Adil Osmanov () — Azərbaycan əsilli Moldova cüdoçusu, Moldova cüdo komandasının üzvü, 2024-cü il Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Böyük Dəbilqə turnirinin (2024), Qran Prinin (2024) və Avropa kubokunun qalibi (2021). Həyatı Adil Osmanov 2 iyul 2000-ci ildə Moskvada azərbaycanlı-moldovan ailəsində anadan olub. Atası Azərbaycandan (Xaçmaz rayonundan), anası isə Moldovadandır. Osmanovun Bakıda və Xaçmazda yaşayan qohumları var.
Adil Osmanov 2017-ci ildə Moskvadan Kişinyova köçüb. O dövrdən Moldovanı təmsil etməyə başlayıb. Karyerası 2018-ci ilin avqustunda o, gənclər arasında Avropa kubokunun qalibi olub. 2019-cu ilin avqustunda yeniyetmələr arasında Avropa kubokunun gümüş mükafatını qazanıb. Həmin ilin sentyabrında yeniyetmələrin Avropa çempionatında ikinci yeri tutub.
2021-ci ilin oktyabrında böyüklər arasında Avropa kubokunun qalibi olub. 2021-ci ilin noyabrında Budapeştdə və 2022-ci ilin oktyabrında Sarayevoda Osmanov 23 yaşa qədər cüdo üzrə Avropa çempionatında üçüncü yeri tutub.
O, 2023-cü ildə Varşavada keçirilən Avropa Açıq çempionatında gümüş medal əldə edib.
2023-cü ilin mayında Osmanov Linsdə keçirilən Qran Pridə bürünc medal qazanıb. 2024-cü ilin martında o, finalda azərbaycanlı Rəşid Məmmədəliyevə qalib gələrək Linsdə Qran Prinin qalibi olub. Ayın sonunda Osmanov Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksələ bilib və burada yenə Məmmədəliyevi məğlub edib və turnirin qızıl medalını qazanıb. Bu, Osmanov üçün Böyük Dəbilqə yarışlarında ilk qızıl medal idi və Qran Pridəki ilk qızıl medalından bir neçə həftə sonra əldə edildi.
2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Adil üçüncü yer uğrunda mübarizədə italyan idmançı Manuel Lombardonu məğlub edərək bürünc medal qazanıb.
Adil Osmanov Moldova Azərbaycanlıları Konqresi Şurasının üzvüdür. Müxtəlif məsələlərdə azərbaycanlılara köməklik göstərir, Novruz bayramı kimi Azərbaycanın mədəni ənənələri ilə bağlı tədbirlər keçirir.
İstinadlar
Xarici keçidlər Adil Osmanov Judoinside.com saytında
Kateqoriya:Moldova cüdoçuları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:2024 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:Moldova azərbaycanlıları