Rza Rəsuli () — siyasətçi, ictimai xadim, "21 Azər" hərəkatının iştirakçısı. Azərbaycan Milli Hökuməti dövründə Ticarət və İqtisadiyyat naziri.
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra təqib olunduğu üçün 2 il Təbrizdə gizlənib. Bu dövrdə öz xatirələrini qələmə alıb. 1948-ci ildə həbs olunub. Azadlığa çıxdıqdan sonra Tehranda yaşayıb.
Haqqında Rza Rəsuli 1892-ci ildə Təbrizdə anadan olub. Təhsilini bitirdikdən sonra İran Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə xidmət edib. Bu nazirliyin tabeliyində müxtəlif illərdə Təbriz, İsfahan və Kirmanşahda fəaliyyət göstərib. Daha sonra Marağa şəhərinin meri təyin olunub. 1942-ci ildə Təbrizə dəvət olunub və Təbriz bələdiyyəsində işləməyə başlayıb.
1945-ci ildə Azərbaycan Demokrat Partiyası yaradıldıqdan sonra partiyanın Mərkəzi Təftiş Komissiyasının üzvü olub. 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başladı. Rza Rəsuli də Azərbaycan Xalq Konqresində nümayəndə kimi iştirak edib. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Rza Rəsuli qurulmuş hökumətdə Ticarət və İqtisadiyyat naziri təyin olunub.
1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi cavabsız qaldı.
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.
Rza Rəsuli də bu dövrdə təqiblərdən qurtulmaq üçün 2 il Təbrizdə gizlənib. Gizləndiyi dövrdə öz xatirələrini qələmə almağa başlayıb. 1948-ci il noyabrın 28-də bir neçə tanışının ona zaminliyi ilə Tehrana gəlib və hərbi prokurorluğa təslim olub. Bir neçə müddət çəkən məhkəmələrdən sonra 5 il həbs cəzasına məhkum edilib. 1949-cu ilin noyabr ayında əfv olunub və azadlığa buraxılıb.
1984-cü ildə Tehranda vəfat edib. Rey şəhərində İmamzadə Abdulla qəbiristanlığında öz atasının və oğlunun yanında dəfn olunub.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Cənubi Azərbaycan tarixi Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri Kateqoriya:Azərbaycan Milli Hökumətinin Milli Məclisinin deputatları Kateqoriya:Reydə dəfn olunanlar