thumb|ABŞ-yə məxsus "P51 Mustang" təyyarəsi 22 fevral 1945-ci ildə Şan şəhərində qəzaya uğramışdır.

Lixtenşteyn İkinci Dünya müharibəsində — 1939–1945-ci illərdə, yəni İkinci Dünya müharibəsi zamanı Lixtenşteyn knyazlığında siyasi, iqtisadi və ictimai prosesləri əhatə edən tarixi dövr. Ölkə müharibə boyu rəsmi şəkildə öz neytrallığını qorumuşdur, lakin ölkə daxilində nasizmə meyllər və nasist Almaniyası ilə əlaqələr səbəbindən siyasi gərginliklərlə üzləşmişdir. İsveçrə ilə sıx iqtisadi və diplomatik münasibətlər Lixtenşteynin müstəqilliyinin təmin olunmasında əsas rol oynamışdır.

Müharibəyəqədərki illərdə Böyük iqtisadi böhranın təsirləri, nasizmə meyl edən hərəkatların yüksəlişi və 1939-cu ildə baş tutmuş çevriliş cəhdi daxili siyasəti formalaşdırmışdır. Müharibə illərində Lixtenşteyn Baş naziri Yozef Hopun hökuməti neytrallığı qorumaq üçün Almaniya və İsveçrə ilə balanslaşdırılmış siyasət yürütmüş, II Frans İosif diplomatik əlaqələri genişləndirmişdir. Bu dövrdə sənaye inkişaf etmiş, məcburi köçkünlərin qəbul edilməsi prosesi həyata keçirilmişdir.

Lixtenşteyndə Alman Milli Hərəkatı və NSAFP Xarici Təşkilatı kimi nasizmə meyl edən qurumların fəaliyyəti siyasi iğtişaşlara, antisemitizm hallarının yayılması və İsveçrə ilə münasibətlərin gərginləşməsinə səbəb olmuşdur. Müharibədən sonra nasistlərlə kollaborasionizmdə ittiham olunan bir sıra şəxslər mühakimə olunmuş, təşkilatlar qadağan edilmiş və ölkədə siyasi rəhbərlik dəyişmişdir.

Zəmin Lixtenşteyn 1868-ci ildən bəri daimi neytrallıq siyasəti yürütmüşdür və Birinci Dünya müharibəsi boyunca neytral qalmışdır. Buna baxmayaraq, müharibənin sonuna qədər, 1852-ci ildən bəri mövcud olan gömrük ittifaqı səbəbindən Avstriya-Macarıstan imperiyası ilə sıx bağlı olmuş və Məhvər dövlətlərinə rəğbət bəsləmişdir. Müharibə uzandıqca, Lixtenşteyn təbii sərvətlərin olmaması səbəbindən iqtisadi dağıntı və qida çatışmazlığı ilə üzləşmişdir. Bu, ölkədə qaçaqmalçılığın əhəmiyyətli dərəcədə artmasına səbəb olmuş və ölkəni Avstriya-Macarıstandan asılılığını azaltmağa, İsveçrə ilə daha sıx iqtisadi əlaqələr axtarmağa məcbur etmişdir. 1916-cı ilə qədər Avstriya-Macarıstan imperiyasından bütün qida tədarükləri dayandırılmış, bu da Lixtenşteyni qida təminatının davam etməsi üçün İsveçrə ilə daha sıx əlaqələr qurmağa vadar etmişdir.

1919-cu ildə Avstriya-Macarıstanın süqut etməsindən sonra Lixtenşteyn hökuməti maliyyə və diplomatik ehtiyaclarını ödəmək üçün artıq yeni qurulmuş Avstriyaya arxalana bilməmişdir. Lixtenşteyn və İsveçrə arasında İsveçrənin Lixtenşteynin təmsil olunmadığı ölkələrdə onun diplomatik və konsulluq səviyyəsində maraqlarını təmsil etməsini nəzərdə tutan müqavilə imzalanmışdır. Lixtenşteyn 1920-ci ildə İsveçrə frankını qəbul etmiş və iki ölkə 1924-cü ildə gömrük ittifaqına daxil olmuşdur. 1921-ci ildə ölkədə yeni konstitusiya tətbiq edilmişdir və bu, qismən parlamentar demokratiya ilə konstitusiyalı monarxiyanın qarışığını qurmuş, bunun çoxu İsveçrə Federal Konstitusiyasına azad şəkildə əsaslanmışdır.

