Halo — Kayl Killen və Stiven Keyn tərəfindən Paramount+ üçün hazırlanmış Amerika hərbi elmi-fantastik televiziya serialıdır. Bungie tərəfindən yaradılmış və 343 Industries tərəfindən inkişaf etdirilmiş eyniadlı video oyun franşizasına əsaslanan serial, 26-cı əsrdə Birləşmiş Millətlər Kosmik Komandanlığı ilə bəşəriyyəti məhv etməyə çalışan bir neçə yadplanetli irqin teokratik-hərbi ittifaqı olan Kovant arasındakı müharibədən bəhs edir. Serialda Pablo Şrayber və Cen Teylor müvafiq olaraq Master Çif Con-117 və Kortana rollarında çıxış edirlər; Cen Teylor video oyun seriyasındakı səsini bu layihədə də canlandırır.
Halo televiziya serialının inkişafı 2013-cü ilin ortalarında başlayıb. Killen və Keyn doqquz seriyadan ibarət olan birinci mövsümün şourannerləri kimi fəaliyyət göstəriblər. Çəkilişlər 2019-cu ilin oktyabrında Kanadanın Ontario şəhərində başlasa da, ilk beş seriyanın post-prodakşn işləri COVID-19 pandemiyası səbəbindən təsirə məruz qalıb. Çəkilişlər nəhayət 2021-ci ilin fevralında Macarıstanın Budapeşt şəhərində davam etdirilib. 2022-ci ilin fevralında, premyeradan əvvəl, serial ikinci mövsüm üçün yenilənib və Devid Vienerin rəhbərliyi ilə icraçı prodüserliyinə başlanılıb. İkinci mövsümün çəkilişləri 2022-ci ilin sentyabrında başlayıb və 2023-cü ilin mayında başa çatıb.
Halo serialının birinci mövsümünün premyerası 24 mart 2022-ci ildə baş tutub və 19 may tarixinə qədər davam edib. Serial tənqidçilər tərəfindən əsasən müsbət rəylərlə qarşılanıb; xüsusilə döyüş səhnələri, aktyor heyəti və vizual effektlər təriflənib, lakin ssenarinin bəzi hissələrinin qeyri-original olması və mənbə materialından (oyundan) kənarlaşmalar tənqid edilib. İkinci mövsümün premyerası 8 fevral 2024-cü ildə baş tutub və 21 mart tarixinə qədər səkkiz seriya ərzində davam edib. Bu mövsüm tənqidçilər tərəfindən müsbət qiymətləndirilib və əvvəlki mövsümlə müqayisədə bir irəliləyiş olduğu bildirilib. 2024-cü ilin iyul ayında serial iki mövsümdən sonra ləğv edilib.
Məzmun Halo 26-cı əsrdə baş verir və bəşəriyyətlə Kovant kimi tanınan qüdrətli yadplanetli ittifaqı arasındakı münaqişədən bəhs edir. Hekayənin mərkəzində "Spartan-II" proqramının super-əsgəri olan Master Çif Con-117 və video oyun seriyasından olan bir neçə digər əsas personaj dayanır.
İcraçı prodüser Kiki Volfkill serialın davam, adaptasiya, prikvel və ya sikvel deyil, franşizanın əsas kanonundan və folklorundan ilhamlanan, lakin ondan ayrı olan "Gümüş zaman xətti" (Silver Timeline) daxilində cərəyan edən müstəqil bir hekayə olduğunu açıqlayıb. O, bunu hər iki Halo kanonuna öz media formatlarına uyğun olaraq fərdi şəkildə inkişaf etmək şansı vermək istəmələri ilə izah edib.
Rollarda Əsas
Təkrarlanan
Qonaq heyət
İstehsal
İnkişaf Televiziya serialı, əvvəlcə 2015-ci ildə buraxılması planlaşdırılan, lakin daha sonra Rupert Uayttın rejissor və icraçı prodüserliyi ilə 2019-cu ilə dəyişdirilən, ardınca isə 2020-ci ilə təxirə salınan uzun bir inkişaf mərhələsindən ("development hell") keçib; nəhayət, hər iki vəzifədə Uayttı əvəz edən Otto Batherstin rəhbərliyi ilə 2022-ci ildə yayımlanıb.
