Əli Məmmədnəbi oğlu Novruzov () — Azərbaycan təyyarəçisi, Sosialist Əməyi Qəhrəmanı (1963).Cümşüdlü H. İgid təyyarəçi. Bakı: Azərnəşr, 1964. — 32 s.Pavlov A. Qızıl ulduzlu qəhrəman //Bakı. — 1963. — 17 avqust.

Həyatı Əli Məmmədnəbi oğlu Novruzov 14 avqust 1925-ci ildə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1941-ci ildə, Böyük Vətən müharibəsi dövründə, Bakı şəhərinin Caparidze rayonundakı 1 nömrəli məktəbin 8-ci sinfini bitirmişdir. Daha sonra 4 nömrəli sənət məktəbinə göndərilmişdir.

Əmək fəaliyyətinə təhsilini başa vurduqdan sonra, 1943-cü ilin may ayında Bakıdakı Leytenant Şmidt adına zavodda tornaçı kimi başlamışdır. 1943-cü ilin noyabr ayında xüsusi çağırışla hərbi xidmətə cəlb olunmuş və Ağstafa şəhərində yerləşən Mülki Hava Donanmasının (MHD) 3-cü aviasiya eskadrilyasının tədris bölməsində təhsil almışdır. Buradakı təhsilini 1944-cü ilin avqustunda uğurla başa vurmuş və Bakıda yerləşən MHD-nin 5-ci tədris-məşq dəstəsində təhsilini davam etdirmişdir.

Əli Novruzov 1945-ci ilin fevral ayından hazırkı Hacıqabul şəhərində yerləşən 222-ci xüsusi təyinatlı aviasiya dəstəsinin, 1948-ci ilin fevral ayından 1949-cu ilin yanvar ayınadək Bakı sanitar-nəqliyyat aviasiya qrupunun pilotu olmuşdur. 1949-cu ildə Rostov-na-Donu şəhərində Lİ-2 təyyarəsi üzrə ikinci pilot kimi təkrar hazırlıq kursu keçmiş, həmin ilin avqust ayından etibarən Mülki Hava Donanmasının 9-cu hava nəqliyyatı dəstəsində Lİ-2 təyyarəsinin ikinci pilotu kimi çalışmışdır. 1953-cü ilin aprel ayında Ulyanovsk şəhərindəki Ali Uçuş Hazırlığı Məktəbini bitirdikdən sonra Mülki Hava Donanmasının 107-ci hava dəstəsinə keçərək İL-12 və İL-14 təyyarələrində hava gəmisi komandiri və təlimatçı olmuşdur.

1958-ci ildə Ulyanovsk şəhərində İL-18 təyyarəsinin komandiri kimi təkrar hazırlıq kursu keçmiş, 1959-cu ildən 107-ci aviasiya dəstəsində İL-18 təyyarəsinin komandiri vəzifəsində çalışmışdır. 1961-ci ildə bir neçə ay xarici ezamiyyətdə olmuş, Əfqanıstan Krallığında dövlət tapşırıqlarını yerinə yetirmişdir. 1959-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 1966-cı ildə pilot-komandir kimi uçuş fəaliyyətini başa vurmuş və həmin ilin oktyabrından Azərbaycan Mülki Aviasiya İdarəsində kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1968-ci ilin iyun ayında isə təqaüdə çıxmışdır. Əli Novruzov havada ümumilikdə 4 milyon kilometrdən çox məsafə qət etmişdir. PO-2, Lİ-2, İL-12, İL-14 və İL-8 təyyarələri üzrə 15 min saat uçuş yerinə yetirmişdir.

1960-cı ilin iyul ayında sərnişin təyyarəsində baş vermiş yanğının qarşısını almışdır.

Əli Novruzov mülki aviasiya sahəsindəki nailiyyətlərinə görə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 16 aprel 1963-cü il tarixli Fərmanı ilə "Sosialist Əməyi Qəhrəmanı" adına ("Lenin" ordeni və "Oraq və çəkic" medalı təqdim edilməklə) layiq görülmüşdür. "Əmək igidliyinə görə" medalı və aviasiya nişanları ilə mükafatlandırılmışdır. Qulluq vəzifələrini yerinə yetirərkən göstərdiyi xidmətə görə 19 avqust 1960-cı ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir.

Əli Novruzov 24 fevral 1993-cü ildə Bakıda vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan pilotları