Müharibəyəqədərki dövr thumb|1938-ci ildə Lixtenşteyndə dörd əsas siyasi fiqur: soldan sağa Aloiz Voqt, Otto Şedler, Yozef Hop və Lüdviq Markser.

O dövrün əksər ölkələri kimi, Lixtenşteyn də 1929-cu ildən başlayan Böyük iqtisadi böhran nəticəsində işsizliyin artması, kənd təsərrüfatının geriləməsi və sənayenin çökməsi ilə üzləşmişdir. 1930-cu illər boyunca ölkə Proqressiv Vətəndaş Partiyası tərəfindən idarə olunmuşdur. Həmçinin, 1928-ci ildən vəzifədə olan baş nazir Yozef Hop da bu partiyadan olmuşdur. 1933-cü ildən başlayaraq Lixtenşteyn həm xarici, həm də daxili olaraq nasist elementlərdən gələn çətinliklərlə üzləşmişdir. Bunlara xüsusilə Rotter oğurlanması və 1937-ci ildə casusluq hadisəsi aiddir. Həmçinin ölkə daxilində avtoritar elementlərin, əsasən 1933-cü ildə qurulan və qısa müddət sonra nasizmə meyl edən "Lixtenşteyn Vətən Xidməti"nin yüksəlişi müşahidə edilmişdir. Bu təşkilat 1936-cı ildə Xristian-Sosial Xalq Partiyası ilə birləşmiş və "Vətənpərvər İttifaq"ı yaratmışdır. 30 mart 1938-ci ildə, Avstriyada baş tutmuş anşluss fonunda II Frans İosifin təşəbbüsü ilə Proqressiv Vətəndaş Partiyası ilə müxalif "Vətənpərvər İttifaq" koalisiya hökuməti qurmuşdur. 1939-cu il Lixtenşteyn ümumi seçkilərində bu iki partiya Landtaqda təxminən bərabər sayda yer əldə etmişdir.

thumb|II Frans İosif (mərkəzdə) 2 mart 1939-cu ildə Berlində Reyxskanselyariyanın qarşısında.

Koalisiyanın yaradıldığı dövrdə ölkədə nasist elementləri Lixtenşteyndə Alman Milli Hərəkatını (VDBL) təşkil etmişdir. Bu hərəkat Lixtenşteynin nasist Almaniyasına birləşdirilməsini hədəfləmişdir. Nasist Partiyasının agentliyi olan Folksdoyçe Mittelştelle tərəfindən partiyanın Lixtenşteyndə demokratik yolla hakimiyyətə gətirilməsi və ölkənin Almaniyaya birləşdirilməsi məqsədilə maliyyələşdirilməsi planları olmuşdur, lakin Adolf Hitler bu planları şəxsən bloklamışdır, çünki İsveçrə ilə münasibətləri çətinləşdirmək istəməmişdir. 2-3 mart 1939-cu ildə Frans İosif, Yozef Hop və Alozs Voqt Berlində rəsmi səfərdə olmuş, burada Hitler və İoahim fon Ribbentrop ilə görüşmüş, Lixtenşteynin müstəqilliyini və neytrallığını qorumaqla yanaşı yaxşı münasibətləri saxlamağı müzakirə etmişdilər. Hitler Frans İosif və Yozef Hop ilə otuz dəqiqəlik görüş keçirmiş, lakin heç bir danışıq aparılmamışdır. II Frans İosif sonradan bu səfəri xatırlamış, Hitlerin onlara az maraq göstərdiyini və səfərin yalnız "Hitlerin eqosunu oxşamaq" üçün baş verdiyini bildirmişdir.

