Mirqasım Çeşmazər() ― 1954–1959-cu illərdə Azərbaycan Demokrat Firqəsinin sədri, alim.
Azərbaycan Milli Hökuməti dövründə Təbriz fədai dəstələrinin komendantı, Mir Cəfər Pişəvərinin köməkçisi, Azərbaycan Radio komitəsinin sədri olub.
Həyatı Mirqasım Mikayıl oğlu Çeşmazər 1920-ci ildə anadan olub. 1938-ci ildə Azərbaycan SSR-dən İrana deportasiya olunub.
1944-cü ildə yaradılmış Tudə partiyasının Təbriz Komitəsinin üzvü olub. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü olub. 1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb. Mirqasım Çeşmazər də bu konqresdə nümayəndə kimi iştirak edib. 1945-ci il dekabrın 10-dan 1946-cı il yanvarın 15-ə qədər Təbriz fədai dəstələrinin komendantı, 1946-cı ilin yanvar ayından iyun ayına qədər Mir Cəfər Pişəvərinin köməkçisi olub. 1946-cı il aprelin 26-da Azərbaycan Radio komitəsinin nəzdində açılmış Təbriz radiosunun sədri olub. 1946-cı il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yaradılmasının birinci ildönümündə, milli-demokratik hərəkatda iştirak etdiyi üçün "Səttarxan" ordeni ilə təltif olunub.
1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Mir Cəfər Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi cavabsız qaldı.
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.
Milli Hökumət dağıldıqdan sonra bir müddət Təbrizdə gizli yaşayıb. Bir neçə ay sonra Bakıya mühacirət edib. Burada "Azərbaycan Demokrat Firqəsinin yaranması və fəaliyyəti" mövzusunda elmi işi müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. AMEA-nın Şərqşünaslıq İnstitutunda "Cənubi Azərbaycan tarixi" şöbəsində elmi fəaliyyətlə məşğul olub.
Mirqasım Çeşmazər 1954-cü ildə Azərbaycan Demokrat Firqəsinin konfransında seçkilər yolu ilə firqənin sədri seçilib. 1954-cü ildən 1959-cu ilə qədər Azərbaycan Demokrat Firqəsinin sədri olub. 1986-cı ildə, Bakıda "Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti" adlı monoqrafiyasını çap etdirib. 1988-ci ildə başlamış Meydan hərəkatının iştirakçısı olub.
2000-ci ildə dünyasını dəyişib.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Mirqasım Çeşmazər — Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti / Bakı, 1986-cı il.
Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri Kateqoriya:"Səttarxan" ordeni ilə təltif olunanlar Kateqoriya:Tudə partiyasının üzvləri