INMerge İnnovasiya Sammiti (), qısaca InMerge, köhnə adı ilə Bakı İnnovasiya Sammiti — PAŞA Holdinq tərəfindən təşkil olunan, Bakıda hər il keçirilən beynəlxalq innovasiya, texnologiya və startap tədbiri. Sammit startapları, investorları, korporativ şirkətləri, dövlət qurumlarını və texnologiya liderlərini bir araya gətirməyi, Bakını Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında regional innovasiya mərkəzinə çevirməyi məqsəd qoyur.
Sammit ilk dəfə 13 dekabr 2022-ci ildə keçirilib. 2025-ci ildə keçirilən beşinci buraxılışda 5000-dən çox iştirakçı, 150 spiker, 100 startap və 80-dən çox vençur fondu iştirak edib. Altıncı sammitin 30 noyabr – 1 dekabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılır.
Ümumi məlumat Tədbirlərdə panel müzakirələri, əsas çıxışlar (keynote), biznes konfransları, startap çıxışları, vörkşoplar və investorlarla görüşlər təşkil olunur. Sammit Qafqaz, Mərkəzi Asiya, Şərqi Avropa, Yaxın Şərq və Şimali Afrikadakı 25-dən çox ölkədən spiker, investor və iştirakçını birləşdirir.
PAŞA Holdinqin baş icraçı direktoru Cəlal Qasımovun sözlərinə görə, INMerge kiçik korporativ tədbirdən böyük regional platformaya çevrilib. Sammitin əsas tərəfdaşları sırasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), institusional tərəfdaşı isə Mərkəzi Bank çıxış edir.
2025-ci ildən etibarən əsas sammitdən əvvəl müxtəlif ölkələrdə regional tədbirlər (Roadshow) təşkil olunur.
Buraxılışlar İl Tarix Məkan İştirakçılar Seçilmiş spikerlər 2022 13 dekabr Bakı 1090 Robin Şarma, Peter Ulrix, Yeron van der Veer 2023 30 noyabr – 1 dekabr Bakı Konqres Mərkəzi ~3000 Stiv Voznyak, Ceffri Brayn Straubel, Kris Barton 2024 10–11 oktyabr Bakı Konqres Mərkəzi 3800–5000+ Stiv Çen, Verner Voqels, Linda Hill, Zev Sigl, Uri Levin 2025 29–30 sentyabr Bakı Konqres Mərkəzi 5000+ Mark Rendolf, Ed Ketmull, Zak Kass, Tarun Xanna, Hal Qreqersen 2026 30 noyabr – 1 dekabr (planlaşdırılır) Bakı Konqres Mərkəzi — Qreq Hoffman, Coel Mokir, Mo Qavdat
Tarixi 2022 "Bakı İnnovasiya Sammiti" adı ilə keçirilən tədbir "PAŞA Holdinq" tərəfindən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində 13 dekabr 2022-ci ildə təşkil olunub. Tədbirdə 1090 nəfər iştirak edib.
2022-ci ildəki sammitdə məşhur simalardan liderlik və şəxsi inkişaf üzrə ekspert Robin Şarma, məruzəçi və futurist Kian Gohar, texnologiya spikeri Filip Devost, keçmiş "BCG", "IBM", "EY" partnyoru Peter Ulrix, “Shell”in keçmiş baş icraçı direktoru Yeron van der Veer və texnologiya sahəsində kitablar müəllifi Kris Skinner iştirak edib.
Bununla yanaşı, innovasiya sahəsində xüsusi uğurlara imza atmış iştirakçılar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan “IDDA Awards” müsabiqəsi çərçivəsində 8 nominasiya (ilin kəşfi, ilin İKT sahibkarı, ilin startapı, ilin bacarıq gücü, ilin texnoloji mediası, ilin rəqəmsal layihəsi, ilin ekosistem oyunçusu, ilin ekosistem lokomotivi) üzrə mükafatlandırılıb.
2023 30 noyabr – 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində “InMerge İnnovasiya Sammit”i keçirilib. Sayca ikinci dəfə təşkil edilən bu tədbir İqtisadiyyat Nazirliyi adından Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, eləcə də “Trendyol Group”-un əsas tərəfdaşlığı və “PAŞA Holdinq”in təşkilatçılığı çərçivəsində baş tutub. Sammitdə 20 ölkədən 3000-ə yaxın iştirakçı, 50-dən çox investor, 150-dən çox startap iştirak edib. Tədbirin əsas məqsədi Azərbaycanda, o cümlədən regionda startap mühitini dəstəkləmək və innovativ sənayeni inkişaf etdirməkdir.
Tədbirdə ən yaddaqalan çıxışlardan birini "Apple" həmtəsisçisi Stiv Voznyak edib. Voznyak innovasiyalar və şirkətin tarixi haqda öz fikirlərini bölüşüb. O, öz çıxışını beynəlxalq spiker Bill Vilyamsın moderatorluğu altında həyata keçirib:
Digər maraqlı nitqlər isə "Tesla" şirkətinin həmtəsisçisi Ceffri Brayn Straubel və "Shazam" şirkətinin qurucusu Kris Barton tərəfindən edilib.
Bununla yanaşı, Ceffri Brayn Straubel, Kris Barton, "Trendyol"un baş icraçı direktoru Erdem İnan, "PAŞA Holdinq"in Ekosistem üzrə Baş İcraçı Direktoru Fərid Məmmədov, "Uzum" şirkətinin baş əməliyyat direktoru Roman Lavrentev smart ekosistemlərin gələcəyi və texnologiyanın inteqrasiyası mövzusu üzrə paneldə müzakirə aparıblar.
Açıq bankçılıq və API standartları kimi anlayışlarla bağlı da panel diskussiyası baş tutub. Həmin müzakirədə "DNA Payments Group"un həmtəsisçisi Arif Babayev, həmin vaxtda Mərkəzi Bankın icraçı direktoru olmuş Fərid Osmanov, "Ubeya" şirkətinin partnyorluqlarla bağlı direktoru Tal Şaron, "Visa"nın Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti Kristina Doros və Böyük Britaniya Ticarət və İnvestisiya qurumunun Biznes Şurasının üzvü Alasteyr Lukies iştirak edib.
"InMerge"də iştirakçıların yerli və regional startap müəllifləri ilə tanış olması üçün şərait yaradılmışdı. Həmçinin VR zonası təşkil olunmuşdu.
2024 Sammit 10–11 oktyabr 2024-cü il tarixlərində Bakı Konqres Mərkəzində keçirilib. Konqres Mərkəzinin məlumatına görə, tədbirdə 800-ü xarici qonaq olmaqla təxminən 3800 iştirakçı və 300 startap layihəsinin nümayəndəsi iştirak edib. Təşkilatçıların sonrakı açıqlamalarında isə 2024-cü il sammitinin 5000-dən çox iştirakçı və 100-dən çox spikeri bir araya gətirdiyi bildirilir.
Sammitdə spiker kimi "YouTube"un həmtəsisçisi Stiv Çen, "Amazon" şirkətinin vitse-prezidenti və baş texnologiya direktoru Verner Voqels, "Starbucks"ın həmtəsisçisi Zev Sigl, "Waze"in təsisçisi Uri Levin, Harvard Biznes Məktəbinin professoru Linda Hill və Stenford Universitetinin professoru İlya Strebulayev çıxış edib.
Sammit çərçivəsində mükafat fondu 25 min ABŞ dolları olan startap müsabiqəsi elan olunmuşdu. Bundan əlavə, startap təsisçilərinə investorlardan və PAŞA Holdinqdən 200 min ABŞ dollarına qədər əlavə maliyyə vəsaiti əldə etmək imkanı təqdim edilmişdi.
2025 Beşinci INMerge İnnovasiya Sammiti 29–30 sentyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində keçirilib. Tədbirdə 5000-dən çox iştirakçı, 150 spiker, 100 startap və 80-dən çox vençur fondu iştirak edib; iştirakçılar əsasən Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olub. Proqram fintex və məsuliyyətli bankçılıq, data və süni intellekt, Sənaye 4.0, telekommunikasiya, marketinq, elektron ticarət və investisiya kimi istiqamətləri əhatə edib.
Açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, PAŞA Holdinqin baş icraçı direktoru Cəlal Qasımov və innovasiya departamentinin rəhbəri Tuğra Musayeva çıxış ediblər. Mikayıl Cabbarov çıxışında son 20 ildə aparılan islahatlar nəticəsində Azərbaycana 344 milyard dollardan çox investisiya cəlb edildiyini, bunun 210 milyard dollardan çoxunun qeyri-neft sektorunun payına düşdüyünü bildirib.
