Alfonso de Zamora (; ) – yəhudiəsilli İspaniya alimi. Bibliyanın tərcüməçisi olmuşdur.
Həyatı 1474-cü ildə İspaniyanın Zamora şəhərində anadan olan Alfonso yəhudi Xuan de Zamoranın oğlu idi. O, 18 yaşına qədər yeşivada (yəhudi dini təhsil müəssisəsi), ehtimal ki, məşhur Kampanton yeşivasında təhsil almış, 1492-ci ildə ailəsi ilə birlikdə Portuqaliyaya köçmüş və təxminən 1497-ci ildə artıq katolisizmi qəbul etmiş halda geri qayıtmışdı. Vəftizinin dəqiq tarixi ilə bağlı mənbələr arasında fikir ayrılığı var: bəzi mənbələr 1492-ci, digərləri isə 1506-cı ili göstərir. Tarixçi Ahuva Ho hesab edir ki, Alfonso, ehtimal ki, ömrünün sonunadək yəhudiliyə gizli şəkildə etiqad etməyə davam etmişdir.
Alfonso 1512-ci ilə qədər Salamanka Universitetində ivrit və arami dilləri üzrə professor işləmiş, həmin il Alkala Universitetinə keçmişdi. Həmin dövrdə İspaniya kilsəsinin rəhbəri olan Fransisko Ximenes de Sisneros onun elmi fəaliyyətinə himayədarlıq edirdi.
1544-cü ildə Alfonso Papa III Pavelə və kardinal Pyerpaolo Parizioya məktublar yazmış, universitetdə ivrit dili müəllimlərinin baş inkvizitor Xuan Pardo de Tavera tərəfindən təqib edilməsindən qorunmaq üçün onlara müraciət etmişdi. Bu məktublarda Alfonso özünü Əlhambra qanunnaməsi ilə sürgün edilənlərdən geriyə qalan sonuncu şəxs kimi təqdim edir və təxminən yetmiş illik ömründə bir gün belə xoşbəxtlik yaşamadığını bildirirdi.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər SNAC
Kateqoriya:Bibliya tərcüməçiləri Kateqoriya:İspaniya alimləri Kateqoriya:Ravvinlər Kateqoriya:Konversolar Kateqoriya:XV əsr İspaniya şəxsləri Kateqoriya:XVI əsr İspaniya şəxsləri