Maqomedxan Maqomedoviç Maqomedov (; ) və ya Məhəmmədxan Məhəmmədov — 2017–2021-ci illərdə Rusiyanı, 2022-ci ildən isə Azərbaycanı təmsil edən sərbəst güləşçi; "Paris 2024" — XXXIII Yay Olimpiya Oyunlarının bürünc medalçısı; Avropa Çempionatlarının qalibi (2022) və Dünya Çempionatının finalçısı (2023).
O, 2022-ci ildə Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatlarında qızıl medala sahib olub, 2023 və 2024-cü illərdə isə Avropa Çempionatının finalçısı olub. 2023-cü il Dünya Çempionatını da gümüş medalla başa vurub. Karyerası ərzində isə ümumi olaraq mübarizə apardığı 20 beynəlxalq turniri 5 qızıl, 8 gümüş və 4 bürünc medalla başa vurub.
Azərbaycan idmanında xidmətlərinə görə 2024-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Həyatı 27 yanvar 1998-ci ildə Dağıstanın Qızılyar rayonunda anadan olub. Milliyyətcə avardır. 12 yaşından güləşlə məşğul olmağa başlayıb. Mahaçqalanın Dinamo İdman Klubunda məşq edib. Şəxsi məşqçisi Əli Əliyev olub.
Karyerası
2017-ci il: Beynəlxalq turnirlərdə debüt O, beynəlxalq səviyyədə birinci turniri 16–17 sentyabrda Belarusda üç qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə baş tutan beynəlxalq turnir oldu. Turnirin təsnifat mərhələsində onun rəqibi Litva nümayəndəsi Luhas Krasaushas oldu. Amma rəqib görüşdən əvvəl zədə aldığına görə görüş baş tutmadı, Maqomedov isə qalib elan edildi və növbəti mərhələdə adladı. 1/4 final mərhələsində o, Qazaxıstan güləşçisi Ömər Jumaş ilə üz-üzə gəldi. Bu görüşdə Maqomedov rəqibi üzərində vaxtından əvvəl 12:0 hesabı ilə təmiz qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Georgi Qoqayev oldu. Rəqib martda Macarıstanda U23 Avropa Çempionatının finalçısı olmuşdu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Maqomedov rəqibinə 6:5 hesabı ilə qalib gəldi və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə o, Gürcüstan güləşçisi Qivi Maçaraşvili ilə üz-üzə gəldi. Rəqib il ərzində U17 və U23 Avropa Çempionatlarının qalibi, U17 Dünya Çempionatının isə finalçısı olmuş güləşçi idi. Həmin görüşdə Maqomedxan Maqomedov rəqibinə məğlub oldu və beynəlxalq turniri gümüş medalla başa vurdu.
Daha sonra o, Dağıstanın Xasavyurt şəhərində baş tutan IX Qitələrarası Kubok beynəlxalq turnirində mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Maqomedov Özbəkistan nümayəndəsi Məhəmməd İbrahimov ilə üz-üzə gəldi. Rəqib 2016-cı il Rio-de-Janeyro Olimpiadasının bürünc medalçısı idi. Həmin görüşdə Maqomedov rəqibinə 4:10 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Maqomedov bürünc medal uğrunda təsəlliverici qrupda mübarizə apardı. Birinci görüşdə Maqomedov Rusiya güləşçisi Şərəf Əlixanova qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Türkiyə nümayəndəsi Yunus Emre Dede oldu. Həmin görüşdə Maqomedxan Maqomedov rəqibi üzərində 12:6 hesabı ilə qələbə qazandı və turnirin bürünc medalına sahib oldu.
Maqomedovun 2017-ci ildə son turniri noyabrda Qazaxıstanın Taraz şəhərində tanınmış dövlət xadimi Dinməhəmməd Kunayevin şərəfinə baş tutan beynəlxalq turnir oldu. Təsnifat mərhələsində Maqomedovun rəqibi Gürcüstan nümayəndəsi Elizbar Odixadze oldu. Rəqib son Avropa Çempionatının bürünc medalçısı idi. Həmin görüşdə Maqomedov rəqibinə 12:8 hesabı ilə qalib gəldi və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qazaxıstan güləşçisi Mamed İbrahimov oldu. Bu görüşdə Maqomedov rəqibinə 2:6 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Maqomedov bürünc medal uğrunda təsəlliverici qrupda mübarizə apardı. Birinci görüşdə Maqomedov Yaponiya güləşçisi İşiguro Tahaşiya qalib gəldi (5:0) və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Qazaxıstan nümayəndəsi Duman Bultrıxov oldu. Həmin görüşdə Maqomedxan Maqomedov rəqibi üzərində vaxtından əvvəl 16:6 hesabı ilə təmiz qələbə qazandı və turnirin bürünc medalına sahib oldu.
