Həsən Urəngi və ya Həsən Orəngi () — siyasətçi, ictimai xadim. Azərbaycan Milli Hökuməti dövründə səhiyyə naziri.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra həbs olunub. Sonrakı həyatı haqda məlumat yoxdur.

Haqqında Həsən Urəngi 1910-cu ildə Təbrizdə anadan olub. 1945-ci ilin may ayında Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 25 illiyi münasibətilə Cənubi Azərbaycandan Bakıya dəvət olunmuş nümayəndə heyətinin üzvlərindən biri olub. 1945-ci il noyabrın 19-da Təbrizdə yaradılmış "Sovet Azərbaycanı dostları" cəmiyyətinin idarə heyətinə üzv seçilib.

1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başladı. Həsən Urəngi də Azərbaycan Xalq Konqresində nümayəndə kimi iştirak edib. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Həsən Urəngi qurulmuş hökumətdə Səhiyyə naziri təyin olunub.

Səhiyyə naziri olduğu dövrdə 35 xəstəxana, poliklinika, ambulatoriya tikildi. Kəndlərdə 38 tibb məntəqəsi yaradıldı. Xəstəxana çarpayılarının sayı 800-ə, həkimlərin sayı isə 200-ə çatdırıldı. Tibb bacıları hazırlamaq üçün Təbriz Universitetində tibb fakültəsi və üç illik Tibb texnikumu açılıb. Orta tibb işçiləri hazırlamaq üçün 5–6 aylıq kurslar açılıb. Milli Hökumət dağılana qədər bu kursları 120 tibb işçisi bitirmişdi. İran hökuməti 1945-ci ildə Azərbaycan səhiyyəsi üçün 32 min tümən ayırmışdırsa, Azərbaycan Milli Hökuməti dövründə səhiyyəyə 5 milyon tüməndən çox vəsait ayrıldı.

1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Həsən Urəngi 1947-ci il yanvarın 16-da şah qoşunları tərəfindən həbs olunub. Sonrakı həyatı haqda məlumat yoxdur.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri Kateqoriya:Səhiyyə nazirləri Kateqoriya:Azərbaycan Milli Hökumətinin Milli Məclisinin deputatları