thumb|200px|Tempietto di Bramante – Roma. Memar: D. Bramante. 1502-ci il.

thumb|200px|Redklif Rotondası – Oksford, İngiltərə.

Rotonda (, — ) — plan strukturuna görə dairəvi formalı olan, adətən perimetri boyunca sütunlarla əhatələnən və üstü günbəzlə örtülmüş bina tipi.

Tarix

Qədim Yunanıstanda plan strukturuna görə düzbucaqlı olan peripterlərlə yanaşı, daxildə sütunlu dairəvi divar halqası və konusvari damı olan dairəvi daxmalar tipində toloslar (foloslar), həmçinin naos divarları olmayan, yalnız sütunlardan ibarət monopterlər inşa edilirdi. Bu cür tikililər əsasən qurbangah funksiyasını daşıyır və daha çox xtonik (yeraltı) ilahlara həsr olunurdu. Romalılar dairəvi planlı binalardan mavzoley, yəni sərdabə kimi istifadə edirdilər. Buna misal olaraq Appi yolu üstündə yerləşən Sesiliya Metellanın məqbərəsini göstərmək mümkündür. Roma Forumunda tolos tipli Vesta məbədi qismən hifz olunub saxlanılmışdır; Öküzlər Forumunda yerləşən Herkules məbədi isə sonralar Vesta məbədi adlandırılmışdır. Dairəvi Vesta məbədi Romaya yaxın Tivoli şəhərində də mövcuddur. Qədim Roma dövrünə aid dairəvi məbədlərin qalıqları Fransanın cənubunda da qalmışdır. Romada dairəvi planlı ən möhtəşəm tikili isə Panteondur.

Zaman keçdikcə, protointibah, İtalyan intibahı və sonrakı dövrlərdə bu cür tikililərə italyan mənşəli "rotonda" adı tətbiq olunmağa başlanmışdır. Qədim yunan tolosları və monopterlərindən fərqli olaraq, Roma və Renessans dövrü rotondaları çadırvari damla deyil, günbəzlə örtülürdü.Pevsner N., Honour H., Fleming J. Lexikon der Weltarchitektur. — München: Prestel, 1966. — S. 541 Xristianlığın ilk əsrlərində Şərqdə xaç-günbəzli və bazilika formasında tikililərlə yanaşı dairəvi məbədlər də inşa edilirdi. Onların mənşəyi ellinistik incəsənət ənənələri ilə izah edilsə də, simvolik baxımdan xristian rotondası Anastasis rotondası — 326-cı ildə imperator Konstantinin anası çariça Yelenanın Qüdsdə, Qolqofada (İsa Məsihin edam edildiyi və dəfn olunduğu yerdə) inşa etdirdiyi Dirilmə kilsəsi ilə əlaqələndirilir. Müqəddəs Yelena kilsəsi günümüzədək gəlib çatmamışdır, lakin yazılı mənbələrə əsasən o, antik rotonda və ya dörd və ya altı sütun üzərində qurulmuş, üstü xaçlı çadırla örtülmüş kivoriya şəklində təsvir edilirdi.Krautheimer R. Early Christian and Byzantine Architecture. — Harmondsworth, 1979. — Pp. 135—136

Rotonda formasında əsasən martiriumlar (şəhidlərə həsr olunmuş ziyarətgahlar) və baptisteriyalar (xaç suyuna salma məbədləri) tikilirdi. Məsələn, Romadakı Lateran baptisteriyası Konstantin tərəfindən inşa edilmiş səkkizguşəli (oktaqonal) planlı binadır. IV–VI əsrlərdə rotondalar Yunanıstan, Suriya, Fələstin, Ermənistan (Zvartnots, 642–662) və Gürcüstan ərazilərində inşa olunmuşdur. Konstantinopoldakı Sergey və Vax kilsəsi (VI əsr) də rotonda formasındadır. Ermənistan və Gürcüstan memarlığında rotondalar əsasında mərkəzi planlı tetrakonx məbəd tipi formalaşmışdır. İtaliyada, Ravennada San-Vitale kilsəsi (526–547), həmçinin arian və pravoslav baptisteriyaları səkkizguşəli plan üzrə inşa edilmişdir. Qalla Plasidiyanın mavzoleyi (V əsr) isə əsas nef hissəsi bir qədər uzadılmış tetrakonx formasına malikdir.

Miniatür rotonda-məbədlər formasında arxitektonik relikvarilər geniş yayılmışdır. Kiyev Rus dövlətində bu cür tikililər Qüdsdəki Müqəddəs dağ və Davud şəhərinin adına istinadən "sion" adlandırılırdı.Власов Виктор Георгиевич. Экфразы в архитектуре [Электронный ресурс] //Архитектон: известия вузов. — 2020. — № 1(69). — URL: http://archvuz.ru/2020_1/1

Romada rotonda tipli görkəmli abidələrdən biri Santo-Stefano-Rotondo kilsəsidir. VIII–IX əsrlərdə Qərbi Avropa memarlığında Aaxendəki Böyük Karlın saray kapellası nümunəsi əsasında rotondalı və ya oktaqonal planlı saray (imperiya) kilsələri yayılmağa başlamışdır. Səlib yürüşləri dövründə (XI–XIII əsrlər) "rotondalı palatium" tipli cəngavər və nəzir kilsələri tikilirdi; zəvvar yolları üzərində xatirə və cəngavər kapellaları yaranırdı.Власов, Виктор Георгиевич. Ротонда // Власов В. Г. Новый энциклопедический словарь изобразительного искусства. В 10 т. — СПб.: Азбука-Классика. — Т. VIII , 2008. — С. 294—297

Rotonda tipli məbədlər Mərkəzi Avropa ölkələri — Çexiya, Polşa və Macarıstan üçün səciyyəvidir ki, bu da Vatikanın elçiləri Kiril və Mefodinin missioner fəaliyyəti ilə izah olunur. Qədim Rusiyada isə bu cür tikililər "yad dinə məxsus", "latın" hesab edilirdi. Bununla belə, istisna hallarda kvadrifoliyalı rotondalar, yaxud apsida və ya qüllələrlə tamamlanmış rotondalar inşa edilirdi. Yerli etnik ənənələrə əsaslanan rotondalar Ukrayna və Zakarpatye ərazilərində yayılmışdır.Иоаннисян О. М. Храмы-ротонды в Древней Руси // Иерусалим в русской культуре. — М.: Наука, 1994. — С. 102

XVI əsr Roma klassisizmi memarlığında rotondanın klassik nümunəsi Donato Bramantenin layihəsi üzrə Romada Yanıkul təpəsində inşa edilmiş Tempiettodur (1502). Leonardo da Vinçi və Bramantenin işlədiyi rotondalı tikililərin təsvirlərini Pyetro Perucino və Rafael Santinin əsərlərində görmək mümkündür. Bu tipin kompozisiya baxımından daha da mürəkkəbləşmiş davamı isə Viçensa yaxınlığında Andrea Palladionun Villa Rotondasıdır.Шаталина Л. В. Ротондальные формы в архитектуре европейского неоклассицизма: Автореф. дис.канд. иск-я. М., 1993Клименко Ю. Г. От античных мавзолеев к ротондальным постройкам эпохи классицизма. Генезис архитектурной формы и конструкции // Актуальные проблемы теории и истории искусства: сб. науч. ст. Вып 5. — СПб.: НП-Принт, 2015. — С. 530—539

Rotonda və yarımrotonda formasında imperator iqamətgahlarında və zadəgan mülklərində park pavilyonları, besedkalar və belvederlər inşa edilirdi. Çarlz Kameron Pavlovskda Dostluq məbədini rotonda formasında tikmişdir; hesab edilir ki, bu bina İngiltərədəki Stou parkında yerləşən Rotonda-məbəd nümunəsi əsasında yaradılmışdır.

Qalereya

İstinadlar

Ədəbiyyat siyahısı

Vera, Gervers-Molnár (1972): A középkori Magyarország rotundái. (Rotunda in the Medieval Hungary). Akadémiai, Budapest József, Csemegi (1949): A tarnaszentmáriai templom hajójának stíluskritikai vizsgálata. (Studies on the Nave of the Church at Tarnaszentmária.) in: Antiquitas Hungarica III (1949), 92–107. Osterlar Church in Danmark

Xarici keçidlər

Kateqoriya:Xristian memarlığı Kateqoriya:Bina növləri Kateqoriya:Memarlıq elementləri Kateqoriya:Otaqlar Kateqoriya:Qübbələr Kateqoriya:Dairəvi binalar Kateqoriya:Rotondalar