Qanuni-Əsasi (, , ) və ya Osmanlı Konstitusiyası () — Osmanlı imperiyasının Birinci Məşrutiyyət dövründə (1876–1878) və İkinci Məşrutiyyət dövründə (1908–1922) qüvvədə olmuş konstitusiyası. Osmanlı imperiyasının ilk və yeganə konstitusiyası olan bu sənəd sultanın səlahiyyətlərini müəyyən dərəcədə məhdudlaşdırmaqla mərkəzi hakimiyyətin təşkilati islahatlarını təmin etmək, həmçinin vətəndaşlara dini və etnik mənsubiyyətindən asılı olmayaraq hüquq bərabərliyi yaratmaq məqsədi daşıyırdı. Sultan II Əbdülhəmidin (hakimiyyəti: 1876–1909-cu illər) dövründə qüvvəyə minən konstitusiyanın hazırlanmasında və qəbul edilməsində Midhat Paşa kimi "yeni osmanlılar" hərəkatının üzvləri və digər siyasi xadimlər mühüm rol oynamışdır.
"Qanuni-Əsasi" sənədinin qəbuluna qədər Osmanlı imperiyasında konstitusional inkişaf uzun bir tarixə malik idi. 1808-ci ildə imzalanmış "Sənədi-İttifaq" regional əyan və dərəbəyilərin mərkəzi hakimiyyətlə münasibətlərini tənzimləyərək sultan qarşısında müəyyən sərbəstlik hüquqları yaratmış, II Mahmud dövründə isə yeniçəri ocağının ləğv edilməsi və Tənzimat islahatları imperiyada modernləşmə prosesinə təkan vermişdir. 1839-cu ildə Gülhanə fərmanı ilə başlayan Tənzimat dövrü sultanın səlahiyyətlərini məhdudlaşdıraraq hüquqi və inzibati yeniliklərin tətbiqinə əsas hazırlamış, 1856-cı il İslahat fərmanı isə müsəlman və qeyri-müsəlman təbəələr arasında hüquqi bərabərliyi nəzərdə tutmuşdur.
Konstitusiyanın hazırlanması prosesi Osmanlı siyasi həyatında qarşılıqlı təsir və mübarizə ilə müşayiət edilmişdir. "Yeni osmanlılar" hərəkatının ideoloqları, xüsusilə də Namiq Kamal osmanlıçılıq ideyası ətrafında birləşmiş, müxtəlif dini və etnik icmaları vahid imperiya kimliyi altında birləşdirmək məqsədini güdürdülər. Midhat Paşanın rəhbərliyi ilə təşkil olunan konstitusiya komissiyası 1876-cı ildə 57 maddədən ibarət ilkin layihə hazırlamış, daha sonra II Əbdülhəmid tərəfindən imzalanaraq Osmanlı imperiyasının ilk və yeganə konstitusiyası elan edilmişdir. Bu konstitusiya tərəfindən sultanın təyin etdiyi Məclisi-Əyan və xalq tərəfindən seçilən Məclisi-Məbusan təsis edilmişdir.
"Qanuni-Əsasi" müxtəlif versiyalarda, əsasən Osmanlı türkcəsi, ərəbcə, farsca, fransızca, erməni, bolqar, yunan və ladino dillərində nəşr edilmişdir. Hər bir versiya müəyyən auditoriya üçün nəzərdə tutulmuş, müsəlmanlar və qeyri-müsəlmanların hüquqlarını, dövlət idarəçiliyində iştirakını və məhkəmə prosedurlarını tənzimləyən müddəaları əks etdirmişdir. Terminoloji fərqlər və dil variasiyaları konstitusiyanın müxtəlif icmalar tərəfindən qavranılmasında əhəmiyyətli rol oynamışdır.
Konstitusiyanın qəbul edilməsi həm Osmanlı imperiyasında, həm də Avropada müxtəlif reaksiyalar doğurmuşdur. İmperiya daxilində bəzi dini və yerli elitalar sənədin şəriət qanunlarına zidd olduğunu əsas gətirmiş, müxalif çıxış etmiş, digər tərəfdən əhali arasında yeni idarəçilik sistemi ilə bağlı ümid və dəstək yaranmışdır. Xaricdə, xüsusilə Avropada konstitusiyaya münasibət kəskin və fərqli olmuş, Osmanlı dövlətinin modernləşmə səylərinin beynəlxalq təhlilində mühüm yer tutmuşdur.
