Andrey Rubin (; ) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Latviya futbolçusu. Məşqçi. Latviya milli futbol komandasının keçmiş üzvü.

Klub karyerası Riqa "Dauqava"sının Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Peşəkar futbolçu karyerasına 1996-cı ildə, Futbol üzrə Latviya İkinci Liqasında çıxış edən "Auda" komandasında başlayıb. 1997-ci ildə İsveçə gedib və burada Yüksək Liqa təmsilçisi "Ester"də forma geyinib.

1998-ci ildə vətəninə qayıdıb və "Skonto" komandası ilə müqavilə imzalayıb. 1998–2000-ci illər ərzində "Skonto"nun heyətində ümumilikdə 91 oyuna çıxıb və 22 qol vurub. Komandası ilə birlikdə 3 dəfə Latviya çempionatının, 2 dəfə isə Latviya Kubokunun qalibi olub.

"Skonto"dakı çıxışı zamanı onu İngiltərənin "Kristal Pelas" klubunun nümayəndələri bəyənərək komandalarına dəvət ediblər. 2000–2003-cü illərdə London təmsilçisinin heyətində Futbol Liqasının Birinci Divizionunda (hazırkı Çempionşip) çıxış edib. Klubun heyətində ümumilikdə 36 oyun keçirib, 2 qol vurub.

2002-ci ilin dekabrında azad agent qismində Moskvanın "Spartak" klubuna transfer olunub. Ancaq üç ay sonra, "qırmızı-ağlar"ın heyətində heç bir oyun keçirmədən Yaroslavlın "Şinnik" komandasına keçib. Burada keçirdiyi iki mövsüm ərzində ümumilikdə 58 matçda iştirak edib, 4 qol vurub.

2005-ci ilin yanvarında baş məşqçisi həmyerlisi Aleksandr Starkov olan "Spartak Moskva" ilə 4 illik müqavilə bağlayıb. Klubun əsas heyətinə düşməkdə çətinlik çəkən Rubin, mövsüm ərzində ikisi Kubokda olmaqla cəmi 7 oyun keçirə bilib. 2006-cı ilin yanvarında 12 aylıq "Şinnik"ə, 2007-ci ilin iyulunda isə 6 aylıq "Metallurq Liepaya"ya icarəyə verilib.

2008-ci ilin iyununda Bakının "İnter" komandasına keçərək, 1+1 şərti ilə müqavilə imzalayıb. 2008–2010-cu illər ərzində "İnter"in heyətində ümumilikdə 57 oyuna çıxıb və 9 qol vurub. Komandası ilə birlikdə Azərbaycan çempionatının qızıl (2009/2010) və gümüş (2008/2009) mükafatlarını qazanıb.

2010-cu ilin iyulunda azad agent kimi Ağdamın "Qarabağ" klubuna qoşulub və iki illik müqavilə imzalayıb. 2011-ci ilin sentyabrında Zaqatalanın "Simurq" klubuna transfer olunub. 2013-cü ilin əvvəlində futbolçu karyerasını başa vurub.

Milli karyerası 10 noyabr 1998-ci ildə Tunis milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda Latviya milli komandasının heyətində debüt edib.

Rubin, 1998–2011-ci illər aralığında formasını geyindiyi Latviya milli komandasının heyətində ümumilikdə 117 oyun keçirib və 9 qol vurub. O, milli komandanın heyətində ən çox oyun keçirmiş ikinci futbolçudur (bu göstəricidə yalnız Vitali Astafyevdən (167) geri qalır).

Məşqçi karyerası Karyerasını bitirdikdən sonra, 2013-cü ildə İkşkiledə uşaq komandalarında məşqçi işləyib. 2014-cü ildə "Oqre" klubunun məşqçilər korpusuna daxil edilib. 2019-cu ildə "Auda" komandasına baş məşqçi təyin olunub. 2022-ci ildə "Spartak Yurmala" klubunda məşqçi kimi fəaliyyət göstərib.

Şəxsi həyatı Atasını erkən itirən Rubin, yeniyetməlik dövründə pis çevrəyə düşüb. Bunun nəticəsində o, 15 yaşında ikən Riqa Mərkəzi Həbsxanasına salınıb. Askold Uldrikisin həmmüəllifliyi ilə yazılmış və 2022-ci ildə nəşr olunmuş Rubinin həyatından bəhs edən "Mən yalnız bir dəfə içəridə olmuşam" kitabında, o, Riqa Mərkəzi Həbsxanasında keçirdiyi 6 aydan və futbolun onu islahat yoluna yönəlməyə necə yardımçı olmasından danışıb.

Rubin, belaruslu Anya adlı xanımla ailə həyatı qurub. Bu evlilikdən bir qızı var.

Futbolda kumiri fransalı hücumçu Tyerri Anri olub.

Ölümü Rubin, 1 avqust 2022-ci ildə, 43 yaşında ikən qəflətən vəfat edib. Bu barədə məlumatı avqustun 3-də Latviya Futbol Federasiyasının mətbuat xidməti yayıb. Onun ölüm səbəbləri açıqlanmayıb.

Nailiyyətləri

Komanda Skonto Latviya çempionatı: 1998, 1999, 2000 Latviya Kuboku: 1998, 2000

İnter Bakı Azərbaycan çempionatı: 2009/10

İstinadlar

Xarici keçidlər Andrey Rubin "Kristal Pelas" klubunun heyətində. 2002-ci il.

Kateqoriya:Latviya futbolçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:Kristal Pelas FK futbolçuları Kateqoriya:Spartak Moskva FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Simurq PFK futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2004 futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:FİFA Yüzlük Klubu Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri