Qərbi Azərbaycan İcması (QAİ) — hazırkı Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlik.

Tarixi və ideologiyası Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İB-nin 2022-ci il avqustun 3-də keçirilən ümumi yığıncağında birliyin "Qərbi Azərbaycan İcması" adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub. İcmanın rəhbəri Milli Məclisin deputatı Əziz Ələkbərlidir.

Nərimanov rayonu, G. Qədirbəyova küçəsində yerləşən və vaxtilə Şuşa Rayon İcra Hakimiyyətinin və "Qarabağa dönüş" təşkilatının (əvvəlki adı: Dağlıq Qarabağın Azərbaycanlı İcması) yerləşdiyi binada 2022-ci ilin avqustundan "Qərbi Azərbaycan İcması" fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.

İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların evlərinə qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə icmanın vəzifələri və hüquqları müəyyən edilib."Qərbi Azərbaycan İcması" adlı yeni təşkilat yaradılıb İcma Azərbaycan Milli Elmlər Akademiyası ilə qarşılıqlı elmi əlaqələrin inkişafı ilə bağlı görüşlər keçirib.

2023-cü ilin yanvarında qərbi azərbaycanlıların qayıdış konsepsiyası təqdim edilmişdir. Burada qərbi azərbaycanlıların Ermənistana qayıtması, qayıdışdan sonra onların Azərbaycan Respublikası ilə maneəsiz əlaqələrinə imkan verilməsi, Ermənistandakı mədəni irs nümunələrinin qorunması məsələləri qeyd edilmişdir.

2024-cü ilin oktyabrında Azərbaycan Milli Məclisində Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılmışdır. Beləliklə, Qərbi Azərbaycan İcması Ermənistana qayıdış mövzusunu regional və beynəlxalq miqyasda, parlamentlərarası münasibətlərdə əlaqələndirmək imkanı əldə etmişdir.

Strukturu İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları (Qəyyumlar Şurasının sədri Mürvət Həsənlidir), İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar fəaliyyət göstərir. 8 yanvar 2023-cü ildə Qərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası yaradılıb.

Qərbi Azərbaycan İcmasının Azərbaycan Respublikası ərazisində Gəncə, Sumqayıt və Goranboy-Naftalan nümayəndəlikləri yaradılmışdır. Azərbaycandan kənarda isə Niderlandda nümayəndəlik yaradılmışdır. 2024-cü ildə Türkiyə nümayəndəliyi yaradımışdır. Dr. Asif Kurban buraya nümayəndə təyin edilmişdir.

Fəxri üzvləri Aşağıdakı şəxslərə Qərbi Azərbaycan icması fəxri üzvlüyü verilmişdir:

Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri (2014–2023), deputat Mövlud Çavuşoğlu İrəvan xanı Hüseynəli xanın törəməsi Əmir Əli Sərdari İrəvani Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, deputat Zafer Sırakaya Qərargahı Brüsseldə yerləşən Ümumdünya Pan-Afrika Qadın Liderləri Hərəkatının Baş katibi Aişa Başa Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım İsveçrədə fəaliyyət göstərən Su, Ətraf Mühit və Sağlamlıq Qlobal İnstitutunun təsisçisi və baş direktoru, İsveçrə Su Tərəfdaşlığı və Asiya Su Şurasının üzvü Nidal Salim Türkiyə Böyük Millət Məclisinin deputatı Cantürk Alagöz Amerikan Dini Azadlıq Mərkəzinin rəhbəri Cannah Skott Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini, deputat Orhan Erdem Rumıniyada fəaliyyət göstərən İncəsənət və İrs Assosiasiyasının prezidenti Nikoleta Zaqura Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Hüseyin İşıksal Qazaxıstan Mədəniyyət və Turizm Nazirliyi nəzdində Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun direktoru, sabiq səfir Talqat Kaliyev Suxumi Dövlət Universitetinin elmi jurnalının redaktoru, AMEA-nın A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun fəxri doktoru, Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunan Quram Marxuliya Türkiyədə Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin müdiri Yaşar Sarı "Economyfirst Limited London" şirkətinin direktoru, jurnalist Klaus Peter Ralf Yürgens İtaliyanın beynəlxalq məsələlər üzrə "Opinio Juris — Hüquq və Siyasət İcmalı" jurnalının baş redaktoru və Strasburqda Avropa Gəncləri Beyin Mərkəzinin tədqiqatçısı Valentina Çabert

Mədəniyyəti

2023-cü ilin iyulundan etibarən Qərbi Azərbaycan icması "Qərbi Azərbaycan TV" YouTube kanalını idarə edir. Kanalda hər həftə bir neçə epizod yayımlanır. Burada tarixçi Rizvan Hüseynov və Qarabağın tarixi Cavanşirlər sülaləsindən olan, hərbçi Zaur Cavanşir iştirak edir.

2024-cü ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan icmasının üzvlərinin iştirakı ilə Aşıq Ələsgərin heykəlinin açılışını etmişdir. Açılışda Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov və Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli prezidentə öz təşəkkürlərini bildirmişdir.