Ölkə 1939-cu il Lixtenşteyn çevrilişi təhlükəsi ilə üzləşmişdir. Plana əsasən, VDBL üzvlərinin Vadutsda yürüş edərək hökuməti ələ keçirməyə cəhd etməsi və bunun hökumətlə toqquşmalara səbəb olacağı gözlənilirdi. Feldkirxdən olan Almaniya qoşunları kömək çağırışı ilə Lixtenşteynə daxil olacaq və ölkəni Almaniyaya birləşdirəcəkdi, lakin plan uğursuz olmuş, müxaliflər tərəfindən dayandırılmış, VDBL üzvlərinin əksəriyyəti həbs olunmuş və ya ölkədən qaçmışdır. Aloiz Voqtun müdaxiləsindən sonra Hitlerin əmri ilə Almaniya tərəfindən hücum əməliyyatı baş verməmişdir. Hitlerin çevrilişə müdaxilə etməməsinin dəqiq səbəbi məlum deyil, lakin onun Lixtenşteynə az maraq göstərdiyi və İsveçrə ilə müharibəyə səbəb olmaq istəmədiyi ehtimal olunmuşdur. Çevriliş cəhdi həmin ilin əvvəlində qurulan və VDBL-nin fəaliyyətinə qarşı çıxmaq üçün təşkil edilmiş qeyri-partiya Lixtenşteyn Sədaqət Assosiasiyasının fəaliyyətini gücləndirməsinə, ölkənin müstəqilliyini təsdiqləyən, seçici hüququna malik vətəndaşların 95%-ni təmsil edən 2492 imzanın toplandığı imza kampaniyasına səbəb olmuşdur.

Müharibənin gedişatı Xarici və daxili siyasət thumb|1941-ci və 1942-ci illərdə İkinci Dünya müharibəsinin Avropa cəbhəsinin nəzarət xətlərinin xəritəsi. Lixtenşteyn İsveçrə istisna olmaqla, 1938-ci ildən 1945-ci ilə qədər Ox dövlətləri tərəfindən nəzarət olunan ərazilərlə əhatə olunmuşdur.

Lixtenşteyn 30 avqust 1939-cu ildə İsveçrə nümayəndələri vasitəsilə neytrallığını elan etmişdir. Müharibə başlayanda Yozef Hop hökuməti müharibə dövründə Lixtenşteyn iqtisadiyyatını idarə etmək üçün geniş səlahiyyətlər almış və İsveçrənin müharibə iqtisadiyyatı qanunlarından bir neçəsini Lixtenşteynə tətbiq etmişdir. Bununla Lixtenşteyn faktiki olaraq İsveçrənin milli təchizat sisteminə daxil olmuşdur, lakin VDBL-nin fəaliyyətləri səbəbindən İsveçrənin Lixtenşteynin rəsmi mövqeyinə inamsızlığı artmış və 5 noyabr 1940-cı ildə Hopun hökumətindən açıq şəkildə İsveçrəyə sadiqliyini elan etməsi tələb olunmuşdur. İsveçrə bunun qarşılığında 1941-ci ildən etibarən Lixtenşteyn işçilərinin İsveçrədə sərbəst səyahət etməsinə və işləməsinə imkan verən yeni əcnəbi polisi razılaşmasını qəbul etmişdir. İsveçrə müharibə boyu Lixtenşteynin suverenliyini qorumuşdur, lakin Almaniya ordusu tərəfindən baş tutacaq hər hansı bir hərbi əməliyyat halında Lixtenşteyni birbaşa müdafiə etməyi planlaşdırmamışdır.

thumb|1945-ci ildə Yozef Hopun telefonda danışarkən dayandığı şəkil. O, İkinci Dünya müharibəsi boyunca Lixtenşteynin Baş naziri olmuşdur.

Hopun hökuməti nasist Almaniyasına qarşı dostcasına, qeyri-məcburi və təxribatçı olmayan diplomatiyanı münasib hesab etmiş, buna nəzakət jestləri ilə əlavə etmişdir. 1940-cı ilin dekabrında Ştutqartda keçirilən mühazirədə Hop Almaniya ordusuna öz hörmətini bildirmişdir. II Frans İosif dövri olaraq Hitlerə təbrik məktubları, məsələn, Yeni il təbrikləri və 20 iyul sui-qəsd cəhdinin qarşısının alınması münasibətilə məktublar göndərmiş, Hitler isə bunlara qısa cavablar vermişdir. Bu məktublar Hitlerin Lixtenşteynin suverenliyini tanımasının göstəricisi hesab olunmuşdur, lakin Lixtenşteynin İsveçrə ilə birlikdə Almaniya ordusu tərəfindən Tannenbaum Əməliyyatında işğal edilməsi, nasist Almaniyasına birləşdirilməsi planlaşdırılmışdır.Angelo Codevilla, Between the Alps and a Hard Place: Switzerland in World War II and Moral Blackmail Today (Washington, D.C.: Regnery, 2000) 57–58.Weinberg 2005, A World At Arms, p. 174

