Aytac Tapdıq (tam adı: Aytac Soltan qızı Əhmədova; 18 iyul 1993, Bakı, Azərbaycan) — azərbaycanlı jurnalist və siyasi məhbus; 2015-ci ildən "Meydan TV"nin jurnalistidir.

22 yaşında jurnalist fəaliyyətinə başladıqdan qısa müddət sonra ağır tzyiqlərə məruz qalmışdır. 2015-ci ilin sentyabr ayı ərzində əvvəlcə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət olunaraq dindirilmiş, ardınca isə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılmış, yaşadığı mənzildə qanunsuz olaraq əməliyyat-axtarış tədbirləri aparılmış, idarədə beş saat müddətinə sorğu-sual edildikdən sonra sərbəst buraxılmışdır. Bu hadisə "Sərhədsiz Reportyorlar" (RSF), "Human Rights Watch" (HWR) və "Amnesty International" tərəfindən qınanmışdır. "Meydan TV"nin vəzifəli şəxsləri barədə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.2.2 və 308.2-ci maddələri başladılan cinayət işinə cəlb edilmiş, 2019-cu ilin mayınadək ölkədən gedişi qanunsuz olaraq məhdudlaşdırılmışdır.

"Meydan TV"də fəaliyyəti ərzində yüzlərlə reportajın müəllifi olmuşdur. 2015–2024-cü illərdə peşə fəaliyyəti ərzində davamlı olaraq daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının nümayəndələri tərəfindən saxlanılmışdır, video-kamerası və avadanlıqları qanunsuz olaraq götürülmüşdür.

2024-cü il, dekabrın 6-da Azərbaycanda jurnalistlərin silsilə həbsləri zamanı özü və "Meydan TV"nin digər jurnalistləri ilə birlikdə polislər tərəfindən saxlanılmış, yaşadığı mənzildə axtarış aparılmış, nəticədə Bakı Şəhər Baş Polis İdarəsində başladılmış cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb olunmuş, dekabrın 8-də isə Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunmuşdur. İbtidai istintaq dövrü ərzində həm birinci, həm də apellyasiya instansiyasında ondan çox məhkəmə iclası baş tutmuş, bu iclaslarda müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmamış, BŞBPİ müstəntiqinin vəsatətləri və prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları isə birqayda olaraq təmin olunmuşdur. 29 avqust 2025-ci ildə ona Cinayət Məcəlləsinin 8 maddəsi — 192.3.2, 193–1.3.1, 193–1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri üzrə ittiham elan edilmişdir. Bu maddələr özündə qanunsuz sahibkarlığı, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmanı, qaçaqmalçılığı, vergiləri ödəməkdən yayınmanı, rəsmi sənədləri saxtalaşdırmanı və bilə-bilə saxta sənədlərdən istifadə etməni ehtiva edirdi. Aytac Əhmədova ittihamlar üzrə özünü təqsirli bilməmişdir. Sülh və Demokratiya İnstitutu (IPD) tərəfindən o, "siyasi məhbus" elan edilmiş, bir sıra nüfuzlu beynəlxalq insan hüquqları təşkilatları — "Human Rights Watch" (HWR) və "Amnesty International", həmçinin "Sərhədsiz Reportyorlar" (RSF), habelə ABŞ Dövlət Departamenti və Avropa Parlamenti tərəfindən onun və digər həbs edilmiş jurnalistlərin həbsləri qınanmış, onların dərhal azadlığa buraxılması Azərbaycan hökumətindən tələb edilmişdir.

8 dekabr 2024-cü ildən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır.

Erkən illəri Aytac Soltan qızı Əhmədova 1993-cü il, iyulun 18-də Bakı şəhərində anadan olub.

1999-cu ildə Nəsimi rayonunda 8 nömrəli tam orta məktəbin birinci sinfinə gedib.

2010-cu ildə Yasamal rayonunda 158 nömrəli tam orta məktəbdən məzun olub.

2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub və "İbtidai sinif müəllimliyi" ixtisası üzrə təhsil alıb.

2014-cü ildə Bakı Jurnalistika Məktəbini (BJM) bitirib.