Sammitin əsas spikerləri arasında "Netflix"in həmtəsisçisi Mark Rendolf, "Pixar"ın həmtəsisçisi Ed Ketmull, "OpenAI"ın keçmiş "Go-To-Market" rəhbəri Zak Kass, Harvard Biznes Məktəbinin professoru Tarun Xanna və MIT-nin professoru Hal Qreqersen olub. Yekun panel "Təhsil–sahibkarlıq xətti: biliyin milli inkişafa çevrilməsi" mövzusuna həsr olunub və burada elm və təhsil naziri Emin Əmrullayev və PAŞA Holdinqin baş icraçı direktorunun müavini Dəyanət Sadullayev iştirak ediblər. Bundan başqa, regional vençur kapitalı, marketinq və sosial medianın yerli biznesə təsiri, süni intellektin tətbiqi, enerji sektorunda data mövzularında panellər keçirilib.
Sammit çərçivəsində keçirilən "INBattle" startap müsabiqəsində müxtəlif ölkələrdən 40 startap yarışıb. Müsabiqənin qalibi aktivlərin Şəriət prinsiplərinə uyğun tokenləşdirilməsi platformasını hazırlayan özbəkistanlı "Mulk Protocol" startapı olub və 30 min ABŞ dolları məbləğində baş mükafat qazanıb.
Əsas sammitdən əvvəl 2025-ci ildə Tbilisi (1 aprel), İstanbul (29 aprel), Almatı (17 iyun) və Daşkənddə (16 iyul) regional tədbirlər keçirilib.
2026 Altıncı sammitin 30 noyabr – 1 dekabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılır. May ayında yayılan məlumatlarda tədbirin 8–9 oktyabr tarixlərində keçiriləcəyi bildirilsə də, sonradan tarix dəyişdirilib.
Elan olunmuş spikerlər sırasında "Nike"ın keçmiş marketinq direktoru Qreq Hoffman, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Coel Mokir və "Google X"in keçmiş baş biznes direktoru Mo Qavdat var. Rəsmi saytda həmçinin "Amazon", "Kaspersky", "TikTok", "Adobe" və "Microsoft" şirkətlərinin nümayəndələri spiker kimi göstərilib.
Startap proqramı çərçivəsində seçilmiş startaplar 50 min ABŞ dolları məbləğində mükafat fondu uğrunda yarışacaq; iştirakçılara pulsuz otel yerləşdirməsi, stend və korporativ şirkətlərlə fərdi görüşlər təklif olunur. Müraciətlərin son tarixi 15 sentyabr 2026-cı il müəyyən edilmişdi.
2026-cı ildə əsas sammitdən əvvəl üç beynəlxalq tədbir keçirilib: INMerge İstanbul — 19 fevral 2026, İstanbul, Türkiyə. INMerge Daşkənd — 30 aprel 2026, Daşkənd, Özbəkistan. Tədbirdə Mərkəzi Asiyanın rəqəmsal ekosistemi və regional kapital mövzularında panellər keçirilib, startap müsabiqəsinin ilk üç yerini tutan startaplar Bakıdakı əsas sammitdə iştirak hüququ qazanıb. INMerge Berlin — 29 iyun 2026, Berlin, Almaniya. "GITEX Europe"un rəsmi yan tədbiri kimi AXICA Konqres Mərkəzində "Plug and Play" ilə tərəfdaşlıqda keçirilən bu tədbir INMerge-in Avropada ilk tədbiri olub. Startap müsabiqəsində "Sintro" birinci yeri tutub, "Datfid" və "Lan fly" ilə birlikdə Bakıdakı sammitə vəsiqə qazanıb.
Regional tədbirlər Tədbir Tarix Şəhər INMerge Tbilisi 1 aprel 2025 Tbilisi, Gürcüstan INMerge İstanbul (INTürkiye) 29 aprel 2025 İstanbul, Türkiyə INMerge Almatı 17 iyun 2025 Almatı, Qazaxıstan INMerge Daşkənd 16 iyul 2025 Daşkənd, Özbəkistan INMerge İstanbul 19 fevral 2026 İstanbul, Türkiyə INMerge Daşkənd 30 aprel 2026 Daşkənd, Özbəkistan INMerge Berlin 29 iyun 2026 Berlin, Almaniya Mənbə:
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Tədbirlər Kateqoriya:Texnologiya konfransları