Müharibə dövründə Lixtenşteyndə, əsasən Almaniya və Avstriyadan olan təxminən 120 yəhudi qaçqın yaşamışdır. Onlar əsasən əhali tərəfindən qəbul olunmuşdur, lakin yerli əhali ilə rəqabət aparan işlərdə fəaliyyət göstərmələri qadağan edilmiş və ölkədəki nasist elementlərdən düşmənçilik mənbəyi olmuşdur. Müharibə boyunca Lixtenşteyn iqtisadiyyatı əsasən İsveçrə və Almaniyanın sənayelərindəki boşluqları dolduran işçilər sayəsində ayaqda qalmışdır. 1941-ci ildə "Hilti" və "ThyssenKrupp Presta" şirkətləri qurulmuşdur. Bu şirkətlər Almaniyanın müharibə sənayesi üçün materiallar istehsal etmiş və müharibə boyunca Lixtenşteyndə əlavə iş yerləri təmin etmişdir. Lixtenşteyndə fəaliyyət göstərən bəzi şirkətlər və fərdlər nasist Almaniyası ilə əlaqələri səbəbindən Britaniya və ABŞ-nin qara siyahılarına salınmış və onların əmlakı müsadirə edilmişdir.

thumb|II Frans İosif (solda) 1943-cü ildə İsveçrə Federal sarayının qarşısında Marsel Pile-Qola və Enriko Çelio ilə.

1941-ci ilin noyabrında II Frans İosif III Viktor Emanuel və Papa XII Piy ilə görüşmüş, daha sonra Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının diplomatik nümayəndəlikləri ilə əlaqə qurmuşdur. 7 mart 1943-cü ildə Vaduts Kafedralında II Frans İosif Georgina fon Vilçek ilə evlənmişdir. Bununla ilk dəfə idi ki, hakim şahzadənin toyu Lixtenşteyndə keçirilmişdir və bu hadisə müharibənin qalan hissəsində Lixtenşteynin müstəqilliyinə güclü bağlılıq nümayiş etdirmişdir. 1944-cü ildə II Frans İosif İsveçrə federal müşaviri Marsel Pile-Qola ilə razılaşdığı üzrə 1933-cü ildə bağlanmış olan Lixtenşteynin Berndə yerləşən səfirliyini yenidən açmışdır. Bu, Hupun hökumətinin və Lixtenşteyn Landtaqının istəklərinə zidd olmuş, bu da Franz Yozef və Hupun münasibətlərinin gərginləşməsinə səbəb olmuşdur.

II Frans İosif müharibə dövründə əvvəllər yəhudilərə məxsus olan müxtəlif biznesləri satın almışdır. Lixtenşteyn hakim sülaləsinə məxsus və Avstriyada yerləşən mülklərin idarəçiləri Ştrasshof həbs düşərgəsindən götürülmüş kölə əməyindən istifadə etmiş, lakin 2005-ci ildə dərc olunan bir araşdırma şahzadənin bundan xəbəri olmadığı qənaətinə gəlmişdir. 1944-cü ildən 1945-ci ilə qədər II Frans İosif Lixtenşteyn hakim sülaləsinin şəxsi kolleksiyalarının çoxunu Avstriya və Çexoslovakiyadan Lixtenşteynə köçürmüş, onları müharibə şəraitində yarana biləcək zərərlərdən qorumağa nail olmuşdur. 1945-ci ilin fevralında Şan yaxınlığında bir ABŞ-yə məxsus "P51 Mustang" hərbi təyyarəsi qəzaya uğramış və dərhal İsveçrəyə təhvil verilmişdir.