Siyasi motivli cinayət təqibi və səyahət qadağası (2015–2019)

Aytac Tapdıq jurnalist fəaliyyətinə görə hələ 22 yaşında təqibə məruz qalmışdır. 8 sentyabr 2015-ci ildə o, müstəntiq Əli Babayev tərəfindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət olunmuşdur. Müstəntiq ona "Mingəçevir hadisələri" ilə bağlı çağırıldığını bildirsə də, ona əsasən, "Meydan TV"nin fəaliyyəti ilə bağlı suallar verilmişdir.

2015-ci il, sentyabrın 16-da, saat 16:00 radələrində Yasamal rayonunda Aytac Tapdıq "Meydan TV"nin digər jurnalisti Səlimə Cəlilova ilə birlikdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanaraq idarəyə aparılmışdır. Onun ailəsi ilə birlikdə yaşadığı mənzildə əməliyyat-axtarış tədbiri aparılmış, kompüteri götürülmüşdür. Beş saat müddətinə idarədə saxlandıqdan sonra, saat 21:00 radələrində o və S. Cəlilova sərbəst buraxılmışdır. "Meydan TV"nin jurnalisti Natiq Cavadlı hesab edirdi ki, Aytac Əhmədova "Meydan TV"nin fəaliyyəti ilə əlaqədar saxlanılıb. "Meydan TV ilə əməkdaşlıq edən hər kəs artıq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlə üzrə istintaq idarəsinə çağırılıb və orada bu media orqanının işi ilə bağlı sorğu-sual ediliblər. İndi isə, görünür, polisi işə cəlb etmək qərarına gəliblər. Mən sadəcə olaraq 22 yaşlı jurnalistin gündüz saatlarında, insanların gözü qarşısında belə formada saxlanılmasının vacibliyini başa düşmürəm", — deyə Cavadlı bildirmişdi. O, bu hərəkətlərin jurnalistləri qorxutmaq və beləliklə, onları Meydan TV ilə əməkdaşlıqdan imtina etməyə məcbur etmək məqsədi daşıya biləcəyini irəli sürmüşdü. Azadlıq Radiosunun adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, Aytac Əhmədova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Meydan TV-nin fəaliyyəti, rəhbərliyi, jurnalistlərin maaşları və Mingəçevir şəhər polis bölməsində naməlum şəkildə ölən Bəhruz Hacıyevin cəsədini göstərən videonun kim tərəfindən çəkilib Meydan TV-də yayıldığı barədə sorğu-sual edilmişdi. Meydan TV-nin rəhbəri Emin Millinin sözlərinə görə, Əhmədovanın bu formada saxlanması Meydan TV-yə qarşı bir təzyiq formasıdır. Bundan əvvəl, sentyabrın 2-də "Meydan TV"nin üç jurnalisti Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində dindirilmişdi. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Aytac Əhmədovanın saxlanılmasını şərh edərərək bildirmişdi ki, "bu cür saxlamalar dünyanın bütün ölkələrində var. Özü də bunu saxlanma kimi qiymətləndirmək olmaz. Jurnalist müəyyən müddətdə müvafiq qurumlara dəvət olunur və bu məsələlər də protokollaşdırılır. Ona görə də düşünürəm ki, bu məsələni söz və mətbuat azadlığı müstəvisində qaldırmaq lazım deyil". Sentyabrın 18-də "Sərhədsiz Reportyorlar" (RSF), 22-də isə "Human Rights Watch" (HWR) təşkilatları bəyanat yayaraq Aytac Əhmədovanın saxlanmasına toxunmuş, həmçinin "Meydan TV"nin digər jurnalistlərinə qarşı təqib hallarını qınamışdır. 2016-cı ilin fevralında "Amnesty International" beynəlxalq hüquq-müdafiə təşkilatı 2015-ci ildə dünyada insan haqlarına dair hesabatında Aytac Əhmədovanın polis əməkdaşları tərəfindən küçədən oğurlanması məsələsinə toxunmuşdur.

14 yanvar 2016-cı ildə vəkil Zibeydə Sadıqova Aytac Tapdığın BMCMİ tərəfindən saxlanılması, mənzildə qanunsuz axtarışın aparılması və kompüterinin götürülməsi, BMCMİ-də saxlanılan zaman işgəncəyə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qalması barədə Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralova şikayət ünvanlamış, Aytac Əhmədovanı saxlayan və idarədə ona qeyri-insani rəftar göstərən BMCMİ əməkdaşları barədə cinayət işinin başlanması xahiş edilmişdir. 16 mart 2016-cı ildə Baş Prokurorun birinci müavini Rüstəm Usubov cinayət işinin başlanmasının rədd ediməsi barədə qərar qəbul etmişdir. Zibeydə Sadıqovanın sözlərinə görə, həmin qərar qanunsuz və əsassız olduğundan məhkəməyə qərardan şikayət veriləcəkdir.

5 fevral 2016-cı ildə Aytac Əhmədova növbəti dəfə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət olunmuş, "Meydan TV"nin fəaliyyəti ilə bağlı ona suallar verilmişdir. 2016-cı ilin aprelində məlum olmuşdur ki, "Meydan TV"nin 15 nəfər vəzifəli şəxsləri barədə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda törədilən gəlir əldə etməklə vergi ödəməkdən yayınma), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 152006048 nömrəli cinayət işi başlanmışdır.

30 iyun 2016-cı ildə Nəsimi Rayon Məhkəməsində Aytac Əhmədovanın ölkədən gedişinin məhdudlaşdırılması ilə bağlı məhkəmə nəzarətində qaydasında verilmiş şikayətə baxılmışdır. Hakim Elman İsayevin sədrliyi ilə baş tutan iclasında məhkəmə şikayəti icraata götürməkdən imtina etmişdir. İclasda prokurorloq orqanının nümayəndəsi məhdudiyyətin "Meydan TV"nin vəzifəli şəxsləri barədə başlanılan cinayət işinin ibtidai istintaqı ilə əlaqədar zərurət yarandığından qoyulduğunu bildirmişdir. Aytac Əhmədovanın müdafiəçisi Zibeydə Sadıqova isə onun bu günə qədər nə şübhəli şəxs, nə də təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilmədiyindən onun ölkədən gedişinə qoyulan qadağanın qanunsuz olduğunu bildirmiş, sərbəst hərəkət azadlığının pozuntusu kimi qiymətləndirmişdir. 14 iyul 2016-cı ildə isə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətini təmin etməmişdir. Müdafiəçilər məhkəmənin bu qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişdilər. Bir çox hüquqşünasların rəyinə görə istintaqı aparılan cinayət təqibi ilə bağlı şəxslərə tətbiq edilən bu məhdudiyyətlər tamamilə qanunsuzdur. Şəxslərin ölkədən getmək hüququna məhdudiyyət Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada və yalnız bu hallara əsasən tətbiq edilə bilər: şübhəli şəxs və ya təqsirləndirilən şəxs olduqda, məhkum və şərti məhkum edildikdə. Zibeydə Sadıqova hansısa cinayət işi üzrə ifadəsi alınan şəxsə belə bir məhdudiyyətin tətbiqinin heç bir əsasının olmadığını bildirmişdi.

AİHM-nin 2023 və 2025-ci illərdə çıxardığı qərarları 2017-ci ilin sentyabrında Avropa İnsan Hüquqları Məhkəməsi Aynur Qənbərova, Aytac Əhmədova və Natiq Cavadlının ölkədən gedişinin məhdudlaşdırılması ilə bağlı şikayətlər üzrə kommunikasiya mərhələsinə başlamışdır. Ərizəçilər İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 4 saylı protokolunun 2-ci maddəsinə (Hərəkət etmək azadlığı), habelə 6-cı maddəsinə (Ədalətli məhkəmə araşdırması hüququ) əsasən şikayət edirdilər ki, yerli məhkəmə sistemi şikayətlərinə mahiyyəti üzrə baxmaqdan imtina etməklə məhkəməyə müraciət hüquqlarını pozmuş, həmçinin Konvensiyanın 10-cu maddəsinin (Fikri ifadə etmək azadlığı) və Konvensiyanın 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) də pozuntusuna yol verildiyini bildirmişdilər.

21 sentyabr 2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi Aynur Qənbərova və başqaları Azərbaycana qarşı işi üzrə qərarını açıqlamışdı. AİHM-in qərarına əsasən, Azərbaycan hakimiyyəti Aynur Qənbərova, Aytac Əhmədova və Natiq Cavadlının hərəkət etmək azadlığı (Konvensiyanın 2-ci maddəsi) və səmərəli hüquqi müdafiə vasitələri hüququnun (Konvensiyanın 13-cü maddəsi) pozmuşdur. AİHM-nin qərarına görə hər bir ərizəçiyə mənəvi ziyana görə 5000 avro kompensasiya və məhkəmə xərcləri üçün əlavə 500 avro ödənmişdir.