1908-ci ildə Gənc türklər inqilabı nəticəsində İkinci Məşrutiyyətin elanından sonra Osmanlı imperiyasında "Qanuni-Əsasi"nin bərpa olunması ilə parlament vətəndaş hüquqları, qanunvericilik və icra hakimiyyətində müəyyən iştirak imkanlarını təmin etmiş, sultanın səlahiyyətləri məhdudlaşdırılmış və Məclisi-Əyan ləğv olunmuşdur, lakin Birinci Dünya müharibəsi və imperiyanın məğlubiyyəti nəticəsində yaranan siyasi xaos, Antanta dövlətlərinin İstanbulu işğal etməsi və Məclisi-Məbusanın basılması ərəfəsində 11 aprel 1920-ci ildə sultan VI Mehmed tərəfindən konstitusiyanın fəaliyyəti dayandırılmışdır. Bu hadisə Türkiyə Böyük Millət Məclisinin açılmasına və faktiki olaraq ölkənin idarə edilməsini Ankarada fəaliyyət göstərən milli məclisin üzərinə götürməsinə səbəb olmuşdur. TBMM 20 yanvar 1920-ci ildə toplanmış və 1921-ci il Türkiyə Konstitusiyasını qəbul etmiş, 1924-cü ildə isə həm 1876-cı il, həm də 1921-ci il konstitusiyaları tamamilə yeni 1924-cü il Türkiyə Konstitusiyası ilə əvəz edilmişdir.
Konstitusion tarix
Sənədi-İttifaq thumb|right|Ələmdar Mustafa Paşa.
Osmanlı imperiyası daxilində islahat cəhdləri daha əvvəlki dövrlərdə də müşahidə edilmişdir. Sultan III Səlimin (hakimiyyəti: 1789–1807-ci illər) dövründə real islahatlara dair müəyyən baxışlar mövcud olmuş, o, xüsusilə ordunun döyüş qabiliyyətinin zəifliyini aradan qaldırmağa çalışmışdır. Hərbi sahədə əsas biliklərin çatışmaması və sərkərdələrin idarəetmə bacarıqlarının zəifliyi bu cəhdlərin əsas səbəbləri sırasında idi. 1807-ci ildə Qabaqçı Mustafanın rəhbərliyi altında yeniçərilər üsyan qaldırmış, Avropa təlimçilərinin köməyi ilə ordunu Nizami-Cədid formasında yenidən təşkil etməyə çalışan və mənbələrdə "kafir sultan" kimi təqdim edilən III Səlimi taxtdan salmış, onun yerinə isə IV Mustafanı hökmdar elan etmişdilər.
IV Mustafa əvvəlki islahatları geri qaytarmağı planlaşdırmışdır. Bu vəziyyətə cavab olaraq Rusedən Ələmdar Mustafa Paşa öz ordusu ilə İstanbula yürüş etmişdir. Yaxınlaşan hakimiyyətdən salınmanın qarşısını almaq məqsədilə sultan III Səlim və Mahmud haqqında edam fərmanı vermişdir. III Səlim öldürüldüyü halda, Mustafa ilə birlikdə legitim taxt namizədlərindən sağ qalan yeganə şəxs olan Mahmud cəlladlardan xilas olmuş və 28 iyul 1808-ci ildə taxta çıxmışdır. Ələmdar Mustafa Paşa sultanın sədrəzəmi təyin edilmişdir.
