2023-cü ilin may ayında Azərbaycan–Ermənistan sərhədində toqquşma — Azərbaycan və Ermənistan silahlı birləşmələri arasında 10 may 2023-cü ildə, axşam saatlarında Azərbaycan–Ermənistan şərti sərhədində – Ermənistan tərəfdən Vardenis rayonu, Azərbaycan tərəfdən isə Kəlbəcər rayonu istiqamətində başlanan və beş gün davam edən silahlı toqquşma. Silahlı toqquşmaların başlamasında tərəflər bir-birlərini ittiham eləmişdir. Qarşıdurma zamanı Azərbaycan və Ermənistan silahlı qüvvələrinin ümumi olaraq 3 hərbçisi öldürülmüş, 8 hərbçisi isə yaralanmışdır. 14 mayda gərginliyin səviyyəsinin aşağı düşməsi isə bölgədə silahlar susmuşdur. Bu cari il ərzində tərəflər arasında baş verən üçüncü silahlı toqquşma idi.

Silahlı toqquşmalar 14 mayda Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşün fonunda baş vermişdir.

Zəmin 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür.

1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2020-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir.

2020-ci ilin sentyabr–noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində 26 ildən çox dondurulmuş olan münaqişə yenidən alovlanmışdır. 44 gün ərzində Azərbaycan Ordusu yeddi bölgəni – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatmışdır.

Bununla belə müharibədən sonra Azərbaycan–Ermənistan sərhədində böhran başlamışdır. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olunmuşdur. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra əl qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir və ümumi olaraq həm Azərbaycan, həm də Ermənistan tərəfdən 300-dən çox insanın ölümünə səbəb olmuşdur. 2023-cü ildə isə tərəflər əvvəlcə martda Şuşa istiqamətində, sonra isə apreldə sərhəd istiqamətində toqquşmuşdur.

Döyüşlərdən əvvəl 2023-cü il aprelin 23-də Azərbaycanın Dövlət Sərhəd Xidməti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın–Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında "Laçın" Nəzarət-Buraxılış Məntəqəsinin qurulduğunu bildirmişdir.

6 mayda Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti Əsgəran rayonu istiqamətində atəşkəs rejiminin bir dəfə pozulduğunu bildirmişdir. Məlumatda ölən və ya yaralananların olmadığı, sülhməramlıların Azərbaycan və Ermənistan tərəfləri ilə birgə hadisə ilə araşdırma aparıldığı qeyd edilmişdir. 8 mayda Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin saat 09:15-də Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorun atəşə tutulması barədə məlumat vermişdir.

Döyüşlər Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına əsasən 10 may 2023-cü ildə, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törətmişdir. Məlumata əsasən qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanmışdır, yaralı hərbi qulluqçuya dərhal hərbi tibb müəssisəsinə çatdırılmışdır. Azərbaycanın Müdafiə Nazirliyi bundan əvvəl Ermənistan tərəfini təxribatlara son qoymağa və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq eləmişdir. Ermənistan Müdafiə Nazirliyi isə bu xəbəri dezinformasiya adlandırmışdır.

Mayın 11-i səhər saatlarından etibarən isə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin vəziyyəti daha da gərginləşdirdiyini və Vardenis rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutduğunu bildirmişdir. Səhərin növbəti saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin hücumlarının daha da genişləndirilməsi məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə edildiyi bilidirmişdir. Azərbaycan tərəfi ordunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görüldüyünü bildirmişdir. Ermənistan tərəfi isə həmin gün qarşı tərəfin tibb maşınını atəşə tutması barədə məlumat vermişdir. Azərbaycanın Müdafiə Nazirliyi isə bu məlumatı dezinformasiya adlandırmışdır. Döyüşlər davam edən saatlarda Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Vardenis rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş vasitələri cəmləşdirdiyini, bununla qarşı tərəfin növbəti təxribata zəmin yaratmağa cəhd göstərdiyini və bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyətin məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirmişdir. Ermənistan Müdafiə Nazirliyi isə mayın 11-də səhər saatlarında məlumat yayaraq Azərbaycan silahlı qüvvələrinin bölmələrinin Vardenis rayonunun Zod istiqamətində minaatan və artilleriyanın tətbiqi ilə təxribat törətdiyini, ordu bölmələri tərəfindən isə cavab tədbirləri görüldüyünü bildirmişdir. Döyüşün birinci saatlarında Ermənistan tərəfinin dörd hərbi qulluqçusu yaralanmışdır. Onlarının 2-sinin vəziyyəti qənaətbəxş, 2-sinin isə orta-ağır olaraq qiymətləndirilmişdir. Həmçinin Ermənistan tərəfi lavə canlı qüvvə və döyüş vasitələri cəmləşdirilməsi barədə məlumatı da dezinformasiya adlandırmışdır.

Səhər saatlarında Azərbaycanın nüfuzlu KİV-lərində Ermənistan tərəfinin guya İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadəsi ilə bağlı məlumatlar tirajlanmışdır. Xəbərlər Azərbaycanın Müdafiə Nazirliyinə yaxınlığı ilə bilinən Caliber telegram səhifəsinə istinadən verilmişdir. Ermənistan Müdafiə Nazirliyi məlumatında həmin xəbəri dezinformasiya adlandırmışdır. Həmin gün silahlı toqquşmaların baş verdiyi bölgədə birinci tələfat yaşanmışdır. Azərbaycan Ordusunun 1998-ci il Ağstafa rayonu Vurğun qəsəbə təvəllüdlü, N saylı hərbi hissəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu həyatını itirmişdir. Bundan sonra saat 13:00–14:00 aralığında bölgədə silahlar qısa müddətli susmuşdur.

Azərbaycanın Müdafiə Nazirliyi 11 mayda, saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhədin bu istiqamətdə yerləşən mövqelərini D-30 toplarından atəşə tutduğunu bildirmişdir. Elə həmin dəqiqələrdə Ermənistan Müdafiə Nazirliyi də bəyanat yayaraq Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən Ermənistanın yaşayış məntəqələrinin atəşə tutulduğunu bildirmişdir. Ardınca Ermənistan tərəfi saat 18:00 radələrində qarşı tərəfin Vardenis rayonunun Noraba qəsəbəsini artilleriyalardan, saat 19:00 radələrində isə Vardenis rayonunun Verin Şorca qəsəbəsini minaatanlardan hücuma tutduğunu bildirmişdir. Saat 20:00-dan etibarən isə bölgədə silahsız qısa müddətli susmuşdur. Gecə və səhər ərzində atəşkəs rejiminin pozulması qeydə alınmamışdır.

Bölgədə gərginliyin olduğu günlərdə Azərbaycanın müdafiə naziri Z. Həsənov "Anadolu Qartalı — 2023" beynəlxalq təlimi üçün Konya şəhərinə səfər eləmişdir. Hərbi əməliyyatlara cavabdeh olan şəxslər müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi Kərim Vəliyev və döyüşlərin baş verdiyi ərazinin müdafiəsinə cavabdeh olan 5-ci Ordu Korpusunun Komandiri general-mayor Kənan Seyidov idi.

Ertəsi gün Azərbaycanın Müdafiə Nazirliyi məlumatında mayın 11-dən 12-nə ötən gecə Azərbaycan–Ermənistan şərti sərhədinin Vardenis rayonunun Zod yaşayış məntəqəsi istiqamətində nisbi səssizliyin olduğunu bildirmişdir. Məlumatda həmçinin ötən gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər istiqamətlərdə yerləşən mövqelərin ümumi olaraq 17 dəfə atəşə tutulduğu bildirmişdir. Detallı olaraq Ermənistan silahlı qüvvələrinin Berd rayonunun Güləli, Vardenis rayonunun Noraba və Sisian rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən ordunun Tovuz rayonunun Qoşa, Kəlbəcər rayonunun Yellicə və Laçın rayonunun Minkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 8 dəfə, həmçinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindən qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordunun Tərtər, Xocalı, Şuşa və Laçın rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 9 dəfə atəşə tutulmuşdur. Gecə ərzində Azərbaycan tərəfdən ölən və ya yaralananlar olmamışdır. Ermənistan Müdafiə Nazirliyi isə bu məlumatları dezinformasiya adlandırmışdır.