Bundan başqa, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasında "Qərbi Azərbaycana qayıdış" festival-konqresi keçirilmişdir. 2025-ci ildə "Qərbi Azərbaycan İrsi" kitabının I cildi təqdim edilmişdir. Qərbi Azərbaycanı təmsil etməsi üçün "Zəngəzur" futbol klubu yaradılmışdır. Klubun kollektivinə Qərbi Azərbaycan İcması da dəstək olacaq.

Əlaqələr

Beynəlxalq əlaqələr 2023-cü ilin fevralında Qərbi Azərbaycan icması Ermənistan baş naziri Nikol Paşinyana məktub göndərmiş, onu azərbaycanlıların Ermənistana geri qayıdışı üçün dialoqa başlamağa dəvət etmişdir. Ancaq erməni hakimiyyəti bu çağırışa cavab verməmişdir. Eyni ilin martında Azərbaycan prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasına istinad edərək, əvvəllər Ermənistanda yaşayan azərbaycanlılarla keçmişdə Dağlıq Qarabağda yaşamış ermənilərə eyni münasibət göstərilməsini tələb etmiş, Ermənistan bunu rədd etmişdir.

6 oktyabr 2023-cü ildə Qərbi Azərbaycan İcması nümayəndəsi Kamal Cəfərov Cenevredə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) İcraiyyə Komitəsinin, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının və "Cenevrə Geostrateji Observatoriyası" təşkilatının məsul şəxsləri ilə görüşlər keçirmişdir. Azərbaycanlıların Ermənistana qayıdışı və reinteqrasiyası məsələləri müzakirə edilmişdir.

23 oktyabr 2023-cü ildə Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç Qərbi Azərbaycan İcması rəhbərliyi və icmaya daxil olan azərbaycanlılarla görüş keçirmişdir. Görüşdə azərbaycanlıların Ermənistana qayıdışı məsələsi müzakirə edilmişdir. Miyatoviç qayıdış məsələsinin siyasi iradə tələb etdiyini bildirmiş, bu məsələlərlə bağlı özünün səlahiyyətlərinə uyğun olaraq işləyəcəyini qeyd etmişdir.

5 dekabr 2023-cü ildə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Türkiyənin hakim partiyasının (AK Parti) sədr müavini, Türkiyənin millət vəkili Zəfər Sırakaya ilə görüş keçirmişdir. Görüşdə ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılmış, azərbaycanlıların Ermənistana qayıtmaq məsələsi müzakirə edilmişdir.

5 dekabr 2025-ci ildə Qərbi Azərbaycan İcması rəsmiləri Almaniyanın İqtisadi İnkişaf və Xarici Ticarət Federal Assosiasiyasının idarəedici direktoru, Almaniya–Azərbaycan Forumu İdarə Heyətinin sədri Urs Emil Unkauf ilə görüş keçirmişdir. Görüş çərçivəsində Ermənistan azərbaycanlılarının Ermənistana qayıdış məsələsi müzakirə edilmiş, Unkauf Almaniya–Azərbaycan Forumu çərçivəsində bu tipli məsələlərin müzakirə edilə biləcəyini qeyd etmişdir.

6 dekabr 2025-ci ildə Qərbi Azərbaycan İcması rəsmiləri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abdulqafor Kirgizbayevlə görüşmüşdür. Görüş əsnasında Qərbi Azərbaycan məsələsinin Özbəkistanda tanıdılması üçün əməkdaşlığın genişləndirilməsi müzakirə edilmişdir. Ələkbərli həm də ortaq türk əlifbasının artıq formalaşdığını, ortaq türk dilinin müəyyən edilməsinin isə vacib olduğunu bildirmişdir.

İrəvan qazılığı ilə əlaqələr 11 dekabr 2025-ci ildə Qərbi Azərbaycan İcması ilə İrəvan qazılığı arasında görüş keçirilmişdir. Burada dini-mənəvi irsin araşdırılması, bu istiqamətdə sistemli əməkdaşlığın genişləndirilməsi və beynəlxalq platformalarda nəticələrin təqdimatı mövzusunda İrəvan qazısı ilə fikir mübadiləsi aparılmışdır. İrəvan qazısı Hacı Bəxtiyar Nəcəfov qayıdışın sadəcə siyasi yox, həm də mədəni və dini məsələ olduğunu qeyd etmiş, buna görə də Qərbi Azərbaycan İcması ilə əməkdaşlığın vacib olduğunu bildirmişdir. Razılığa gəlinmişdir ki, dini irsin araşdırılması, faktların toplanması və ictimai məlumatlandırma koordinasiyalı şəkildə həyata keçirilsin.

Həmçinin bax Ermənistan azərbaycanlıları Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi (1992–2021)

Xarici keçidlər Vikimənbədə İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – qayıdış konsepsiyası haqqında mənbə var.

İstinadlar

Mənbə Azərbaycan Milli Kitabxanası / Elektron Məlumat Bazası / Qərbi Azərbaycan İcması

Kateqoriya:Qarabağ münaqişəsi