Əbül-Xeyr Şəmsəddin Məhəmməd ibn Əbdirrəhman ibn Məhəmməd əs-Səxavi (; ) — hədis alimi və tarixçi.
Bioqrafiyası Rəbiül-əvvəl ayında 831-ci ildə (yanvar 1428) Qahirədə doğulub. Əslən Misirin Səxa şəhərindən olduğuna görə "əs-Səxavi" adı ilə şöhrət tapmışdır.
Uşaqlıq illərində Qahirədə eyni məhəllədə yaşadıqları İbn Həcər əl-Əsqəlani, onun elmi həyatının formalaşmasında mühüm rol oynamışdır. İsa ibn Əhməd əl-Qahiri və Hüseyn ibn Əhməd əl-Əzhəridən ilk dini biliklərini almış və Quranı əzbərləmişdir. Fəqih Şəmsəddin Məhəmməd ibn Əhməd əd-Dərirdən tilavət dərsləri alıb. Yeddi yaşından etibarən İbn Həcərin elm məclislərində iştirak edib və onun vəfatına kimi Qahirədə qalıb. Onun müəllimi qarşısında oxuduğu əsərlər arasında İbnüs-Salahın "Ulumul-Hədis", Şafiinin "Mənaqib" əsəri, eləcə də müəlliminin "Fəthül-Bari", "Təxricül-Məsabih" və "Büluğul-Məram" əsərləri qeyd edilə bilər. Səxavi, böyük ehtiram bəslədiyi İbn Həcər üçün bir çox kitabı köçürmüş, bəzilərini tamamlamış, şərh etmiş və bəzi əsərlərə isə əlavələr yazmışdır.
Qahirə və şəhərətrafı ərazilərdə yaşayan hədis hafizlərindən dərslər alan Səxavi, müəlliminin ölümündən sonra Dümyata, Məkkəyə, Mədinəyə, Hələbə, Qüdsə, Dəməşqə, Həmaya elmi səfərlərə yollandı. Buralarda müxtəlif alimlər və mühəddislərlə görüşdü: Münaviyə, Bürhanəddin əz-Zəmzəmiyə, Təqiyyüddin ibn Fəhdə, Əbül-Fəth ibnül-Mərağiyə, Bədrəddin Abdullah ibn Fərhun və Əbül-Fərəc əl-Mərağiyə və başqa alimlərə tələbəlik etdi. Bu səyahətlərindən sonra özünü elmə həsr edən Səxavi, (1466, 1480, 1487, 1491-ci illərdəki) Həcc ziyarətləri istisna olmaqla Qahirədə qaldı.
Ölüm tarixi haqqında müxtəlif məlumatlar olsa da, onun Şaban ayında, hicri 902-ci (aprel 1497) ildə Mədinədə vəfat etdiyi fikri daha çox qəbul olunur.
Əsərləri Xeyrəddin Zirikli "əl-Əlam" əsərində Səxavinin 200-dək kitabın müəllifi olduğunu qeyd edir. Səxavinin hədis, tarix, bioqrafiya və başqa sahələrə aid qələmə aldığı bəzi əsərləri bunlardır: Büldaniyyat, Ümdətül-qari vəs-səmi fi xətmis-Səhihil-Cami, Təxricü əhadisil-adilin li-Əbi Nueym əl-İsbahani, əl-İlan bit-təvbix li-mən zəmmə əhlət-tarix, ət-Tibrül-məsbuk fi zeylis-Süluk, əl-İzah vət-təbyin bi-məsələtit-təlqin və s.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Sünni imamları Kateqoriya:İslam tarixi Kateqoriya:XV əsr tarixçiləri