2013-cü ilin may ayında Stiven Spilberqin, Halo video oyun franşizasına əsaslanan və Xbox Entertainment Studios tərəfindən paylanılan televiziya serialında icraçı prodüser kimi iştirak edəcəyi, həmçinin Spilberqin Amblin Television şirkətinin də layihəyə cəlb olunacağı bildirilib. 2015-ci ilin avqust ayına olan məlumata görə, serial hələ də aktiv inkişaf mərhələsində idi.
2018-ci ilin 28 iyununda Showtime tərəfindən seriala 10 seriyalıq sifariş verildi. Kayl Killenin şouranner, ssenarist və icraçı prodüser, Rupert Uayttın isə rejissor və icraçı prodüser olacağı müəyyənləşdi. Avqustun 12-də Master Çifin serialın əsas qəhrəmanı olacağı və layihənin video oyunların kanonuna hörmətlə yanaşaraq yeni bir hekayə danışacağı elan edildi. Dekabrın 3-də Uaytt iş qrafikindəki ziddiyyətlər səbəbindən rejissor və icraçı prodüser vəzifələrindən istefa verdi. 2019-cu ilin fevralında onu Otto Batherst əvəz etdi və Batherstin pilot seriya ilə yanaşı digər bir neçə seriyanı da idarə edəcəyi bildirildi. Həmçinin seriya sayının 10-dan 9-a endirildiyi məlum oldu. 2019-cu ilin mart ayında Stiven Keyn Killen ilə birlikdə ortaq şouranner təyin edildi.
2021-ci ilin 24 fevralında serial Showtime kanalından Paramount+ platformasına keçirildi. Showtime prezidenti Qari Levin bildirdi ki, bu layihə şirkətin brendi üçün bir kənarlaşma idi və "böyük, genişmiqyaslı bir layihə" (tentpole show) kimi Paramount xidmətinə daha çox uyğun gəlirdi. 2021-ci ilin 25 iyununda həm Keynin, həm de Killenin birinci mövsüm tamamlandıqdan sonra şouranner vəzifəsindən ayrılacaqları bildirildi. Killen, şouranner vəzifəsinin öhdəliklərini yerinə yetirə bilməyəcəyini hiss etdiyi üçün istehsal başlamazdan əvvəl layihəni tərk etmişdi; Keyn isə post-prodakşn işləri tamamlanana qədər rəhbərliyi öz üzərinə götürmüşdü. Lakin serial ikinci mövsüm üçün təsdiqlənərsə, Keynin geri qayıtmayacağı qeyd edildi.
2022-ci ilin yanvarında icraçı prodüser Castin Falvi serialın bir neçə mövsüm davam etmə potensialına malik olduğunu və Devid Vienerin mümkün ikinci mövsüm üçün şouranner kimi nəzərdən keçirildiyini, Keynin isə məsləhətçi kimi layihədə qalacağını açıqladı. 2022-ci ilin 15 fevralında, premyeradan əvvəl, Paramount+ serialı ikinci mövsüm üçün yenilədi və Viener şouranner və icraçı prodüser təyin edildi.
2024-cü ilin iyul ayında serial iki mövsümdən sonra yayımı dayandırıldı. Bununla belə, serialın prodüserləri və 343 Industries ilə Amblin Television istehsal şirkətləri üçüncü mövsüm üçün aktiv şəkildə yeni platforma axtarışına başladılar.
Aktyor seçimi 2019-cu ilin aprel ayından avqust ayına qədər serialın aktyor heyəti elan edildi və Pablo Şrayber Master Çif roluna seçildi. Ona Yerim Ha, Nataşa Makelhon, Bukim Vudbayn, Şabana Azmi, Bentli Kalu, Nataşa Kulzak və Keyt Kennedi qoşuldu. 2020-cı ilin noyabrında Kortana rolunda Cen Teylor Makelhonyu əvəz etdi. 2022-ci ilin sentyabrında Cozef Morqan və Kristina Rodlo aktyor heyətinə daxil oldular, Fiona O'Şonessi və Taylan Beyli isə ikinci mövsüm üçün əsas heyətə yüksəldildilər.