Həmin dövrdə Anadoluda və Rumelidə mərkəzi hakimiyyətlə regional güc sahibləri – əyanlar və dərəbəyilər arasında mənbələrdə "kin və ixtilaf şəraiti" kimi səciyyələndirilən münasibətlər hökm sürmüşdür. Sədrəzəm bu torpaq sahiblərini paytaxta danışıqlara dəvət etmiş və onlar 29 sentyabr 1808-ci ildə qəbul edilmişdilər. Müasir mənbələrin bildirdiyinə görə, iştirakçılar İstanbula təxminən 70,000 nəfərlik öz silahlı qüvvələri ilə gəlmiş və şəhərdən kənarda yerləşdirilmişdilər. 7 oktyabr 1808-ci ildə tərəflər "Sənədi-İttifaq" adlanan müqaviləni imzalamışdılar. Bu sənədlə sultan əyanlar və dərəbəyilər üzərində həyat və mülkiyyətə dair sərəncam vermək hüququndan imtina etmişdir. Sənəd İngiltərədə zadəganlara tanınmış "Maqna Karta" ilə müqayisə edilən şəkildə torpaq sahiblərinə Osmanlı hökmdarına qarşı əsas azadlıqlar vermişdir. Bunun müqabilində onlar mərkəzi hakimiyyəti tanımış və sultana sədaqət bəyan etmişdilər.
14 noyabr 1808-ci ildə Ələmdar Mustafa Paşa yeniçəri üsyanı zamanı həlak olmuşdur. Taxtını möhkəmləndirmək məqsədilə II Mahmud qəfəsdə saxlanılan yarımqardaşı və sələfi IV Mustafanın öldürülməsinə göstəriş vermişdir. "Sənədi-İttifaq"ın əsas hərəkətverici qüvvəsi olan Ələmdar Mustafa Paşanın ölümü ilə konstitusiyalı monarxiyaya doğru atılmış ilk addım kimi qiymətləndirilən və adətən Türkiyə konstitusiya tarixinin başlanğıcına aid edilən bu müqavilə faktiki olaraq qüvvəsini itirmişdir. Sonrakı dövrlərdə vəzifəyə gələn sədrəzəmlər də maddi konstitusion xarakter daşıyan bu sənədi imzalamaqdan imtina etmişdilər. Hər halda, bu hadisələrdən sonra[II Mahmud sultan olmuş və yeniçəri ocağını Vaqieyi-xeyriyyə adlanan hadisə ilə ləğv etməklə Osmanlı tarixində ilk ciddi islahatçı kimi qiymətləndirilmişdir.
Gülhanə fərmanı thumb|"Tənzimatın atası" kimi tanınan Xarici İşlər naziri Mustafa Rəşid paşa.
Bu proses 1839–1876-cı illəri əhatə edən və Tənzimat adı ilə tanınan dövrə yol açmışdır. Həmin mərhələ sultanın səlahiyyətlərini məhdudlaşdıraraq onları parlamentin rəhbərlik etdiyi yeni dövlət qurumlarına ötürmək məqsədi daşıyan islahat cəhdləri ilə səciyyələnmişdir. Bu niyyətlər yeni formalaşmış hökuməti əhatə edən Babı-ali tərəfindən irəli sürülmüşdür. Tənzimat dövrünün əsas məqsədi islahat aparmaq olmuşdur, lakin mahiyyət etibarilə sultanın hakimiyyətini Babı-alinin xeyrinə zəiflətmək idi. Hər halda, Osmanlı imperiyasını Qərbləşmə prinsipləri əsasında yenidən qurmaq hədəfi də Tənzimata səbəb yaratmışdır.
II Mahmudun ölümündən sonra onun oğlu I Əbdülməcidin (hakimiyyəti: 1839–1861-ci illər) taxta çıxmışdır. Atasının açıq göstərişlərinə uyğun olaraq, Mahmuda həsr olunmuş islahatların həyata keçirilməsinə başlamışdır. 3 noyabr 1839-cu ildə Tənzimatın "atası" kimi tanınan Xarici İşlər naziri Mustafa Rəşid paşa Gülhanə parkında əsasən özü tərəfindən hazırlanmış və Böyük Fransa inqilabının nəticəsi olaraq formalaşdırılmış İnsan və vətəndaş hüquqları bəyannaməsinin Osmanlı iterasiyası kimi qiymətləndirilən fərmanı – "Xətti-Şərif"i oxumuşdur. Gülhanə fərmanı ilə "Tənzimatı-Xeyriyyə" () adlanan əsaslı islahatlar dövrünün başlanğıcı elan edilmişdir. "Xətti-Şərif" yeni idarəetmə sisteminin əsas prinsiplərini özündə əks etdirmiş, dinindən asılı olmayaraq əhalinin "canının, şərəfinin və malının" qorunmasını təmin etmişdir. Bundan əlavə, sultan məhkəmə icraatlarının aşkarlığını, vergilərin ədalətli şəkildə bölüşdürülməsini və hərbi xidmət müddətinin dörd-beş ilə endirilməsini vəd etmişdir.
