İmocen Cennifer Ceyn Hip (; ) — Britaniyalı musiqiçi, müğənni, mahnı-yazarı, musiqi prodüseri. O, iki "Qremmi", bir "Ayvor Novello" və bir "Dram Desk" mükafatı laureatıdır.
İmocen kiçik yaşlarında klassik musiqi üzrə təhsil alıb, fortepiano, violonçel və klarnetdə ifa etmə bacarığına yiyələnib. Mahnı yazmağa olan sevgisini hələ 13 yaşında kəşf edib. İnternat məktəbində olduğu əsnalarda təkbaşına musiqi prodüserliyi sənətini öyrənib. Karyerasına uğurlu yol “BRIT School”da təhsil alarkən açılıb. Onun istedadı menecer Mickey Modern tərəfindən kəşf edilib. İmocen 18 yaşında “Almo Sounds” ilə müqavilə bağlayıb. Eksperimental pop qrupu “Acacia”nın üzvü kimi musiqi dünyasına ilk addımlarını atıb. 1998-ci ildə özünün alternativ rok janrında olan “I Megaphone” adlı debüt albomunu işıq üzünə çıxarır. İmocen 2002-ci ilin əvvəllərində musiqi karyerasında yeni bir fəsil açıb. İngiltərəli prodüser ortağı Guy Sigsworth ilə birlikdə elektronik musiqi dueti olan “Frou Frou”nu formalaşdırır. Onlar həmin il yeganə albomları olan “Details”i təqdim edirlər.
İmocen Hip sayca ikinci olan “Speak for Yourself” adlanan studiya albomunu 2005-ci ildə, öz təsisçisi olduğu Megaphonic Records vasitəsilə dinləyicilərinə bəxş edir. Albom tez bir zamanda həm ABŞ-də, həm də Kanadada qızıl sertifikat alır. Albomdan üç sinql hit olur: “Headlock”, “Goodnight and Go” və “Hide and Seek”. İkinci sinql Böyük Britaniyada “UK Singles Chart” çartında ən yüksək mövqeyi tutur. Qızıl sertifikata layiq görülən üçüncü sinql ABŞ-də Fox telekanalının efirində yayımlanan “The O.C.” serialında səsləndirilib və bu sayədə populyarlığını artırıb. İmocen 2009-cu ildə “Ellipse” adlanan üçüncü albomunu musiqisevərlərə hədiyyə edir. Albom rəğbət ilə Billboard 200 çartının ilk beşliyində öz yerini tutur. İmocen 2014-cü ildə dördüncü albomu olan “Sparks”ı buraxır. 2017-ci ildə ortağı Sigsworth ilə yenidən bir araya gəlir, “Frou Frou” dueti fəaliyyətinə qaldığı yerdən davam edir.
İmocen Hip əlləri hərəkət etdirərək musiqi yaratmağa imkan verən “Mi.Mu Gloves” adlı musiqi əlcəkləri markasını və eyni zamanda blokçeyn texnologiyasına əsaslanan “Mycelia” adlı musiqi paylaşma proqramını yaradıb. İmocen həm də West End və Brodvey teatrlarında nümayiş olunan “Harri Potter və Lənətlənmiş Uşaq” tamaşası üçün musiqi bəstələyib. İmocen Hip 2019-cu ilin iyul ayında Berkli Musiqi Kollecinin fəxri doktoru adına layiq görülüb.
Həyatı İmocen Cennifer Ceyn Hip 1977-ci il dekabrın 9-da Böyük London qraflığının Haverinq borosunda anadan olub. Anası onun bəstəkar İmocen Holstun yolunu davam etdirərək violonçel ifaçısı ummuş və ona bu adı vermişdir. O, kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlayıb. Ailənin ortancıl övladı kimi o, fərqlənmək və bir az diqqəti üzərinə çəkmək istəyirdi. O, anlamışdı ki, piano çalmaq evdə səs-küy salmaq və diqqəti üzərinə cəlb etmək üçün yaxşı bir vasitədir. O, fortepianoda klassik musiqi ifa edirmiş kimi davranırdı, əslində isə bu tip musiqiləri ifa etməyi xoşlamırdı. İlk mahnılarını həmin illərdə yazmağa başlayır. O, əvvəlcə pianoda çaldıqlarını kaset lentinə yazır, daha sonra səs yazısının üzərinə oxuyur və bunu da təkrar lentə alırdı.
Şəxsi həyatı
Diskoqrafiya
I Megaphone (1998) Speak for Yourself (2005) Ellipse (2009) Sparks (2014) The Music of Harry Potter and the Cursed Child - In Four Contemporary Suites (2018) Chordata Bytes I & II (2022)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Ayvor Novello mükafatı laureatları Kateqoriya:RCA Records artistləri Kateqoriya:Epic Records artistləri Kateqoriya:İngiltərə musiqiçiləri Kateqoriya:İngiltərə ixtiraçıları Kateqoriya:Art-pop musiqiçiləri