Zəhra Say və ya Fatma Zəhra Say (; ) — Türkiyə rəssamı. O, həmçinin əvvəllər müəyyən edilmiş dini qanun əvəzinə, 1926-cı ildə qəbul edilmiş dünyəvi ailə kodeksi ilə evlənən ilk türk qadını idi. Qadın bərabərliyi ilə bağlı fikirlərinə görə Atatürk dövrünün simvollarından birinə çevrildi. Bir rəssam kimi təbiət, çiçəklər və meyvə təsvirləri ilə tanınır. O, Emel Sayın anası və pianoçu Fazıl Sayın nənəsidir.

Həyatı Zəhra Say 1906-cı ildə Ankarada Fatma Zəhra Bilgin adı ilə anadan olub. 1925-ci ildə İzmir Müəllim Hazırlama Məktəbini bitirib. Məzun olduqdan sonra 18 fevral 1926-cı ildə riyaziyyat müəllimi Fuat Say ilə evlənib. Bu ilk rəsmi evliliklə Zəhra Xanım Cümhuriyyətin ilk rəsmi evli türk qadını olub. Onların iki övladı olub: Emel və Arkan Say.

Evləndikdən sonra təhsilini İstanbul İncəsənət Akademiyasında davam etdirib. Təhsil aldığı emalatxana akademiyadakı Namık İsmayılın Rəsm şöbəsi olub və 1929-cu ildə oradan məzun olub. Bundan sonra o, rəsm müəllimi olub və İstanbuldakı Cağaloğlu Qızlar Liseyində dərs deməyə başlayıb, eyni zamanda İncəsənət Akademiyasının Dekorativ Sənətlər şöbəsində təhsilini davam etdirib. 36 il müəllimlik edib. 1960–1970-ci illər arasında rəssamlıq karyerasına ABŞ-da işləməklə davam edib.

İlk sərgisini 1982-ci ildə İstanbuldakı A Qalereyasında keçirib. Daha sonra onun 10 fərdi və bir çox qrup sərgiləri də daxil olmaqla sərgiləri olub.

Altsheymer xəstəliyinə görə son rəsmini, "Maui adası"nı bitirə bilməyib. Qızı Emel Saydan onu bitirməsini istəyib. Emel rəssam deyildi, amma rəsmi bitirib sərgilədi. Bu sərgidə Gürdal Duyar rəsmi kəşf etdi və Emeli özünün rəssam olduğuna inandırdı və beləliklə, Zəhra Sayın qızı Emel rəssamlar dünyasına qədəm qoydu.

Zəhra Say 1990-cı ildə vəfat edib.

Ailəsi 18 fevral 1926-cı ildə 20 yaşında eyni zamanda müəllimlik edən riyaziyyat müəllimi Fuat Say ilə nikaha daxil oldu. Türkiyə Mülki Məcəlləsi bir gün əvvəl, 17 fevral 1926-cı ildə təsdiq edilmişdi. Mustafa Kamal Atatürk 1928-ci ildə yeni əlifbanı tətbiq etdiyindən, nikah şəhadətnaməsi Köhnə Türkcəsində yazılmışdı. Şahidlər arasında Bolu millət vəkili Tunalı Hilmi bəy və Ərzurum millət vəkili Mahmut bəy də var idi. Bu nikah Türkiyə Respublikasının tarixinə ilk rəsmi qeydiyyata alınmış nikah kimi daxil oldu. Bu nikahın rəsmi elanını şəxsən Ədliyyə Naziri Mahmud Əsəd Bozqurd vermişdi.

Evliliyi simvolizə edən "Qoşa Göyərçinlər" heykəli 2002-ci ildə İzmir Böyükşəhər Bələdiyyəsi tərəfindən İzmir Beynəlxalq Ədalətli Nikah Qeydiyyatı İdarəsinin girişində Türkiyədə ilk rəsmi qeydiyyata alınmış qadın Zəhra Say və onun əri Fuat Sayın xatirəsinə ucaldılmışdır. Ağ mərmər postament üzərində bürünc tökmə üsulu ilə hazırlanmış heykəl bir-birinə bağlı nikah üzüklərindən ibarətdir. Heykəl İzmirdə anadan olmuş heykəltəraş Bihrat Mavitan tərəfindən layihələndirilib.

Fəaliyyəti Zəhra Say İstanbulun təbii mənzərəsinin təsvirləri ilə tanınır. O, mənzərələr və natürmortlar çəkib. Onun rəsmləri təbiətin realistik təfsirləri kimi təsvir olunur.

Zəhra Say ovaxtkı Milli Təhsil, Gənclər və İdman naziri Avni Akyoldan "Türkiyə incəsənətinə 50 illik xidmətinə" görə fəxri fərman alıb.

Tarık Akanın 2016-cı ildə çəkdiyi "Atatürkün Alov Çiçəkləri" sənədli filmi Cümhuriyyətin qurulmasında qadınlarla bağlı islahatların hekayəsini izah edir. Sənədli film Cümhuriyyətin ilk illərində Zəhra Say, Səbihə Gökçən, Muazzez İlmiyə Çığ, Nüzhət Göydoğan, Jalə İnan, Halet Çambel və Afət İnanın həyat hekayələrini təsvir edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyənin qadın rəssamları Kateqoriya:Qadın ilkləri