Ağasəlim Səmədağa oğlu Şükürov () — Sovet İttifaqının hərbi tərcüməçisi və Azərbaycan Respublikasının diplomatı.
Həyatının erkən dönəmi və təhsili Ağasəlim Səmədağa oğlu Şükürov 9 sentyabr 1963-cü il tarixində Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1971–1981-ci illərdə Bakı şəhəri 49 saylı orta məktəbdə təhsil almış, ali təhsilini 1981–1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bitirmişdir.
Diplomat kimi fəaliyyəti Sovet İttifaqında 1988–1991-ci illərdə SSRİ Müdafiə Nazirliyinin xətti ilə İraq Respublikasında hərbi tərcüməçi vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikasında 1993–1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İslam Konfransı Təşkilatı İdarəsində 3-cü katib və 2-ci katib vəzifələrində çalışmışdır. 1997–2000-ci illərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində 2-ci katib, 2000–2002-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri İdarəsində şöbə müdiri, 2002–2006-cı illərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində 1-ci katib vəzifəsində çalışmışdır. 2006–2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri İdarəsində şöbə müdiri vəzifəsin təyin edilmiş, bundan sonra 2008–2010-cu illərdə Azərbaycan Respublikasının Liviyadakı Səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə Azərbaycan Respublikasının Liviyadakı, 2015–2022-ci illərdə Azərbaycan Respublikasının Livan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. Şükürov Azərbaycanı 30-dan çox dövlətdə müxtəlif diplomatik missiyalarda təmsil etmişdir. O, xarici ölkələri səfərlər zamanı Heydər Əliyevi müşayiət etmiş və bir sıra ikitərəfli görüşlərdə iştirak edərək ərəb dili üzrə tərcüməçilik etmişdir.
Təltifləri 2015-ci ildə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi münasibətilə yubiley medalı" və 2019-cu ildə Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 100 illiyi münasibətilə "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yubiley medalı" ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1319 nömrəli Sərəncamı ilə 2019-cu ildə "üçüncü dərəcəli" vətənə xidmətə görə Ordeni ilə təltif edilmişdir.
Ölümü A. Şükürov bir müddət əziyyət çəkdiyi xəstəlikdən 24 mart 2023-cü il tarixində Bakı şəhərində vəfat etmişdir.
Ailəli olub, 3 övladı, 3 nəvəsi var.
Həmçinin bax Azərbaycan–Livan münasibətləri Azərbaycanın xarici siyasəti
İstinadlar
Kateqoriya:Diplomatlar Kateqoriya:Şirvanda (Azərbaycan) doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunları