Meri Li Abbott (d. 27 iyul, 1921 – ö. 23 avqust, 2019) — amerikalı rəssam olub, 1940-cı illərin sonu və 1950-ci illərdə Nyu-York Məktəbinin abstrakt ekspressionistlərindən biri kimi tanınırdı. Onun abstrakt və fiqurativ üslubda çəkilmiş əsərlərinə 1950-ci illərdə mütəmadi olaraq yaşadığı Santa-Krus və Haiti səfərləri də təsir göstərmişdi.

Gənclik illəri və təhsili Abbott Nyu-York şəhərində anadan olub və Çapin məktəbində təhsil alıb. Onun ailəsi ABŞ-ın ikinci prezidenti Con Adamsın nəslindən idi. Abbottun anası, Elizabet Qrinnel şairə və "Xerst" qəzetləri üçün məqalələr yazan jurnalist idi. Onun ailəsi yay aylarını tez-tez Nyu-Yorkun Lonq-Aylend adasında, Sauthemptonda keçirirdi.

O, Nyu-York İncəsənət Tələbələri Liqasında rəssam Corc Qroszun tələbəsi olub. Daha sonra "Rəssamın predmetləri" adlı eksperimental məktəbdə Barnett Nyuman, Mark Rotko və Devid Heyr kimi tanınmış sənətçilərlə işləyib. Abbott 1930-cu illərin sonlarında Vaşinqtonda, Korkoran Muzey Məktəbində (indiki Korkoran İncənət və Dizayn Məktəbində) təhsilini davam etdirib.

O, 1943-1946-cı illər arasında rəssam Lyuis Tiqlə evli olub. Tiqdən ayrıldıqdan sonra iş adamı Tom Klayd ilə ailə qurub. Abbott və Klayd qış aylarını tez-tez Haiti və Santa-Krusda keçirirdilər. Abbottun rəsmlərinə bu bölgələrin insanları və mənzərələri ilham verirdi.

Fəaliyyəti və həyatının sonrakı illəri İkinci Dünya Müharibəsindən sonra Abbott incəsənət sahəsində karyerasını ciddi şəkildə davam etdirdi və aşağı Manhettendə yaşayan sənətçiləri birləşdirən "Dauntaun qrup"a qoşuldu. 1946-cı ildə Manhettendə, onuncu küçədə öz sənət emalatxanasını açdı. Manhettendə olması ona sənətçilərlə daha yaxın olmaq imkanı verdi. Filip Pavia onu "Rəssamlar klubu"nun 3 qadın üzvündən biri seçdi (digər iki üzv Eleyn de Kuninq və Perle Fayn idi). Abbott sonralar belə deyirdi:

"Ümumiyyətlə, klubdakı qadınlar digər üzvlərdən fərqli qəbul edilmirdi – sənətçi sənətçidir. Bəzən isə sadəcə gözəl olduğuna görə fərqli münasibət görürdün. Məsələn, məndən üzvlük haqqını toplamağı və içkiləri almağı istəyirdilər, çünki mən xahiş edəndə kişilər dərhal ödəyirdi. Amma bəzən də ciddi qəbul edilmək üçün sərt olmalı idin."

1948-1949-cu illərdə Abbott, Villem de Kuninqin təsiri altında sənət üslubunu inkişaf etdirdi. Onun fırça ilə davranışları da de Kuninqin "Rəssamın predmetləri" dərsində iştirak etdikdən sonra nəzərəçarpacaq dərəcədə dəyişdi. Abbott, de Kuninq, Cekson Pollok və Robert Madervell kimi rəssamlarla birlikdə məşhur Cedar Tavern kafesini tez-tez ziyarət edirdi. Bu məkan, Abstrakt Ekspressionistlər üçün mühüm görüş yeri idi və Abbottun sözlərinə görə, onlar burada incəsənət, ideyalar və fəlsəfə barədə müzakirələr aparırdılar.

1950-ci illərdə Abbott Nyu York məktəbində birinci nəsil şairlərdən olan Barbara Gest ilə əməkdaşlıq etməyə başladı. Abbott, Gestin şeirlərindən ilhamlanaraq "poeziya rəsmləri" adlandırdığı əsərlər yaratdı.

Onun rəsmləri parlaq rənglərdən ibarət idi və təbiətdən, Karib dənizi adalarına etdiyi səfərlərdən ilham alırdı.

2016-cı ildə Abbottun əsərləri Denver İncəsənət Muzeyi tərəfindən təşkil edilən "Abstrakt Ekspressionizmdə Qadınlar" sərgisində nümayiş etdirildi.

O, 23 avqust 2019-cu ildə, 98 yaşında ürək çatışmazlığından dünyasını dəyişdi.

2023-cü ildə onun əsərləri Vaytçepel Qalereyası (London) tərəfindən təşkil edilən "1940-1970-ci illərdə fəaliyyət, jest, boya: qadın rəssamlar və qlobal abstraksiya " adlı sərgidə nümayiş etdirildi.

Həmçinin bax

Ekspressionizm

Xarici keçidlər

Mary Abbott on Artnet

İstinadlar Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:XXI əsr ABŞ rəssamları Kateqoriya:XX əsr ABŞ rəssamları