Çəkilişlər Əsas çəkilişlər 2019-cu ilin oktyabrında başlamışdır. 2019-cu ildə serialın istehsal xərclərinə 40 milyon dollardan çox vəsait sərf edilib. Çəkilmiş beş seriya COVID-19 pandemiyası səbəbindən yaranan fasilə zamanı yenidən redaktə edilmiş, altıncı seriyanın istehsalı və əlavə çəkilişlər isə Kanadanın Ontario əyalətində planlaşdırılmışdır. Çəkilişlər nəhayət 2021-ci ilin fevralında Macarıstanın Budapeşt şəhərində tam şəkildə bərpa olunmuşdur. Serialın post-prodakşn daxil olmaqla ümumi istehsalının birinci mövsüm üçün 90–200 milyon dollar arasında başa gəldiyi təxmin edilir. İkinci mövsümün çəkilişləri 15 sentyabr 2022-ci ildə İslandiyada başlamış və 1 may 2023-cü ildə başa çatmışdır.
Musiqi 2022-ci ilin fevralında Şon Kallerinin serialın birinci mövsümünün bəstəkarı olacağı açıqlandı. 2024-cü ilin fevralında Bear Makririnin "Sparks & Shadows" istehsal studiyasının ikinci mövsüm üçün musiqi bəstələyəcəyi məlum oldu. Makriri serial üçün Halo video oyun seriyasında Martin O'Donnel və Maykl Salvatori tərəfindən yazılmış mövzulardan istifadə edərək yeni bir əsas başlıq mövzusu yazdı. Birinci mövsümün saundtrek albomu həmin mövsümün buraxılışından iki ildən çox vaxt keçdikdən sonra, 2024-cü ilin noyabrında rəqəmsal olaraq yayımlandı.
Buraxılış
Marketinq Serialın ilk treyleri 2022-ci il AFC Çempionatı Oyunu zamanı onlayn şəkildə nümayiş etdirildi və eyni zamanda mart ayındakı buraxılış tarixi açıqlandı. 10 may 2022-ci ildə Halo infinite oyunu üçün serial mövzusunda əlavə məzmunlar, oyunun çoxoyunçulu komponenti üçün oyun daxili kosmetik vasitələr şəklində təqdim edildi.
Yayım Serialın ilk iki seriyası rəsmi buraxılışdan əvvəl, 14 mart 2022-ci ildə "South by Southwest" (SXSW) Film Festivalında nümayiş etdirilib. Daha sonra serial 24 mart 2022-ci ildə Paramount+ platformasında debüt edib. Birinci seriya, Paramount+ platformasında ilk 24 saat ərzində qlobal miqyasda ən çox izlənilən seriya premyerası kimi rekord qırıb, lakin dəqiq izlənmə rəqəmləri açıqlanmayıb. 2022-ci ilin iyun ayına olan məlumata görə, birinci mövsüm bütövlükdə Paramount+ üçün ikinci ən çox izlənilən orijinal serial olmuşdur. Birləmiş Krallıqda Paramount+ xidmətinin həmin ölkədə fəaliyyətə başlamasını təşviq etmək məqsədilə serialın birinci seriyası 22 iyun 2022-ci ildə "Channel 5" telekanalında yayımlanıb.
İkinci mövsümün premyerası 8 fevral 2024-cü ildə ilk iki seriya ilə baş tutub. Növbəti seriyalar martın 21-nə qədər həftəlik olaraq yayımlanmışdır.
Ev üçün buraxılış Halo serialının birinci mövsümü 7 noyabr 2022-ci ildə rəqəmsal olaraq, 15 noyabr 2022-ci ildə isə 4K UHD Blu-ray, standart Blu-ray və DVD formatlarında buraxılmışdır. Halo serialının ikinci mövsümü isə 23 iyul 2024-cü ildə 4K UHD Blu-ray, standart Blu-ray və DVD formatlarında satışa çıxarılmışdır.