2018-ci: U20 Dünya çempionluğu Maqomedxan Maqomedovun 2018-ci ildə birinci turniri 11–14 mayda Dağıstanda beş qat dünya çempionu Əli Əliyevin şərəfinə baş tutan beynəlxalq turnir oldu. Qrup mərhələsinin birinci görüşündə Maqomedov Rusiya nümayəndəsi Zaynulla Qurbanov ilə üz-üzə gəldi. Rəqib 2015 və 2016-cı illərdə U23 Avropa Çempionatının bürünc medalçısı olmuşdu. Həmin görüşdə Maqomedov rəqibinə məğlub oldu. Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Rusiya güləşçisi Tamerlan Rasuyev oldu. Bu görüşdə Maqomedov rəqibi üzərində vaxtından əvvəl 11:1 hesabı ilə təmiz qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rusiya nümayəndəsi Əhməd Batayev oldu. Bu görüşdə Maqomedov rəqibinə 12:7 hesabı ilə qalib gəldi və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə o, qrup mərhələsində məğlub olduğu Rusiya güləşçisi Zaynulla Qurbanov ilə üz-üzə gəlməli idi. Amma rəqib yarım-final mərhələsində zədə aldığına görə görüş baş tutmadı, Maqomedxan Maqomedov isə turnirin qalibi elan edildi.
17–24 sentyabrda isə Maqomedxan Maqomedov birinci dəfə nüfuzlu beynəlxalq turnirdə çıxış etdi. Maqomedov Trnava şəhərində baş tutan 20 yaşlılar arasında Dünya Çempionatında mübarizə apacaq sərbəst güləş üzrə Rusiya yığmasının heyətinə cəlb edildi. Təsnifat mərhələsində Maqomedov Kanada nümayəndəsi Riçard Deşatelets ilə üz-üzə gəldi. Həmin görüşdə Maqomedov rəqibi üzərində vaxtından əvvəl, 3:30 dəqiqə ərzində 13:0 hesabı ilə təmiz qələbə qazandı və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İran güləşçisi Səcəd Əzizi oldu. Bu görüşdə Maqomedov rəqibinə 1:06 dəqiqə ərzində "tuş"la qalib gəldi (6:0F) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə o, Gürcüstan nümayəndəsi Zuri Urtaşvili ilə üz-üzə gəldi. Üçüncü görüşündə də Maqomedov rəqibi üzərində vaxtından əvvəl, bu səfər 1:28 dəqiqə ərzində təmiz qələbə qazandı (11:0) və U20 Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Türkiyə güləşçisi Feyzullah Ağtürk oldu. Maqomedov dördüncü görüşünü də rəqibinə vaxtından əvvəl (4:06 dəqiqə ərzində) qalib gəldi (12:1) və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi ABŞ nümayəndəsi Zaçero Elam oldu. Final görüşündə də Maqomedov rəqibi üzərində asan qələbə qazandı. Maqomedxan Maqomedov 2:12 dəqiqə ərzində rəqibinə 11:0 hesabı ilə qalib gəldi və 20 yaşlılar arasında Dünya Çempionatının qızıl medalına sahib oldu. Maqomedov turnirdə beş görüşün hamısını vaxtından əvvəl qələbə ilə başa vurdu və beş görüşdə ümumi olaraq rəqiblərindən 53 xal aldı.
2019-cu il: Abdulrəşid Sadulayevlə rəqabət Maqomedxan Maqomedov 2018-ci ildə U20 Dünya Çempionatının qalibi olsa da, 2019-cu il ərzində nüfuzlu beynəlxalq turnirlərə aparılmadı. Bunun əsas səbəbi sərbəst güləş üzrə Rusiya yığmasının bir nömrəsinin üç qat dünya çempionu, 2016-cı il Rio-de-Janeyro Olimpiadasının qalibi Abdulrəşid Sadulayevin olması idi. Bunun nəticəsi olaraq apreldə Rumıniyada Avropa Çempionatı, iyunda Belarusda Avropa Oyunları və sentyabda Qazaxıstanda Dünya Çempionatına məhz Abdulrəşid Sadulayevin aparıldı və Sadulayev ona göstərilən etimadı doğruldaraq hər üç turnirdə qızıl medala sahib oldu.
