müxtəlif nanokarbon katalizatorları və nanotitan dioksidin iştirakı ilə karbohidrogenlərin maye fazada hidrogen peroksidlə oksidləşmə proseslərinin tədqiqi ilə məşguldur. Bu sahədə E. B. Zeynalov tərəfindən çoxlu sayda icmal dərc olunmuş və göstərilmişdir ki, karbon nanobirləşmələrı (KNB) − füllerenlər və karbon nanoboruları hidrogen peroksidin parçalanmasında aktiv agentlərdirlər. Davamlı politsiklik karbohidrogen molekulları və strukturlarının oksidləşməsi, xüsusilə də fenol və neft kontaminantlarının parçalanması üçün mürəkkəb sistemlərdən ("Н2О2 + his С60/KNB") istifadə barədə təklif irəli sürülmüşdür.
Qrantları Elmi işlərin yerinə yetirilməsi prosesində E. B. Zeynalov nüfuzlu beynəlxalq elmi-tədqiqat qrantlar (18 dəfə) almışdır − Akademik Dəyişmənin Alman Xidməti (DAAD), Alman Tədqiqat Fondu (DFG), London Kral Cəmiyyəti (Royal Society), Metropolitan Mançester Universiteti, Materialların Tədqiqi və Testləşməsi üzrə Alman Federal İnstitutu, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Elm Fondu və Azərbaycan Respublikası Dövlət Neft Kompaniyasının Elm Fondu (SOCAR).
Elmi əsərləri