Hüriye Öniz Baha () ― türk pedaqoq, yazıçı və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Diyarbəkir seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. Baha Türkiyənin cümhuriyyət dövrü uşaq ədəbiyyatının ilk orijinal nümunələrindən olan Köprüaltı uşaqları adlı uşaq romanının müəllifidir.

Erkən həyatı Hüriye Baha 1887-ci ildə İstanbulda anadan olub. Atası Bahəddin bəy, anası Ayşə xanımdır. İbtidai və orta təhsilini Leyli sənaye məktəbində başa vurduqdan sonra özəl təhsil almışdır. O, bir müddət Bursa Amerikan Qız Kollecində türk dili müəllimi işlədikdən sonra London Universitetinin qadın şöbəsi olan Bedford Kollecində pedaqogika təhsili alıb.

Hayrəttin bəylə evlənmiş və bir uşağı olmuşdur. İngilis və yunan dillərini bilirdi.

Pedaqoloji fəaliyyəti O , İstanbul qız müəllim məktəbində və İstanbul İnas liseyində dərs keçib, Balkan müharibəsindən sonra mühacirlər üçün açılmış kurslarda mühazirə oxumuş, müxtəlif xeyriyyə işlərində iştirak etmiş, Hilal-i Ahmer cəmiyyətinin açdığı kursa gedərək könüllü xəstə baxıcısı olmuşdur. Baha 16 noyabr 1926-cı ildə Beyoğludakı 3-cü Yunan məktəbinə müəllim təyin edildi. O daha sonralar 7 il müddətinə İstanbuldakı xaricilər və milli azlıqların təhsil müəssisələrində müəllim kimi işləyib. Baha millət vəkili seçilib pedaqoloji karyerasını bitirməzdən əvvəl Yeniköy yunan məktəbində türk dilini tədris edirdi.

Siyasi karyerası Hüriyə Öniz Baha İsmət İnönünün dəvəti ilə 1935-ci il parlament seçkilərində Cümhuriyyət Xalq Partiyası tərəfindən millət vəkili namizədi göstərilmiş və 629 seçicinin səsini toplayaraq Türkiyənin 5-ci parlamentinə Diyarbəkir millət vəkili kimi daxil olmuşdur. Parlamentin Maliyyə Əncümənində fəaliyyət göstərən Baha, həm də Əmək Qanunu Layihəsi, Meşə Qanunu, İzmir vilayətində Turizm Yollarının İnşası Qanunu və Kayseri-Əskişehir təyyarə fabrikinə sərmayə qoyulması ilə bağlı yaradılmış müvəqqəti əncümənlərdə işləyib. Baha Mustafa Kamal Atatürkün ölümündən sonra prezident seçkisi üçün yaradılmış səsvermə komissiyasında fəaliyyət göstərib.

O, İstanbulda təşkil olunmuş 12-ci Beynəlxalq Qadınlar Qurultayında və 24-31 avqust 1936-cı il tarixlərində təşkil olunmuş Üçüncü Türk Dil Qurultayında iştirak etmişdir. Onun siyasi karyerası 5-ci parlamentdəki fəaliyyəti ilə məhdudlaşıb.

Sonrakı həyatı və yaradıcılığı Baha millət vəkili kimi fəaliyyətini bitirdikdən sonra pedaqoloji fəaliyyətinə geri dönüb, İtalyan liseyində, Ticarət liseyində, Erenköy qız liseyində və Beyoğlu qız liseyində türk dilini tədris edib.

O, millət vəkili olarkən “Körpünün altındakı uşaqlar ” (1936) adlı uşaq romanı yazmışdır. Yetim uşaqlardan bəhs edən əsər o dövrün uşaqlar üçün yazılmış hekayə və romanların yeganə nümunəsi hesab edilir və buna görə də, Baha respublika dövrünün uşaq ədəbiyyatının banilərindən biri hesab edilir. Roman 1923-1950-ci illərdə yazılmış digər uşaq romanlarında da olduğu kimi uşaqların oxuması məqsədi ilə yazılmış bir əsər deyil və daha çox onların yaşadıqlarından bəhs edərək onların qarşılaşdıqları çətinlikləri təsvir edir.

1939-cu ildə Bahanın “Müəllim romanı” adlı kitabını nəşr edilib. O, bu kitabda Orta Anadoludakı bir kənddə dərs deyən idealist bir müəllim obrazının hekayəsini nəql edib.

Hüriə Öniz Baha 1950-ci il noyabrın 2-də İstanbulda vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:TBMM V çağırış deputatları Kateqoriya:Türkiyə pedaqoqları