Fatma Məhəmməd qızı Əfəndiyeva () — Azərbaycan maarifçisi, jurnalist, ictimai xadim və aktrisa. İrəvanda azərbaycanlı qadınlar arasında aparılan mədəni-maarif işinin fəal iştirakçılarından olmuş, "Rəncbər" və "Zəngi" qəzetlərinin ilk qadın müxbirlərindən biri kimi fəaliyyət göstərmişdir. O, həmçinin İrəvan Azərbaycan teatr mühitində səhnəyə çıxan ilk azərbaycanlı qadınlardan biridir.

Həyatı Fatma Məhəmməd qızı Əfəndiyeva 1906-cı ildə Qazax qəzasının Çaykənd kəndində anadan olmuşdur. İlk təhsilini ikisinifli Çaykənd məktəbində almışdır. İctimai-siyasi xadim Bala Əfəndiyevin əmisi qızı və həyat yoldaşı olmuşdur. 1921-ci ilin sonlarından 1929-cu ilin ortalarınadək İrəvan şəhərində yaşamışdır.

Fatma Əfəndiyeva 1920-ci illərdə İrəvandakı azərbaycanlı qadınların ictimai və mədəni həyatında fəal iştirak etmişdir. O, "Rəncbər" qəzetinin ilk qadın müxbirlərindən biri olmaqla yanaşı, İrəvanda azərbaycanlı qadınlar üçün yaradılmış Qadınlar Klubunun rəhbərlərindən biri olmuşdur. Klubun nəzdində savadsızlığın ləğvi kursları, dərzilik kursları, dram və özfəaliyyət dərnəkləri fəaliyyət göstərirdi. Fatma Əfəndiyeva eyni zamanda İrəvan Azərbaycanlı Qadınlar Klubunun nəzdindəki gənclər özəyinin katibi olmuşdur.

"Zəngi" qəzetinin fəal qadın müəlliflərindən biri olan Fatma Əfəndiyeva qadın azadlığı, savadsızlıq, hüquqsuzluq, azyaşlı qızların ərə verilməsi, qadınların ictimai həyatdan təcrid olunması və çadra əleyhinə mübarizə mövzularında yazılarla çıxış etmişdir. O, 1920-ci illərdə Ermənistanda latın əlifbasına keçid kampaniyasında və azərbaycanlı qadınların yeni əlifba əsasında savadlandırılması işində də iştirak etmişdir.

Fatma Əfəndiyeva İrəvandakı Azərbaycan teatr mühitinin fəal iştirakçılarından olmuşdur. 1922-ci ildən Yunis Nurinin rəhbərlik etdiyi türk teatr truppasının fəaliyyətində iştirak etmişdir. 1924-cü ildə "İki yol və yaxud Məhəmmədəmin Azəri" tamaşasında Gülsüm rolunu oynayaraq İrəvanda səhnəyə çıxan ilk azərbaycanlı qadınlardan biri olmuşdur. 1924-cü ilin sonunda Hüseyn Cavidin "İblis" faciəsində Rəna, 1926-cı ildə isə "Şeyda" faciəsində Roza rolunu ifa etmişdir.

1938-ci ildə həyat yoldaşı Bala Əfəndiyev repressiyaya məruz qalaraq güllələnmişdir. Həmin dövrdə Fatma Əfəndiyeva da repressiyaya məruz qalaraq sürgün edilmişdir. Sonrakı illərdə Bala Əfəndiyev və Fatma Əfəndiyeva barəsində çıxarılmış qərarlara yenidən baxılmış və onlar bəraət almışlar.

Fatma Əfəndiyeva 1990-cı ildə vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan maarifçi qadınları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan teatr xadimləri Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Ermənistan azərbaycanlıları