Hacı Cahanbaxış məscidi — Astara rayonunun Pensər kəndində tikilmiş məscid. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında Hacı Cahanbaxış məscidi Astara rayonunun, Pensər kəndində yerləşir. Məscid 1886-cı ildə kənd sakini Hacı Cahanbaxış tərəfindən tikdirilib.

Məscidin binası düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. Döşəməsi kərpicdən, tavanı isə taxtadandır. Tavan dörd sütun üzərində dayanır. Damı kirəmitlə örtülüb. İbadətgahın taxtadan tağvari formada pəncərələri və üç giriş qapısı var. Qapıların üst hissəsi və pəncərələr şəbəkə ilə işlənib. Eyni anda 200 nəfərin ibadət edə bildiyi məscid kişilər və qadınlar hissəsindən ibarətdir. Qadınlar şöbəsi ikimərtəbəlidir və oranın girişi ayrıdır. İbadətgahın mehrabı və dördpilləli minbəri var. Məscidin günbəzi dördguşəlidir və güldəstə formasındadır.

Sovet işğalından sonra 1928-ci ildə Azərbaycanda rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Hacı Cahanbaxış məscidi də bu dövrdə fəaliyyətini dayandırıb. Məscidin binasından anbar və kitabxana kimi istifadə olunub.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1994-cü ildə məscid dindarların istifadəsinə verilib. 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Məsciddə Astara rayonu Pensər kəndi "Cümə" məscidi dini icması fəaliyyət göstərir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası , “Beynəlxalq əl-Huda” nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az ; archive.org

Kateqoriya:Astara rayonunun məscidləri Kateqoriya:Azərbaycandakı şiə məscidləri