Griff (əsl adı: Sara Feyt Qriffits; ) — İngiltərədən olan müğənni-bəstəkar. Mahnılarını özü yazır. İlk dəfə 2019-cu ildə "Mirror Talk" mahnısı ilə musiqisevərlərin qarşısına çıxıb. "Warner Records" şirkəti ilə müqavilə bağlayıb. Elə həmin il ilk minialbomunu təqdim edib. 2021-ci ildə "Brit" mükafatının "Gələcəyin ulduzu" nominasiyasında qalib gəlib. Bu mükafatı 20 yaşında qazanmaqla diqqət çəkib.

2021-ci ilin sonlarına doğru "One Foot in Front of the Other" adlı miksteypini dinləyicilərin ixtiyarına verib. Bu işi həm satış göstəricilərinə, həm də musiqili-tənqidi dəyərləndirmələrə görə uğurlu sayılıb. Bu ilin yayında - iyulun 12-də "Vertigo" adlı ilk tam formatda studiya albomunu buraxıb. Albom Britaniya musiqi çartında üçüncü yerə qədər irəliləyə bilib.

Erkən illəri və təhsili Atası Yamayka kökənlidir, anası isə Vyetnam müharibəsindən qaçıb İngiltərəyə sığınmış ailədəndir. Özü Çin mədəniyyətinə daha çox meyilli olduğunu deyir. Ailəsi kimsəsiz uşaqlara qucaq açıb, onları himayəyə götürüb. Bu təcrübəsini sonradan "Good Stuff" adlı mahnısında dilə gətirib.

Musiqiyə olan məhəbbətinin ilk xatirəsi səkkiz yaşında qardaşının ona bağışladığı "iPod Shuffle" cihazı olub. Cihazda Teylor Sviftin "Fearless" albomu var imiş. Sonralar qardaşının kompüterində öz-özünə musiqi yazmağı öyrənib. "YouTube"dan baxdığı dərslərlə bu sahədə bilik və bacarıqlarını artırıb. Sent-Kliment Deyns məktəbində oxuyanda musiqi ilə məşğul olduğunu hamıdan gizlədib. Çünki uğur qazanacağına əmin deyilmiş. Özü deyir ki, məktəbdə oxumaq istədiyini deyən adamları heç kim xoşlamır. Məktəbi bitirəndə müəllimlərə musiqi dalınca getdiyini deməyib, bir il fasilə götürəcəyini söyləyib. Səhnə adı olaraq "Griff"i seçməsini belə açıqlayır: "Sara Qriffits çox ciddi və rəsmi səslənir, elə bil bank işçisiyəm, dörd uşağım var".

Xristian ailəsində böyüyən Griff inanc məsələsindən danışarkən qeyd edib: "Dindar ailədə böyüyəndə gec tez özünə sual verirsən ki, doğrudanmı ürəkdən inanırsan, yoxsa valideynlərin xatirinə dini ayinləri yerinə yetirirsən? Mən uşaqlıqdan hiss edirdim ki, bu mənim qəlbən qəbul etdiyim inancımdır və o gündən bu inanc mənim varlığımın bir parçasına çevrilib".

Diskoqrafiya Vertigo (2024)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:İngiltərə musiqiçiləri Kateqoriya:İngiltərə xristianları