Maqomedovun 2019-cu ildə birinci turniri 15–17 noyabrda Qazaxıstanın Taraz şəhərində tanınmış dövlət xadimi Dinməhəmməd Kunayevin şərəfinə baş tutan beynəlxalq turnir oldu. 2 il əvvəl analoji turnirin qalibi olan Maqomedov bu səfər gümüş medala sahib oldu. Cəmi dörd güləşçinin mübarizə apardığı və dairə sistemlə aparılan turnirdə Maqomedov birinci görüşdə Belarus nümayəndəsi Alexander Quştına məğlub oldu (0:6). Növbəti görüşdə Qazaxıstan güləşçisi Arslanbəy Turdubəyov üzərində vaxtından əvvəl 10:0 hesabı ilə təmiz qələbə qazanan Maqomedxan Maqomedov ümumi nəticədə turniri gümüş medalla başa vurdu.
Maqomedxan Maqomedov üçün ilin sonuncu turniri Şimali Osetiyanın Vladiqafqaz şəhərində baş tutan "Alanlar" beynəlxalq turniri oldu. 1/8 final mərhələsində Maqomedov Rusiya nümayəndəsi Bola Qoqayev ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Maqomedov rəqibinə 5:2 hesabı ilə qalib gəldi və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Türkmənistan güləşçisi Ziyaməhəmməd Saparov oldu. Bu görüşdə Maqomedov rəqibinə 4:3 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə o, 2016-cı il Rio-de-Janeyro Olimpiadasının çempionu, ABŞ nümayəndəsi Kayl Snayder ilə üz-üzə gəldi. Həmin görüşdə Maqomedov titullu və təcrübəli rəqibinə 2:7 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi. Həlledici görüşdə onun rəqibi Belarus güləşçisi Alexander Quştın oldu. Maqomedov həmin rəqibinə bir ay əvvəl beynəlxalq turnirdə məğlub olmuşdu. Rəqibindən revanş almaq istəyən Maqomedxan Maqomedov buna nail ola bilmədi və rəqibinə 3:5 hesabı ilə məğlub olaraq "Alanlar" beynəlxalq turnirini beşinci pillədə başa vurdu.
2020-ci il: COVID pandemiyasına səbəbilə boş mövsüm Maqomedxan Maqomedov 2020-ci ilin 22–26 yanvarında Rusiyada 1972 və 1976-cı illərin olimpiya çempionu İvan Yarıginin şərəfinə baş tutan beynəlxalq turnirdə mübarizə apardı. Turnirin təsnifat mərhələsində onun rəqibi Qazaxıstan nümayəndəsi Seri Baxıtxanov oldu. Həmin görüşdə Maqomedov rəqibi üzərində 8:0 hesabı ilə inamlı qələbə qazandı və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə o, Rusiya güləşçisi Şamil Musayev ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Maqomedov rəqibinə 3:2 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rusiya nümayəndəsi Aslanbəy Qazzayev oldu. Bu görüşdə Maqomedov rəqibi üzərində vaxtından əvvəl 12:1 hesabı ilə təmiz qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə o, Rusiya güləşçisi Vladislav Baysayev ilə üz-üzə gəldi. Rəqib son Rusiya çempionu idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Maqomedov rəqibinə 5:6 hesabı ilə məğlub oldu və İvan Yarıginin şərəfinə baş tutan beynəlxalq turniri gümüş medalla başa vurdu.
Sərbəst güləş üzrə Rusiya yığmasının məşqçiləri 2020-ci ilin fevralında İtaliyanın Roma şəhərində baş tutan Avropa Çempionatına bu səfər də Abdulrəşid Sadulayevi apardı, Sadulayev də bu etimadı növbəti dəfə doğruldaraq Avropa çempionu oldu. Həmin ilin martından dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbilə 2020-ci il ərzində baş tutmalı olan Olimpiya Oyunları və Dünya Çempionatı da daxil olmaqla bir sıra beynəlxalq turnirlər təxirə salındı və ya ləğv edildi.
2021-ci il: Sadulayevə məğlubiyyət və Azərbaycana gəliş Bir ildən çox davam edən fasilədən sonra Maqomedxan Maqomedov nəhayət 2021-ci ilin martında birinci turnirində mübarizə apardı. Maqomedov Buryatiyanın Ulan-Ude şəhərində baş tutan Rusiya Çempionatında çıxış etdi. Turnirin təsnifat mərhələsində Maqomedov Anzor Xizriyeva 2:3 hesabı ilə məğlub oldu və Rusiya Çempionatını uğursuzluqla başa vurdu. Apreldə Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatına sərbəst güləş üzrə Rusiya yığmasının məşqçiləri Əlixan Cəbrayılovu apardı. Cəbrayılov da bu etimadı növbəti dəfə doğruldaraq Avropa çempionu oldu.