Lyubov Mixaylivna Qakkebuş (; ) — Ukraynalı səhnə aktrisası, müəllim və tərcüməçi, Ukrayna SSR xalq artisti (1943). O, 80-dən çox aparıcı və köməkçi rolu, o cümlədən Vilyam Şekspirin "Makbet" pyesində Ledi Makbet və Henrik İbsenin "Kabuslar" pyesində Fru Alvinq rollarını ifa edib.

Erkən həyat və təhsil Lyubov Qakkebuş 26 sentyabr 1888-ci ildə Rusiya İmperiyasının Nemirov şəhərində anadan olub. O, Moskva Kamerni teatrında oxuyub və Moskvada Ukraynanın Kobzar klubunun səhnələşdirdiyi həvəskar tamaşalarda çıxış edib.

Karyera Qakkebuş 1917-ci ildə Kiyevdəki Ukrayna Xalq Teatrının səhnəsində Miss (Aleksandr Olesin "Payız" əsəri) rolunda debüt edib. O, 1919–1921-ci illərdə Kiyevdə Ukrayna Sovet Respublikasının Şevçenko adına Birinci Teatrında, 1921–1922-ci illərdə isə Vinnitsada İvan Franko adına Milli Akademik Dram teatrında oynamışdır.

Qakkebuş 1922-ci ildən 1926-cı ilə qədər Berezil teatrında çalışmış və 1926-cı ildə əri Vasil Vasilko Qakkebuş ilə birlikdə Odessaya köçmüşdür. O 1926–1928-ci illərdə Odessanın Ukrayna Dram Teatrında işləyib. 1928-ci ildə Qakkebuş və Vasilko Xarkova köçdülər və burada Qakkebuşun əri Çervonozavodsk Ukrayna Dram Teatrının bədii rəhbəri oldu. Qakkebuş 1933-cü ilə qədər Xarkovdakı Çervonozavodsk Ukrayna dram teatrında, 1933–1938-ci illərdə isə Donetsk Tatrında işləmişdir.

Qakkebuş İkinci Dünya müharibəsi illərində evakuasiyada olan Şevçenko adına Xarkov Ukrayna teatrının truppasına qatılıb. O, 1943-cü ildə Ukrayna SSR xalq artisti adına layiq görülüb.

Qakkebuş aktyorluqdan başqa teatrlarda, Kiyev Lısenko Musiqi və Dram İnstitutunda (1922–1926), Odessa (1926–1928) və Xarkovdakı (1929–1933) musiqi və dram institutlarında, həmçinin Kiyev Teatr İncəsənəti İnstitutunda (1944–1947) aktyorluq sənətindən dərs demişdir.

1944-cü ildən etibarən Qakkebuş Kiyevdə məskunlaşdı və tərcümə işi ilə məşğul olmağa başladı. O, Molyer, Qorki ("Burjua"), Trenyov, Afinogenov və Romaşovun Ukrayna dilinə tərcümələrinin müəllifidir.

Lyubov Qakkebuş 28 may 1947-ci ildə Kiyevdə vəfat etmişdir.

1970-ci ildə Lyubov Qakkebuşun 1938–1947-ci illərdə Kiyevin Velyka Jitomıska küçəsi, 17-də yaşadığı evin fasadına qranitdən xatirə lövhəsi vurulmuşdur.

İstinadlar

Kateqoriya:Ukrayna aktrisaları Kateqoriya:Ukrayna tərcüməçiləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri