— Yaponiyada VII–XI əsrlər arasında formalaşmış mərkəzləşdirilmiş dövlətin siyasi-hüquqi və sosial-iqtisadi sistemi. Bu sistem cinayət hüququ və mülki hüquq prinsiplərinə əsaslanırdı. Tayho, Yoro kimi qədim yapon qanun məcəllələri, eləcə də digər normativ-hüquqi aktlarla müəyyən edilirdi. Ritsuryo modeli Çin imperiyalarından — xüsusilə Suy və Tan sülalələrinin hüquq və idarəetmə təcrübəsindən götürülmüş, Tayka islahatları dövründə Yaponiyada tətbiq edilmişdi.

Tarixi

Ritsuryo sistemi dövlətin mərkəzi idarə aparatının yaradılmasını nəzərdə tuturdu. Onun əsasında iki ali idarə və səkkiz nazirlik fəaliyyət göstərirdi. Ölkə inzibati-ərazi baxımından vilayətlərə, dairələrə və kəndlərə bölünmüşdü. Sistem dövlət mülkiyyətinin xüsusi mülkiyyətdən üstünlüyünə əsaslanırdı. Bu, torpaqlara və əhaliyə dövlət məmurlarının tam nəzarətini təmin edirdi. Əhali iki əsas təbəqəyə bölünürdü: azad və "yaxşı xalq" sayılan ryomin və asılı, "aşağı xalq" adlanan semmin. Birinci təbəqənin nümayəndələri dövlət torpaqlarından bir nəsillik istifadə hüququ əldə edir, əvəzində isə mərkəzi və yerli hökumətlərə vergi ödəməyə və müvafiq ictimai xidmətlər göstərməyə borclu olurdular.

Ritsuryo sistemi IX–X əsrlərdə dövlət iqtisadiyyatının böhranı və aristokratik, həmçinin məbədlərə məxsus özəl torpaq mülkiyyətinin — şoenlərin sürətlə artması nəticəsində tənəzzülə uğramışdır.

İstinadlar

Kateqoriya:Asuka dövrü Kateqoriya:Nara dövrü Kateqoriya:Heyan dövrü