Şahağac kənd məscidi — 1901-ci ildə Astara rayonunun Şahağac kəndində tikilmiş məscid. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
Tarixi Şahağac kənd məscidi 1901-ci ildə Mirəhməd xan Talışxanov tərəfindən Şahağac kəndində tikdirilib.
Sovet işğalından sonra 1928-ci ildə Azərbaycanda rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Şahağac kənd məscidi də bu dövrdə fəaliyyətini dayandırıb və 1987-ci ilə qədər məscidin binasından anbar kimi istifadə olunub.
1987-ci ildə məscid dindarların istifadəsinə verilib. 1988-ci ildə məsciddə təmir bərpa işləri aparılıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Məsciddə Şahağacı kənd məscidi dini icması fəaliyyət göstərir.
Memarlığı Məscidin binası düzbucaqlı formadadır. Kişilər və qadınlar üçün iki hissəyə ayrılmış məsciddə eyni anda 200 nəfər ibadət edə bilər. Qadınlar şöbəsi ikinci mərtəbədə yerləşir və əsas zaldan taxta arakəsmə ilə ayrılıb. İbadətgahın minbəri taxtadan hazırlanıb və üçpilləlidir. Məscidin döşəməsi kərpicdən, tavanı isə taxtadandır. Tavan dörd taxta sütun üzərində dayanır. İbadətgahın iki giriş qapısı və dörd geniş pəncərəsi var. Məscidin kərpicdən olan 12 metr hündürlüyündə bir minarəsi var, günbəzi isə yoxdur. Minarənin üst hissəsi səkkizguşəlidir və ətrafında yeddi pəncərə yerləşir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Astara rayonunun məscidləri