Əli Xanəli oğlu Əliyev (; ) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Qazaxıstan futbolçusu. Məşqçi.

Klub karyerası Əli Əliyev 27 oktyabr 1980-ci ildə Almatı şəhərində anadan olub. Milliyətcə azərbaycanlıdır. Əcdadları 1944-cü ildə Gürcüstan SSR-dən Qazaxıstan SSR-yə deportasiya ediliblər.

Almatı şəhərində yerləşən 2 saylı İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbinin yetirməsi olan Əli, peşəkar futbolçu karyerasına 1997-ci ildə, Qazaxıstan Birinci Liqasında çıxış edən "Kayrat-2" klubunda start verib. 1998-2000-ci illər ərzində "MOİK-Kayrat", 2001-2006-cı illər ərzində isə "Kayrat" komandasının heyətində çıxış edib. "Kayrat"ın heyətində bir dəfə çempionatın, iki dəfə isə ölkə Kubokunun qalibi olub.

2007-ci ildə Türkiyəyə yollanıb və beş il burada çıxış edib. Bu müddət ərzində o, "Akçaabat Sebatspor" (2007), "Kayseri Ərciyəsspor" (2007—2009), "Qartalspor" (2009—2010) və "Diyarbakırspor" (2010—2011) komandalarında forma geyinib.

2012-ci ilin yanvarında Qazaxıstana qayıdıb və Pavlodarın "İrtış" klubu ilə müqavilə bağlayıb. Lakin yeni komandasında oyun praktikası baxımından çətinlik çəkdiyindən, yayda Kostanayın "Tobol" klubuna keçmək qərarına gəlib.

2013-cü ildə Öskemen şəhərinin "Vostok" klubunda çıxış edib. 2014 mövsümündə Çimkəndin "Ordabası" komandasında oynayan məşqçi kimi fəaliyyət göstərib.

2015-ci ildə Petropavlovskun "Kızıl-Jar" komandasına transfer olunub. 2018-ci ilə qədər burada çıxış edən futbolçu, klubun heyətində ümumilikdə 84 oyun keçirib, 6 qol vurub.

Milli komanda karyerası 7 iyul 2002-ci ildə Estoniya milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda Qazaxıstan milli futbol komandasının heyətində debüt edib. Yığmanın heyətində ikinci və sonuncu görüşünü 23 may 2008-ci ildə yoldaşlıq oyunu çərçivəsində Rusiya millisinə qarşı keçirib.

Məşqçilik karyerası 2019-cu ilin yanvar ayında Qazaxıstan Birinci Liqasında çıxış edən "Kızıl-Jar" klubuna baş məşqçi təyin olunub. Mövsümün yekununda "Kızıl-Jar" Birinci Liqanın qalibi olub və Premyer Liqada çıxış etmək hüququ qazanıb, Əliyev isə Birinci Liqanın ən yaxşı məşqçisi adını qazanıb.

2021-ci ilin yanvar-aprel aylarında "Şaxtyor Qarağandı", iyun-noyabr aylarında isə "Astana-Jas" komandasında baş məşqçi kimi çalışıb.

2022-ci ilin yanvar-aprel ayları aralığında "Jenis" klubunun baş məşqçisi olub. Eyni ilin aprel ayında ikinci dəfə "Kızıl-Jar" klubunun "sükanı arxasına" keçib. 2025-ci ilin yanvar ayında komandadan ayrılıb.

2025-ci lin fevral ayında Qazaxıstan milli komandasının müvəqqəti baş məşqçisi təyin olunub. Eyni ilin sentyabr ayında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Belçikaya 0:6 hesabı ilə məğlub olduqları oyundan sonra millinin baş məşqçisi vəzifəsindən istefa verib.

Şəxsi həyatı Əlinin kiçik qardaşı Pirəli də peşəkar futbolçu olub. Karyerası ərzində yalnız Qazaxıstan klublarının formasını geyinmiş futbolçu, yarımmüdafiəçi və müdafiəçi mövqelərində çıxış edib.

Nailiyyətləri Futbolçu kimi Kayrat Qazaxıstan çempionu: 2004 Qazaxıstan Kubokunun qalibi: 2001, 2003

Məşqçi kimi Kızıl-Jar Qazaxıstan Birinci Liqasının qalibi: 2019

İstinadlar

Xarici keçidlər Əli Əliyev 2025-ci ildə

Kateqoriya:Qazaxıstan futbolçuları Kateqoriya:Kayrat FK futbolçuları Kateqoriya:Tobol Kostanay FK futbolçuları Kateqoriya:Qazaxıstan azərbaycanlıları Kateqoriya:Qazaxıstan Premyer Liqası futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri