– Yaponiya musiqi duosu "Yorushika" tərəfindən buraxılmış sinql. Mahnı 5 yanvar 2024-cü ildə buraxılmış və "Frieren: Beyond Journey's End" anime serialının ikinci açılış mahnısı olmuşdur. Mahnı "Billboard Japan Hot 100" hit-paradında 8-ci yerə yüksəlmişdir.

İstehsal və buraxılma 22 dekabr 2023-cü ildə "Frieren" animesinin 16-cı seriyası – "Uzunömürlü dostlar" yayımlandıqdan sonra animenin dördüncü treylerində "Sunny" mahnısından bir parça daxil edilmişdir. Beləliklə, "Yorushika" qrupu tərəfindən animenin ikinci açılış mahnısının ifa olunacağı məlum olmuşdur. Mahnı rəqəmsal formatda 5 yanvar 2024-cü ildə – animenin 17-ci seriyası "Özünüzə yaxşı baxın" ilə eyni vaxtda buraxılmışdır.

Sözlər və qəbul "Yorushika" qrupunun üzvü və mahnı yazarı N-buna müsahibəsində bildirmişdir ki, "Sunny" mahnısı "günəşli olmayan havalarda günəşli günlər üçün ümid etmək" haqqında bir mahnıdır. "Real Sound" tənqidçisi Ryohey Ohara qeyd etmişdir ki, "Sunny" animenin birinci açılış mahnısı olan "Yūsha" mahnısına nəzərən daha abstraktdır, lakin "animeyə daha çox uyğun gəlir". Eyni saytdan Erio İşii mahnının "sadəcə hekayəni nəql etmədiyini, həm də dinləyiciyə güclü mesaj ötürdüyünü" qeyd etmişdir.

Musiqi videosu Mahnı üçün animasiyalı musiqi videosu 5 mart 2024-cü ildə buraxılmışdır. Videonun rejissoru Kota Moriedir. O, daha öncə qrupun bir neçə musiqi videosu üzərində işləmişdir. Videonun mahnı ilə eyni vaxtda buraxılması planlaşdırılsa da, "Yorushika" qrupu keyfiyyəti qorumaq üçün iki ay sonra buraxılmasını istəmişdir. Haruki Murakaminin 1985-ci ildə nəşr olunmuş "Bərk bişmiş möcüzələr ölkəsi və dünyanın sonu" romanından təsirlənən video keçilməz divarlarla əhatə olunan qəsəbədə yaşayan uşaq və atasının hekayəsinin bəhs edir. "Frieren" animesindən səhnələrin yer aldığı xüsusi musiqi videosu 29 martda buraxılmışdır.

İstinadlar

Kateqoriya:Frieren Kateqoriya:2024-cü ilin sinqlları Kateqoriya:2024-cü ilin mahnıları Kateqoriya:Anime mahnıları Kateqoriya:Hava haqqında mahnılar Kateqoriya:Yapon dilində mahnılar