Fakemink (doğum adı: Vinçenso Kamil; ) — britaniyalı repçi və prodüser. Londonun alternativ hip-hop mühitinin nümayəndəsi kimi fəaliyyət göstərən sənətçinin diskоqrafiyasına geniş yayılmış "Easter Pink" mahnısı, həmçinin "London's Saviour" adlı yeganə studiya albomu daxildir.

Erkən illəri Vinçenso Kamil 2005-ci il yanvarın 29-da İngiltərənin Esseks qraflığında doğulub. Onun ana xətti hind mənşəli pəncablılara, daha dəqiq desək, Bhatiya tayfasına bağlıdır; ata tərəfdən isə əsasən əlcəzairli, qismən də fələstinli kökləri mövcuddur.

V. Kamil hələ on yaşında ikən "FL Studio" proqramında bəstəkarlığa həvəs göstərmiş, 2019-cu ildə isə rep janrında ifaçılığa başlamışdır. Karyerasının ilk mərhələsində "9090gate" təxəllüsü ilə tanınıb. "Spotify"dakı debüt mahnısı britaniyalı artist EsDeeKid ilə ortaq işidir və naməlum səbəbdən bu mahnının buraxılış ili kimi 1938-ci il göstərilib.

Fəaliyyəti Fakemink ilk studiya albomu olan "London's Saviour"u 2023-cü il dekabrın 22-də musiqi həvəskarlarının ixtiyarına verib. 2024-cü ildə sənətçi ümumilikdə əllidən artıq sinql təqdim edib. 2025-ci ildə "Easter Pink" mahnısı viral yayılaraq geniş kütlənin diqqətini cəlb edib. "Pitchfork" nəşri treki "bloqhaus ilə klaud-repin qovuşağı" kimi dəyərləndirib.

2025-ci il iyulun 12-də Kanadadan olan reper Dreyk Londonda keçirilən "Wireless" festivalında Fakemink-i gözlənilməz qonaq qismində səhnəyə dəvət edib. Bu çıxışdan sonra sənətçi Kleyro, Yanq Lin, Yit, Frenk Ouşen kimi müğənnilərin, həmçinin aktyor Timoti Şalamenin diqqətini cəlb edib.

Fakemink amerikalı reper Nettspend ilə yaxın münasibətdə olub və gələcəkdə birgə layihələr nəzərdə tutulurmuş. Lakin onlayn mübahisədən sonra oktyabrın 6-da Fakemink Nettspend-ə qarşı yönəlmiş "Look At Me" dis-trekini yayımlayıb. Oktyabrın 14-də Playboi Carti "Antagonist Tour" çərçivəsində "Crypto.com Arena"da keçirdiyi konsertdə Fakemink-i səhnəyə çağırıb. Noyabrın 17-də sənətçi "Supreme x True Religion" brendlərinin 2025-ci il payız-qış kolleksiyası reklamında yer alıb. Eyni ayda Fakemink "Camp Flog Gnaw 2025" festivalında da səhnəyə çıxıb.

Sənətçinin 2026-cı ilin əvvəlində yeni albom buraxacağı gözlənilir.

Təsirlər və yaradıcıq üslubu Fakemink-in yaradıcılığı cerk () mikro-janrının "yumşaldılmış" variantı kimi səciyyələndirilib, lakin sənətçi özünü bu cərəyanın təmsilçisi saymır. O, Din Blantı "bütün dövrlərin ən görkəmli sənətçisi" adlandırır. Həmçinin Dreykin 2011-ci ildə səsləndirdiyi "Headlines" mahnısındakı zərb alətlərinin ilkin yaradıcılıq mərhələsində ona ciddi təsir göstərdiyini qeyd edir. Fakemink-in ilham aldığı digər sənətçilər sırasında İmocen Hip, Kanye Vest, Xaviersobased, Phreshboyswag, Dreyk, "Hype Williams" (musiqi qrupu) və Nettspend yer alır. "New Wave Magazine" nəşrinin əməkdaşı Vendela Ranq Fakemink-i "rəqəmsal nostalgiyanın yeni şahzadəsi" adlandırıb.

Şəxsi həyatı Fakemink müsəlmandır. O, spirtli içkilərdən həm şəxsi zövq almadığı, həm də dini etiqadına sadiq qaldığı üçün uzaq durur.

Diskoqrafiya Studiya albomları London's Saviour (2023)

İstinadlar

Kateqoriya:Britaniya musiqiçiləri