Formal baxımdan bu fərman nə konstitusiya, nə də məhkəmə yolu ilə tələb edilə bilən hüquq aktı idi. Bununla belə, 1839-cu il "Xətti-Şərif"i imperiyanın konstitusion inkişafında mühüm rol oynamış, xüsusilə də sonradan qəbul ediləcək konstitusiyanın bir vədi kimi dəyərləndirilmişdir. Tənzimat siyasətçiləri imperiyanın tam süqutunun qarşısını almağı əsas məqsəd kimi görmüşdülər.
Tənzimat dövründə üç sultan hakimiyyətdə olmuşdur: I Əbdülməcid (1839–1861-ci illər), Əbdüləziz (1861–1876-cı illər) və cəmi üç ay hakimiyyətdə qalan V Murad (1876-cı il). Həmin dövrdə Avropada Osmanlı dövlət xadimləri arasında ən böyük nüfuza malik şəxs Midhat Paşa hesab edilmişdir.
İslahat fərmanı thumb|"Qanuni-Əsasi"nin fransız dilindəki versiyasından götürülmüş ingilis dilinə tərcüməsi.
Babı-alinin İslahat fərmanı 18 fevral 1856-cı il tarixində, Krım müharibəsində atəşkəsdən 18 gün sonra elan edilmişdir. Bu fərman Gülhanə fərmanının islahatlarını təsdiqləmiş və inkişaf etdirmişdir.
Fərmanın nəzərdə tutulan məqsədi müsəlman və qeyri-müsəlman tebaalar arasında tam bərabərliyi təmin etmək idi. Bunun üçün millət sistemi sistemi ləğv edilmiş və bütün dini icmalara Osmanlı vətəndaşlıq hüquqları tanınmışdır. Beləliklə, indiyə qədər yalnız "milləti-rum" istisna olmaqla, qeyri-müsəlmanlara dövlət vəzifələrinə çıxış və hərbi məktəblərə qəbul imkanı yaradılmışdır. Cizyə kimi ödənilən vergilər baxımından da dövlət bərabərlik prinsiplərini tətbiq etməyə çalışmışdır. Eyni hüquqların eyni öhdəliklərlə müşayiət olunacağı fərmanda göstərilmişdir. Beləliklə, qeyri-müsəlmanlar da hərbi xidmətə çağırılmış, lakin əvəzçi təyin etməklə və ya hərbi vergi ödəməklə bu öhdəlikdən azad ola bilmişdilər.
Fərman nəticəsində pravoslav yunan, qriqoryan erməni və iudaizm dini icmaları öz inzibati və dini işlərini tənzimləmək üçün qaydalar hazırlamış, bu qaydalar əsasında öz parlamentlərini yaratmışdılar. Bu qaydalar müvafiq olaraq Rum Patriarxlıq Nizamnaməsi (1862-ci il), Erməni Patriarxlıq Nizamnaməsi (1863-cü il) və Hahamxana Nizamnaməsi (1865-ci il) adlandırılmışdır. Bu, həm icmalar, həm də Qərbdə rəsmi şəkildə "konstitusiya" kimi qiymətləndirilmişdir. İslahatlar kontekstində Qərb təhsilli Osmanlı erməniləri tərəfindən 1863-cü ildə Erməni Milli Konstitusiyası hazırlanmışdır. 1876-cı il Osmanlı Konstitusiyası birbaşa olaraq bu sənədin təsiri altında formalaşmış, onun müəllifləri sırasında Midhat Paşanın məsləhətçisi olmuş Qərb təhsilli Osmanlı ermənisi Qriqor Odyan mühüm rol oynamışdır.
Zəmin