İohann (Hans) Şiltberqer (, ) — alman səyyahı və yazarı. Bavariyalı İohan Şiltberqer 1394-cü ildən 1427-ci ilədək Avropa, Asiya və Afrikaya səyahətindən bəhs edən ―Reisebuch və yaxud ―Səyahət kitabını yazmışdır. Macarıstan, Bolqarıstan, Valaxiya, Moldova, Ukrayna, Anadolu, Misir, Fələstin, İordaniya, İran, Azərbaycan, Gürcüstan, Dağıstan, Çərkəz, Krım və Mərkəzi Asiyada olan İ. Şiltberqer kitabda Azərbaycanın Təbriz, Maku, Marağa, Naxçıvan, Əlincəqala, Astara, Şirvan (Lahıc, Şamaxı və Şabran), Şəki və Dərbənd şəhərləri haqqında da məlumat verir. Onun səyahətnaməsi ölümündən sonra bir neçə dəfə çap edilmiş, XV əsrin sonu və XVI əsrin əvvəllərində geniş istifadə edilmişdir. Bu, səyahətnamə özündə səyahət edilən bölgələr, Mərkəzi Avropa və qeyri-Avropa ərazilərinin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edən çoxsaylı mədəni müşahidələri ehtiva edir.

O kitabında xristianlığın ən məşhur duası "Ey, atamız" adlı duanın türkcə tərcüməsini vermişdir. Bu dua Avropada çap edilən ən qədim türkcə mətn hesab edilir.

Şiltberqer həmçinin bir sıra tarixçilər tərəfindən Türkologiya elminin banisi hesab olunur. Bir qrup tarixçilər isə onu "Alman Marko Polo" adlandırıblar.

Həyatı İohann Şiltberqer 1381-ci ildə Münhenlə Frayzinq şəhərləri arasında Lohof yaxınlığında Hollern qəsəbəsində dünyaya gəlmişdir. Onun nəsli 1031-ci ildən bəri tanınan qədim lakin yoxsul cəngavər nəsli idi. Onun əcdadları marşal olub və uzun müddət Vittelsbax qraflarına xidmət göstəriblər. Onlar Ayxax yaxınlığında Şiltberq qəsrində yaşayırdılar.

Macar Kralı Sigizmund Balkanlarda getdikcə yayılaraq Avropaya doğru irəliləyən türkləri dayandırmaq məqsədilə yeni bir xaçlı yürüşü təşkil etmiş və müttəfiq qoşunlarının yardımçı qüvvələri ilə birlikdə 130 minlik ordu ilə Niqbolu döyüşündə türklərə qarşı savaşmışdı. Bu zaman 15 yaşı olan Şiltberqerdə Sigizmundun ordusuna qoşulmuşdu. 28 sentyabr 1396-cı ildə baş verən döyüşdə Şiltberqer Osmanlı ordusu tərəfindən əsir götürülür. Ondan başqa iki əsir bir birinə bağlanaraq Sultan Bəyazidin qarşısına çıxarılır. Lakin sultan 20 yaşından kiçik olan əsirləri öldürməməyi əmr edir. Beləliklə Şiltberqer sağ qalır. O, 16 yaşında digər əsirlərlə birllikdə Geliboluya buradan isə Bursa şəhərinə göndərilir. Şiltberqer 30 sentyabr 1396-cı ildən 30 iyul 1402-ci ilə qədər Sultan Bəyazidin ordusunda carçı kimi xidmət etmiş Ankara döyüşündə məğlubiyyətdən sonra Teymurun qoşunu tərəfindən əsir götürülmüşdü. Teymurun ölümündən sonra dördüncü oğlu Şahruxun əsirliyinə düşən Şiltberqer sonradan onun digər oğlu Miran şaha qul kimi verilir. Miran şah 1408-ci ildə Qaraqoyunlu Qara Yusifə qarşı döyüşdə öldürüldükdən sonra isə Şiltberqer Miran şahın ikinci oğlu Əbubəkrin qulu olur. Əbubəkrin sarayında o zamanlar Çökrə va ya Şiltberqerin dediyi kimi Tzeqre adlı taxta haqq iddia edən Qızıl Orda Şahzadəsi yaşayırdı. O zaman xanları istədiyi kimi taxta qaldırıb endirə bilən bir növ qəbilə başçısı və naib olan Yedigey taxtda oturmaq üçün Çökrəyə xəbər göndərdi. Əbubəkr Çökrənin ixtiyarına 600 atlı verdi. Onların arasında alman Şiltberqer də var idi. Bu vaxt Yedigey özü Sibirə ekspedisiyaya getdi. Çökrə və Şiltebrqer istər-istəməz ona qoşulmalı oldular. Onlar Gürcüstan, Şirvan, Dərbənd və Həştərxan vasitəsilə Volqadan keçərək Ağ Tatara çatdılar. Riçard Petersin iddiasına görə, Sibir adını Avropaya ilk gətirən Şiltberqer olub.

Şilterbqer həyatının 30 ilini özünün deyimi ilə "bütpərəstlər" arasında keçirdi. 1427-ci ildə Semeqrelodan əsirlikdən qaçaraq 4 xristian ilə birlikdə Trabzonda Frank gəmisinə minib, buradan Konstantinapola, daha sonra isə Bolqarıstan, Moldova, Lvov, Krakov, Vrotslav, Regensburq, Landsxutdan keçib Bavariyaya qayıtdı. Bu illər ərzində o Kiçik Asiya, İran, Gürcüstan, Azərbaycan, Ermənistan, Qızıl Orda, Ural, Sibir, Krım və Mərkəzi Asiyanı gəzdi.

Bavariyaya qayıtdıqdan sonra Şiltberqer Bavariya hersoqu III Albrextin ordusunda xidmət edir. 1438-ci ildə Münhendə yaşadığı və təqribən 1440-1450-ci illər arasında vəfat etdiyi bizə məlumdur. Onun nəsli XIX əsrin ikinci yarısında tanındı və 1878-ci ildə “Marşal fon Şiltberq” adlandırılmaq hüququ qazandı.

Əsəri Şiltberqer əsərində sadəcə həyatı və həbsdə keçən vaxtlarının hekayəsini deyil əksinə hardasa etnoloji bir xarakterə bürünmüş məlumatları qeyd etmişdir. Müəllif gəzdiyi ölkələri və şəhərlərin adlarını yerli ənənələrə görə vermişdir. Buna baxmayaraq əsərdə Jon Mandevilin yazılarının təkrarlarına rast gəlmək mümkündür. Yazar bunu gizləmir əksinə Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastırını heç görmədiyini, başqa şahidlərə istinad etdiyini bildirir. Əsər ümumilikdə 67 bölmədən ibarətdir. Yazar Macar kralı Sigizmundun rəhbərliyi ilə həyata keçən xaçlı səfərindən ilk 3 bölmədə bəhs etmişdir. O yazır ki, xaçlı ordusu Dunay çayını keçərək Bolqarıstana doğru yola düşür. Burada türklərlə döyüşdə Şiltberqer sahibinin həyatını xilas edir. thumb|326x326px|Niqbolu döyüşündə Sultan Bəyazidin xristian əsirlərdən aldığı intiqam Daha sonra əsir düşdüyü Niqbolu döyüşündən bəhs edən yazar türklərin əsirlərə qarşı rəftarını yazır. O yazır ki, 200 min nəfərlik orduya rəhbərlik edən Bəyazid xristianların daha əvvəllər yüzlərlə türk əsiri infaz etməsini eşitdikdə əsgərlərinə əsirləri öldürməyi əmr edir. Bu əmri yerinə yetirməyənləri isə yeniləri ilə əvəz edirdi.

Bu bölmədə padişahın oğlunun xahişi ilə özü kimi yaşı 20-dən aşağı olan şəxslərin edam edilmədiyini yazır. Yazar bu zaman 16 yaşı olduğunu qeyd edir. Buradan 50 min ailənin yaşadığı Ədirnəyə gətirildiklərini bildirsə də, yazarın bu məlumatının mübaliğə olduğu düşünülür. 15 gün sonra Geliboluya aparılıb burada 500 əsirlə birlikdə 2 ay saxlanıldıqlarını yazır. Buradan bir qrup əsirlə birlikdə Bursaya aparılan Şiltberqer burada xəstələndi və digər əsirlər kimi başqa ərazilərə paylanmadı. Kitabın 4-14-cü bölmələrində hərbi kompaniyalarından bəhs etdiyi Sultan Bəyazidin ixtiyarına verilən Şiltberqerin burada keçən illəri ilə bağlı verdiyi məlumat bir az şübhə doğurur. Çünki yazar Sultan Bəyazidin ordusunda 12 il xidmət etdiyini bildirsə də, əsir düşdüyü 1396-cı ildən Ankara döyüşünə (1402) qədər cəmi 6 il keçmişdi. Daha sonra yazar Konyanın fəthindən bəhs edir.

6-cı bölmədə 60 xristian ilə birlikdə qaçmağa təşəbbüs göstərdiklərini lakin bu işini üstünün açılması ilə şahın huzuruna çıxarıldıqlarından danışan Şiltberqer şahın böyük oğlu Əmir Süleymanın bu dəfə də önə çıxaraq onları edamdan xilas etdiyini yazır. Əmir Süleyman məhkumları azad edərək onlara sadəqət andı içdirir və maaşlarını artırır. Bundan sonra Şiltberqer Əmir Süleymanın rəhbərliyində Kayseri şəhərinə göndərilsə də bu şəhər Bəyazidin digər oğlu Mehmedə verildi.

9-cu bölmə "Müsəlmanların sürüləri ilə qış yay otlaqlarda qalması" adlanır. O yazır ki, burada bəzi bəylərin mal-qaraları ilə birlikdə köçəri həyat sürməkləri bir ənənə idi. Əslində bu bölmənin adı türkcə tərcüməsində "Müsəlmanların sürüləri ilə qış yay otlaqlarda qalması" adlansa da, alman dilində orginal variantında "Kafirlərin sürüləri ilə qış yay otlaqlarda qalması" kimi qeyd olunub. Ümumiyyətlə Şiltberqer əsərində müsəlmanlardan kafirlər olaraq bəhs edib.

10-11-ci bölmələr "Bəyazidin Misir sultanının bir ölkəsini əlindən alması", "Misir Sultanı haqqında" adlanır. Burada misirli üsyançılara qarşı Məmlük sultanının 20 minlik ordusunda döyüşən yazar daha sonra Bəyazidin qoşununa qatılır. left|thumb|308x308px|Teymuri imperiyası 12-ci bölmə "Teymurun Sivas krallığını ələ keçirməsi" adlanır. Şilberqerin yazdığına görə Teymur 1 milyon ordu ilə 21 günlük mühasirədən sonra Sivası ələ keçirdi. Burada heç kəsin qanını tökməyəcəyinə söz versə də, şəhər müdafiəçilərini diri-diri basdırdı, geri qalanını isə əsir götürdü.

13-cü bölmədə Teymur və Bəyazidin 1402-ci ilin iyul ayının 20-də Ankara döyüşündə qarşılaşmasından bəhs olunur. Şiltberqer yazır ki, Bəyazid min atlı ilə qaçmağa çalışsa da tutulur.

15-dən 21-ə qədər olan bölmələr Teymurun imperatorluğundakı səfərlər və daxili münaqişələr barədə məlumatları özündə ehtiva edir. Bu bölmələr "Teymurun Misir sultanı ilə döyüşü", "Teymurun Bağdadı fəthi", "Teymurun Kiçik Hindistanı fəthi" adlanır. Şiltberqerin yazdığına görə Teymur əvvəlcə 400 min evin olduğu Hələb şəhərinə hücum edir. Burada bir milyon ordu ilə Bağdada doğru irəliləyir. Lakin havalar çox isti olduğuna görə geri çəkilir. Buradan Hindistana yola düşən Teymurun ordusu 400 döyüş fili olan Hind kralı ilə qarşılaşır. Teymur 20 min dəvəyə odun yüklədib ətrafı yandıraraq filləri ürküdür. Nəticədə Hind kralı xərac vermək və Teymur ordusuna 30 min əsgər göndərmək şərti ilə canını xilas edə bilir.

Teymur 12 ildən sonra Səmərqəndə geri qayıdır. 20-ci bölmə "Teymurun ölümü haqqında " adlanır. Şiltberqerə görə Teymur müxtəlif səbəblərdən ötrü vəfat edir. İlk səbəb son döyüş zamanı xəstələnməsi idi. Daha sonra 3 arvadından sonuncusunun ona xəyanət etməsi, son olaraq öz vergi toplayanları tərəfindən aldadılması onu ölümə aparan səbəblər idi. Şiltberqer 20 iyul 1402-ci ildən ölümünə kimi yəni 17 fevral 1405-ci ilə qədər Teymurun ordusunda xidmət edir.

21-ci bölmə "Teymurun oğlanları" adlanır. Onun ölümündən sonra geridə qalan 2 oğlu - Şahrux və Miranşah ölkəni öz aralarında bölürlər. Şahrux Səmərqəndi, Miranşah isə Azərbaycanı və İranı idarə edirdi. 22-ci bölmədə Miranşahın Qarabağ adlanan yerdə Qara Yusif tərəfindən məğlub edilməsindən bəhs olunur və "Yusifin Miran şahın boynunu vurdurması və bütün torpaqlarını ələ keçirməsi" adlanır. Miran şahın öldürülməsi ilə Şiltberqer onun oğlu Əbubəkrin tabeliyinə keçir və 4 il onun qoşununda fəaliyyət göstərir. 23-cü bölmədə Qara Yusifin hakimiyyəti ələ almasından lakin əsilzadə soyundan deyil təbəə olması səbəbindən öz oğlu adına pul kəsdirməsindən bəhs edir. 24-cü bölmədə 600 nəfər ilə birlikdə Qızıl Orda şahzadəsi Çökrənin rəhbərliyinə verilməsi buradan Gürcüstana, daha sonra saf ipəyin yetişdirildiyi Şirvana gəlməsindən söz açan müəllif qeyd edir ki, Şirvan ipəyi Venesiyaya və Lukkaya göndərilir. Şirvandan hərəkət edən Şiltberqer Dərbənddən Dəmir Qapı kimi bəhs edir. Dərbənddən Həştərxana buradan isə Volqa boyunca səyahət edən yazar Volqa bolqarları ilə tanışlığından və onlarla eyni dini inanca sahib olmasından söz edir. Bildirir ki, rahiblər latın dilini bilmirdilər və duaları öz dillərində türkcə oxuyurdular. Bu bölmə "Qıpçaq ölkəsində bir şahzadə" adlanır.

Çökrənin rəhbərliyi ilə Yedigeyin yanına Sibirə gətirilən Şiltberqer Sibir adını Avropaya gətirən ilk müəllifdir. O yazır ki, bu məmləkətdə atlar və eşşəklər eyni boydadır. Burada Almaniyada olmayan bir çox növ heyvan var. İtlər arabaları və xizəkləri çəkirlər. Sibirdə bir çox dinə mənsub insan yaşayır.

26-cı bölmədə müəəllif yazır ki, Yedigey və Çökrə 2 ay ərzində Sibirdə yaşayıb Sibiri ələ keçirdikdən sonra Yedigey söz verdiyi kimi Çökrəni taxta çıxarır və Çökrə Qızıl Orda dövlətinin hökmdarı olur. 28-ci bölmə "Olduğum ölkələr" adlanır. 29-32-ci bölmələr belə adlanır: "Dunay ilə dəniz arasında gördüyüm ölkələr", "Şahin qalası və müdafiəsi", "Kasıb bir adamın Şahin qalasında növbədə durması", "Yenə Şahin qalası haqqında" adlanır. Müəllif yazır: "İndi Dunay ilə dəniz arasında olduğum ölkələrdə gördüklərimi danışacam. 3 ölkəyə də Bolqarıstan adı verilib. Birinci Bolqarıstan Macarıstandakı Dəmir Qapını keçərək çatırsan. Paytaxtı Vidindir. Digər Bolqarıstan Əflakın qarşısındadır. Payxtaxtı Tırnovadır. Üçüncü Bolqarıstan isə Dunayın dənizə töküldüyü yerdədir və paytaxtı Kaliakradır. Dunay ilə dəniz arasında qalan torpaqların hamısı türk sultanınındır. " Bu bölmədə müəllif Yunanistan torpaqlarında gördüklərindən, Selanik, Srezdən həmçinin Gelibolu, Aydın, Ankara, Kayseri, İstanbul və Bursa şəhərlərindən bəhs edir. Bildirir ki, Bursada xristian, müsəlman və yəhudi fərq etmədən hər kəsə xidmət göstərən 8 xəstəxana fəaliyyət göstərir. Müəllif sonda bu şəhərlərin hamısının Türkiyədə aid olduğunu və hər birini gəzdiyini söyləyir.

Bu bölmələrdə Şiltberqer Trabzondakı Şahin qalası haqqında bir əfsanədən bəhs edir.