– Yaponiyanın Kanaqava prefekturasının Kamakura şəhərində yerləşən muzey.
Tarixi Muzey binası Britaniya memarı Norman Fosterin şirkəti "Foster + Partners" tərəfindən dizayn edilmiş fərdi evdə yerləşir. Kamakura evi adı ilə tanınan tikili daha sonra şəhərə bağışlanılmış və muzeyə çevrilərək 2017-ci ilin mayında istifadəyə verilmişdir.
Xüsusiyyətlər Muzey şəhərin Oqiqayatsu adlı hissəsində yerləşir. Muzey binası süni mərmərlə bəzədilmişdir və böyük pəncərələri sayəsində təbii daxili işıqlandırmaya malikdir.
Kamakura şəhəri Yaponiyanın qədim paytaxtlarından biri olmuş, 1185–1333-cü illərdə Kamakura şoqunluğuna ev sahibliyi etmişdir. Muzey Kamakura şəhərinin həm qədim, həm müasir tarixinə həsr olunmuşdur. Şəhərin təhsil şurası arxeoloji tapıntıları analiz edərək tədqiq edir və muzey vasitəsilə ictimaiyyətlə paylaşır. Bina yaşayış üçün nəzərdə tutulduğu üçün əsas binada üç, əlavə bina bir sərgi zalı yerləşir. Muzeyin direktoru Kokuqakuin Universitetinin keçmiş professoru Aoki Yutakadır.
Muzeyin daimi sərgisində Çinin Sun və Yuan sülalələrinə aid dulusçuluq məmulatları, eləcə də, Yaponiyanın Seto, Tokoname, Atsumi və digər dulusçuluq üslublarına aid işlər sərgilənir. Şinzenko məbədində aparılmış qazıntılar zamanı kəşf edilmiş dörd tutacaqlı çini qab və bir samuray malikanəsində aşkarlanmış seladon sake qabı muzey eksponatları arasındadır. Muzeydə Kamakura mətbəxi (2019) və Hoco klanı (2022) kimi mövzularda sərgilər keçirilir. XIII əsrdə tikilmiş Muryocu məbəd ərazisi muzey tərkib hissəsinə daxildir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2017-ci ildə yaradılmış muzeylər Kateqoriya:Yaponiyadakı diyarşünaslıq muzeyləri Kateqoriya:Tarix-diyarşünaslıq muzeyləri Kateqoriya:Kamakura Kateqoriya:2017-ci ildə Yaponiyada yarananlar Kateqoriya:Kanaqava prefekturasındakı muzeylər