Cerard Svoup (; ) – yəhudiəsilli ABŞ elektrik mühəndisi və elektrotexnika biznesmeni. Herbert Bayard Svoupun qardaşıdır.
Karyerası Cerard Svoup Missuri ştatının Sent-Luis şəhərində doğulmuşdur. Atası saat qabı istehsalçısı idi. Svoup uşaq yaşlarından etibarən elektrik sahəsinə böyük maraq göstərmişdir. 1895-ci ildə Massaçusets Texnologiya İnstitutundan məzun olmuş və tezliklə Western Electric şirkətinin ümumi satış meneceri vəzifəsinə yüksəlmişdir. O, şirkətin ABŞ, Çin və Yaponiyada əlavə filiallarının açılmasında rol oynamışdır. 1913-cü ildə şirkətin vitse-prezidenti və direktoru seçilmişdir.
Birinci Dünya müharibəsi zamanı ABŞ ordusunun heyətinə daxil edilmiş və təltif olunmuşdur. O, Fransa və Yaponiyanın da medallarını əldə etmişdir. 1919-cu ildə General Electric şirkətinin prezidenti olmuş, 1922-ci ildə şirkət şurasının sədri seçilmişdir. O, 1939-cu ilə qədər bu vəzifələri yerinə yetirməyə davam etmişdir. Onun başçılığı altında şirkət daha da uğur qazanmışdır. O, 1939-cu ildə şirkətdən ayrılaraq Nyu-York Şəhər Mənzillə Təminetmə Müvəkkilliyi kimi könüllü təşkilatlar üçün xidmət göstərməyə başlamışdır.
Töhfələri Svoup 1931-ci ildə təqdim olunan Svoup planının müəllifi olmuşdur. Bu plan sənayeni stabilləşdirməyi və işsizliyin qarşısını almağı nəzərdə tutmuşdu.
Svoup radiotexnika sahəsindəki fəaliyyətinə görə də tanınır. O, radionun inkişafında və radio hissələrinin istehsalında iştirak etmişdir. ABŞ Milli Yayım və Radio Korporasiyasının prezidenti olmuşdur. O, bir çox elmi dərəcəyə layiq görülmüş, Huver medalı və Sosial Elmlər üzrə Milli Akademiyanın qızıl medalı ilə təltif olunmuşdur. 1957-ci ildə İsraili ziyarət etmiş və İsrail Texnoloji İnstitutuna bir neçə milyon ABŞ dolları vəsiyyət etmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:ABŞ yəhudiləri Kateqoriya:ABŞ iş adamları Kateqoriya:Elektrik mühəndisləri Kateqoriya:"Doğan günəş" ordeni ilə təltif edilənlər Kateqoriya:"Fəxri Legion" ordeni ilə təltif edilənlər