Qəbulu Rotten Tomatoes rəy aqreqatoru saytı birinci mövsüm üçün 71 rəy əsasında orta dərəcəni 6.7/10, müsbət rəy faizini isə 70% olaraq qiymətləndirib. Saytın tənqidçilərinin ortaq rəyində deyilir: "Halo tam formalaşmış elit bir layihə kimi ortaya çıxmaq üçün daha yaxşı elmi-fantastik seriallardan çox bəhrələnib, lakin perspektivli parıltılar və orijinal materiala sadiqlik onun hələ döyüşdən kənarda qalmadığından xəbər verir."
Metacritic-də serialın birinci mövsümü 20 tənqidçinin rəyi əsasında 100-dən 61 bal alıb ki, bu da "ümumən müsbət rəylər" mənasını verir.
İkinci mövsüm Rotten Tomatoes-da 21 rəy əsasında 90% müsbət rəy alıb və orta reytinqi 6.8/10 təşkil edib. Saytın tənqidçilərinin ortaq rəyində qeyd olunur: "Daha möhkəm addımlarla geri dönən Halo-nun sadələşdirilmiş ikinci mövsümü, franşizanın potensialını reallaşdırmağa daha yaxın olan elmi-fantastikanın daha cəsarətli və kəskin bir nümunəsidir."
Metacritic-də ikinci mövsüm 8 tənqidçinin rəyi əsasında 100-dən 64 bal toplayaraq "ümumən müsbət rəylər"ə layiq görülüb.
IGN-dən Cessi Şidin birinci mövsümü 7/10 balla qiymətləndirib: "[Bu], sevilən orijinal materialın heç də mükəmməl adaptasiyası deyil." O, daha sonra fikrinə aydınlıq gətirərək bildirib: "Bu, bəzi riskləri gözə almağa hazır olan bir adaptasiyadır və həmin risklər, adətən, özünü doğruldur."
The Washington Post qəzetindən Cin Park Kvan Ha personajının ssenarisini tənqid etdi və birinci mövsümün sondan əvvəlki seriyasında Master Çif ilə Maki arasındakı intim səhnəni "tələsik" kimi xarakterizə etdi. O bildirdi ki, serial "həyəcanlı, gərgin və yaxşı ifa edilmiş, yaxşı idarə olunmuş dramatik kiçik səhnələrdə böyük uğur qazanır, lakin bütün bu detalları bir araya gətirməyə çalışarkən həmin ən yaxşı anların haqqını nadir hallarda verir." The Los Angeles Times-dan Todd Martens ssenarini personaj mərkəzli hekayədən süjet mərkəzli hekayəyə keçdiyinə görə tənqid etdi. Martens həmçinin hesab edirdi ki, serial oyunlardakı bəzi "sadəlövhlükləri" qurban verib. Halo: Combat evolved (2001) oyununun həmmüəlliflərindən biri olan Markus Leto, şounun "mənim yaratdığım Halo olmadığını" bildirdi, lakin daha sonra "onu bəyənmədiyini heç vaxt demədiyini" qeyd etdi.
İkinci mövsüm tənqidçilər tərəfindən daha müsbət qarşılanmış, bəziləri isə onun birinci mövsümlə müqayisədə böyük bir irəliləyiş olduğunu qeyd etmişdir. IGN-dən Heyden Mirs ikinci mövsümün ilk dörd seriyasına 7/10 bal verərək bildirmişdir ki, bu mövsüm "birincidən qat-qat daha ardıcıl və ilhamvericidir".
Master Çif personajı, oyunlardakı orijinal kanon tərəfdaşı ilə müqayisədə xarakterinə zidd (out of character) hərəkət etdiyinə görə tənqid olunub. "Silver Timeline" kanonu üçün yaradılmış orijinal personaj Kvan Ha isə, hekayəsinin serialın əsas süjet xəttindən və Halo kainatından çox "dağınıq" və "ayrı" qaldığına görə mənfi rəylər alıb.
İntim səhnə qalmaqalı